Son günlər ölkə mediasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən bəzi tiktokerlərə qarşı cəza tədbirlərin görülməsi ilə bağlı məlumatlar yer almaqdadır. Daxili İşlər Nazirliyinin (DİN) verdiyi məlumata görə, tiktokerlərin saxlanılmasına səbəb onların sosial şəbəkədə qeyri-etik paylaşımlar etməsi, cəmiyyətə və mənəvi dəyərlərə qarşı hörmətsizlik sərgiləməsidir.
Polis əməkdaşları tərəfindən tiktokerlərin saxlanılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı məlumat ilk baxışdan “xırda” və “sıradan” olay təsiri bağışlasa da, əslində baş verənlərin önəmi göründüyündən daha böyük, daha dərindir.
Mənəvi dəyərlərin keşiyində: Şah İsmayıl Xətai və Heydər Əliyev əmanətinə sədaqət!
Rəsmi məlumatdan da göründüyü kimi, tiktokerlərin saxlanılmasına səbəb onların milli əxlaqa, milli-mənəvi dəyələrə zidd paylaşımları olub. Söhbət min illər ərzində formalaşan, bizi-biz edən, xalqımıza özünəməxsusluq qazandıran, onun mənəvi simasına çevrilən dəyərlərdən gedir. O dəyərlərdən ki, onların qorunması zərurəti Şah İsmayıl Xətaidən tutmuş Ümummilli lider Heydər Əliyevə qədər bütün böyük azərbaycanlıların vəsiyyəti, and və əmanət yeri olub. Təkcə bir faktı qeyd edək ki, Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərləri Azərbaycan xalqının fəxri yeri, iftixar mənbəyi hesab etmiş və demişdir:
“Hər xalqın öz adət- ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik”.
Heydər Əliyev də bütün böyük ziyalılar kimi mənəvi dəyərləri xalqımızın ali və toxunulmaz sərvəti hesab edirdi. Bu baxımdan polis əməkdaşlarının xalqımızın mənəvi dəyərləri ilə aşkar ziddiyyətə malik paylaşımlar edən şəxsləri məsuliyyətə cəlb etməsi xalqımızın mənəvi sərvətinin qorunması yolunda atılan mühüm addım kimi dəyərləndirilməlidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan polisi əcdadlarımızın, sərkərdələrimizin, tarixi şəxsiyyətlərimizin, böyük ziyalılarımızın əmanətinin keşiyində ayıq-sayıq dayanır və bu əmanəti sədaqətlə qoruyur.
Xalqın yalnız fiziki deyil, həm də mənəvi təhlükəsizliyinin keşiyində dayanan Azərbaycan polisi!
Qeyri-etik paylaşımları ilə gündəmə gələn tiktokerlərin saxlanılması Azərbaycavn polisinin xalqımızın sadəcə fiziki deyil, həm də mənəvi təhlükəsizliyinin keşiyində dayandığını sübut edir. Məlum fakt onu deməyə əsas verir ki, Azərbaycan polisi xalqımızı, təhlükəsizliyimizi, dincliyimizi və mənəviyyatımızı hədəf alan qüvvələrə qarşı fərqli cəbhələrdə mübarizə aparır, bu mübarizədə böyük fədakarlıq sərgiləyir. Hansı ki, xalqın mənəviyyatı, əxlaqı ilə təzad təşkil edən fəaliyyətlərə qarşı mübarizə bütün digər neqativ fəaliyyətlərlə mübarizədən qat-qat önəmlidir. Çünki fiziki zorakılıq və ya cinayət yalnız bir və ya bir neçə nəfər üçün təhlükə kəsb edirsə, milli-mənəvi dəyərləri hədəf alan fəaliyyət bütün xalq üçün təhlükəlidir. Polis öz mübarizəsi ilə birinci halda bəlli sayda şəxsin, ikinci halda isə bütöv bir xalqın təhlükəsizliyini təmin edir.
Bu mənada polisin cəmiyyətin mənəvi sağlamlığının, daxili paklığının, əxlaqi simasının qorunması istiqamətində atdığı addımlar təqdir edilməli, alqışlanmalıdır.
Unutmayaq ki, milli-mənəvi dəyərlər tariximizlə gələcəyimiz arasındakı ən etibarlı körpüdür. Sağlam və işıqlı gələcəyi təmin etməyin yeganə yolu, bu körpünü qorumaq, onun təhlükəsizliyini təmin etməkdir!
Seymur ƏLİYEV