Dövlətçilik tariximizə dahiyanə baxış: Keçmiş Heydər Əliyevin gözü ilə...
3673
23 Nov 2023 | 11:19

Dövlətçilik tariximizə dahiyanə baxış: Keçmiş Heydər Əliyevin gözü ilə...

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən böyük tədqiqatçısı qismində çıxış etmiş, milli dövlətçiliyimiz, onun keçdiyi yol, tarixin çətin məqamlarında verdiyi sınaqlar haqqında maraqlı və ibrətamiz fikirlər səsləndirmişdir.

 

Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin bir hissəsi kimi Azərbaycan Demokratik Respublikasını da o dövrün şərtləri daxilində obyektiv təhlil edir, müxtəlif hadisə və proseslər arasında müqayisələr aparır, ciddi faktlara söykənən təhlillər ortaya qoyurdu. Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası ilə bağlı diqqət yetirdiyi məqamlardan biri də onun süqutu və bu süqutu şərtləndirən amillər idi.

 

Ümummilli lider hesab edirdi ki, Azərbaycan Demokratik Respublikası müstəqillik əldə etsə də, bu müstəqilliyi möhkəmləndirə, onun təməllərini gücləndirə bilməmişdir. Məhz bu səbəbdən də Azərbaycan Demokratik Respublikasının ömrünü 23 aydan artıq uzatmaq mümkün olmamış, Şərqin ilk demokratik dövləti qısa mövcudluqdan sonra müstəqillikdən məhrum edilmişdir. Elə bu səbəbdən də Ulu öndər 1991-ci ildə yenidən öz azadlığına qovuşan Azərbaycanın müstəqilliyini möhkəmləndirməyi vacib sayır, bu istiqamətdə mühüm addımlar atırdı. Məhz bu addımalrın nəticəsi idi ki, Heydər Əliyev artıq 1995-ci ildə Azərbaycanın müstəqillik təməllərini kifayət qədər möhkəm hesab edir, bunu xarici diplomatlarla görüşlərində iftixar hissi ilə dilə gətirirdi.

 

24 avqust 1995-ci ildə Ulu öndərin Böyük Britanyanın Bakıdakı səfirliyinin yeni binasının açılışındakı nitqində bu reallığa toxunur, Tomas Yanqa xitabən Azərbaycan Demokratik Respublikası ilə müstəqil Azərbaycan arasında paralellik apararaq deyirdi:

 

“Cənab Tomas Yanq qeyd etdi ki, 1919-20-ci illərdə Böyük Britaniyanın Azərbaycanda səfirliyi olub, ancaq onun ömrü az olubdur. Bildirdi ki, bu da ona görə belə olub ki, onun bünövrəsi o qədər də möhkəm olmayıbdır. Bu, həqiqətdir, təkcə səfirliyin bünövrəsi yox, bizim o vaxt yaranmış ilk demokratik respublikamızın, müstəqil hökumətimizin bünövrəsi möhkəm olmayıb və buna görə də onun fəaliyyəti uzun sürə bilməyibdir.

 

Ancaq indi Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaxşı bünövrəsi var. Onun bünövrəsi də Azərbaycan dövlətinin və dövləti idarə edənlərin dövlət müstəqilliyinə, milli azadlığa olan sədaqətidir. Ona görə mən tam əminəm ki, indi müstəqil Azərbaycan Respublikasının çox möhkəm bünövrəsi var və gələcəyi də əbədi olacaqdır. Bununla əlaqədar olaraq Böyük Britaniya Krallığının Azərbaycandakı səfirliyinin bu binada, gələcəkdə bəlkə bundan da geniş binada həm bünövrəsi yaxşı olacaqdır, həm də fəaliyyəti səmərəli olacaqdır”. (//anl.az/el/alf7/he_me4.pdf Səh-202).

 

Yuxarıdakı sitatdan da göründüyü kimi, Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi hesab edir, bunu cəsarətlə dilə gətirirdi. Baxmayaraq ki, 1995-ci ildə də Azərbaycan Respublikası çoxsaylı xarici təzyiqlərə məruz qalır, eyni zamanda daxildəki bir srıa təxribatçı qüvvələrin dağıdıcı əməlləri ilə mübarizə aparırdı. Bununla belə, Heydər Əliyev Azərbaycanın müstəqilliyini nəinki qoruyub saxlayır, bu müstəqilliyi inkişaf etdirir, möhkəmləndirir, dünyada təbliğ edirdi.

 

Öz azadlığına yenicə qovuşan gənc Azərbaycanın üzləşdiyi və üzləşəcəyi bütün problemləri müvəqqəti hesab edən Heydər Əliyev düşünürdü ki, əsas diqqəti müstəqillik amilində cəmləşdirmək, bu amilin güclənməsi üçün bütün imkanlardan istifadə etmək lazımdır. Müstəqilliyin Azərbaycan üçün ölüm-dirim məsələsi olduğunu vurğualayn Heydər Əliyev, xalqımızın sonuna qədər öz müstəqilliyini müdafiə edəcəyinə, onun keşiyində dayanacağına inanır, azadlığı xalqımızın ən böyük sərvəti kimi xarakterizə edirdi.

