“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu  mühüm tarixi-siyasi əhəmiyyətə malikdir”
Cəmiyyət
2090
09 Dec 2023 | 22:38

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu  mühüm tarixi-siyasi əhəmiyyətə malikdir”

“Dekabrın 6-da Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Forum olduqca mühüm əhəmiyyət kəsb edirdi. Forum həmişəki kimi cənab Prezidentin daxili və xarici auditoriyaya mühüm mesajları ilə yadda qaldı. Ölkə Başçısı post-müharibə dövrünün reallıqlarının regional müstəvidə cərəyan edən proseslərə təsiri barədə dolğun məlumat verdi. Eyni zamanda, Prezident İlham Əliyev hazırkı geosiyasi vəziyyətlə bağlı sualları dəqiq və səmimi cavablandırdı. Xüsusilə ölkə Başçısı Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımlar və prosesin ümumi dinamikası haqqında ətraflı olaraq fikirlərini bölüşdü. Onu da qeyd edək ki, forumda cənab Prezidentin söylədiyi fikirlər dünya mediasında da geniş əks-səda doğurdu. Əlbəttə, bu, Azərbaycan Liderinin söylədiyi hər fikrin beynəlxalq müstəvidə nə qədər əhəmiyyətli olduğunun və beynəlxalq siyasi münasibətlərə təsirinin nə dərəcədə güclü olduğunun bariz örnəyidir”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat bildirib ki, məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin, forumda cənab Prezident İlham Əliyev Azərbaycan-Ermənistan arasında sülh danışıqları prosesi, vasitəçilik alternativləri, kənar müdaxilələrin prosesə mənfi təsirləri ilə bağlı  fikirlərini də beynəlxalq ictimaiyyətlə bölüşüb.

 

Dünyaşöhrətli yazıçı V.Hüqoya görə “sülh sivilizasiyanın fəziləti, müharibə isə onun cinayətidir”. Cənubi Qafqazın son 30 il tarixinə diqqət yetirmək kifayətdir ki, Qafqazda kimin fəzilətli, kimin isə cinayətkar dövlət olması aydın olsun. Azərbaycan daima bütün mübahisə və münaqişələrin dinc yolla həll edilməsinin tərəfdarı olub. 44 günlük Vətən müharibəsində misilsiz qələbə qazanmaqla yanaşı, sülh təklif edən tərəf məhz Azərbaycan olub. Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Azərbaycan hər zaman konstruktiv mövqelərdən çıxış edib. Azərbaycan tərəfi bildirib ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub.

 

Cənubi Qafqazda baş verən proseslərə kənar müdaxilələrin mənfi təsirlərini Azərbaycan kifayət qədər müşahidə edib deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan və Ermənsitan arasında sülh danışıqları prosesində Fransa özünü sülh prosesindən uzaqlaşdırdı. Praqa görüşündən cəmi bir həftə sonra Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına və bizim gördüyümüz işlər barəsində müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi.

 

 Forumda cənab Prezident vasitəçilik alternativlərinə diqqət çəkərək qeyd edib ki, “Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, “Moskva istiqaməti” adlandırdığımız xarici işlər nazirləri arasında müzakirələr mövcuddur. ABŞ Konqresində məşhur dinləmələr baş tutana qədər “Vaşinqton istiqaməti” adlanan proses var idi ki, xarici işlər nazirləri Vaşinqtonda görüşürdülər. Ancaq, Vaşinqton istiqaməti artıq aktual deyil”. Ölkə Başçısı Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli format ola biləcəyini xüsusi diqqətə çatdırıb. Vasitəçilik hər iki tərəfin izah edə bilmədiyi bəzi ideyaların vasitəçi tərəfindən işlənib hazırlanması baxımından faydalı ola bilər. Beləliklə, vasitəçilik prosesi başa çatsa, bu, ikitərəfli formatda olacaq. Şübhəsiz ki, iki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır. Əgər rəsmi İrəvan saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır. Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Beləliklə ya hər iki milli azlıq sülh müqaviləsində qeyd edilir, yaxud da həmin məsələ ümumiyyətlə qeyd olunmur.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunması Forumda ölkə Başçımızın verdiyi mesajların fonunda olduqca mühüm hadisədir.  Bu hadisəni dayanıqlı sülhün əldə olunması istiqamətində atılmış ciddi addım kimi qiymətləndirmək olar. Cənab Prezidentin davamlı mesajlarından sonra Ermənsitanın kənar müdaxilələrdən qismən də olsa qurtularaq, müstəqil mövqe nümayiş etdirməsini regionun gələcək inkişafı üçün atılmış müsbət addım kimi qiymətləndirmək olar. Uzun müddətdən sonra Ermənistanın Azərbaycan tərəfindən dayanıqlı sülhün əldə olunması istiqamətində atılan addımlara adekvat cavab verməsi qarşılıqlı etimad mühitinin yarana biləcəyinə olan inamı qüvvətləndirir. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

Link kopyalandı!
Son xəbərlər