 

Heydər Əliyev şanlı keçmişiməz görə kimlərə minnətdar olduğumuzu daim xatırladırdı

 

Ümummilli lider Azərbaycanın dövlətçilik tarixinə, elm və mədəniyyətinə nəzər salmaqla yanaşı, bu tarixin mühüm simalarına, onların xidmətlərinə də diqqət çəkir, həmin şəxsiyyətlərin əməyini yüksək qiymətləndirirdi. Heydər Əliyev bu qənaətdə idi ki, gənclər, eləcə də gələcək nəsillər tarixi şəxsiyyətlərimizin fəaliyyəti ilə bağlı dolğun məlumata malik olmalı, onları tanımalı, malik olduqları zəngin tarixi-mədəni keçmişə görə kimlərə mnnətdar olduqlarını bilməlidir.

 

Ulu öndər bu baxımdan Azərbaycan Demokratik Respublikası dönəmində fəaliyyət göstərən, gənc respublikanın fəaliyyətinə dəstək verən tarixi şəxsiyyətlər haqqında zaman-zaman qiymətli fikirlər səsləndirmiş, onların tarixi xidmətini müxtəlif aspektlərdən şərh etmişdir. Heydər Əliyevin fəaliyyətini daim yüksək dəyərləndirdiyi bu cür tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu, dahi bəstəkar Üzeyir Hacıbəyov olmuşdur.

 

Üzeyir Hacıbəyovun musiqiçi kimi böyük istedada malik olduğunu bildirən Heydər Əliyev, onun ictimai-siyasi fəaliyyətini də təqdir edir, bu fəaliyyətin Azərbaycan Demokratik Respublikasının yaşamında, onun müstəqilliyinin tanınmasında önəmli rol oynadığını qeyd edirdi. Ümumiyyətlə, Heydər Əliyev hesab edirdi ki, əsl ziyalı ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməli, milli maraqların keşiyində dayanmalı, bu mübarizədən öz yaxasını kənara çəkməməlidir. Həqiqi ziyalı xalqın apardığı mübarizənin önündə olmalı, öz ağlı, zəkası, nüfuzu, uzaqgörənliyi ilə bu mübarizəyə yön verməli, milli mənafeyin keşiyində dayanmalıdır. Ulu öndər Üzeyir Hacıbəyovu məhz bu cür ziyalılardan biri hesab edir, onun ictimai-siyasi proseslərdən yaxından iştirakını təqdir edirdi.

 

Heydər Əliyev Üzeyir Hacıbəyovun görkəmli publisist kimi də milli dövlətçiliyin maraqlarını uğurla müdafiə etdiyini bildirir, onun qələmə aldığı məqalələrin ictimai rəyə böyük təsir göstərdiyini söyləyirdi. Ulu öndər Üzeyir Hacıbəyovun Azərbaycan Demokratik Respublikasının fəaliyyətində oynadığı tarixi rol haqqında deyirdi:

 

“1918-ci ildə Azərbaycanda ilk demokratik respublika yaranan zaman və yaranandan sonra Üzeyir Hacıbəyov o vaxt gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olmuşdur. O, görkəmli bir şəxsiyyət kimi həmin proseslərin düzgün istiqamətdə getməsinə təsir etmiş və o ağır dövrdə, çətin dövrdə xalqımızın milli mənliyinin yüksəlməsi üçün çox səylər göstərmişdir.

 

Azərbaycanın ilk demokratik respublikasının yaşaması, inkişaf etməsi üçün çalışmış, fəaliyyət göstərmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün cəhdlər göstərmişdir. Parisə - Versal konfransına gedən Azərbaycan nümayəndəsinə onun verdiyi tövsiyələr, məsləhətlər və göstərişlər -Üzeyir Hacıbəyovun kiçik qardaşı Ceyhun Hacıbəyov da nümayəndə heyətinin tərkibində idi - bunlara canlı sübutdur. Üzeyir Hacıbəyov ilk müstəqil Azərbaycan dövlətinin "Azərbaycan" qəzetinin redaktoru olmuş və bu qəzetin fəaliyyətində həm öz məqalələri ilə, həm də rəhbərliyi ilə çox böyük xidmətlər göstərmişdir”. (//anl.az/el/alf7/he_me4.pdf Səh-276-277)

 

“Üzeyir Hacıbəyovun 1920-ci ilə qədərki fəaliyyətinə də yüksək qiymət vermək lazımdır”

 

 

Üzeyir Hacıbəyovun üç hakimiyyət dönəmində fəaliyyət göstərdiyini bildirən Ulu öndər, onun hər zaman xalqımızın mədəni səviyyəsinin yüksəldilməsi, onun maraqlarının müdafiə edilməsi istiqamətində ardıcıl iş apardığını, əsl fədakarlıq sərgilədiyini vurğulayırdı. Ulu öndərə görə, Üzeyir Hacıbəyovun vətəndaş kimi böyüklüyü də məhz bundan qaynaqlanır, bundan irəli gəlirdi:

 

“Üzeyir Hacıbəyov böyük vətəndaş olmuşdur. Bir də qeyd edirəm, 1918- 1920-ci illərdə ağır bir dövrdə - Azərbaycanın ilk müstəqil respublikasının fəaliyyət göstərdiyi dövrdə Üzeyir Hacıbəyovun yaradıclığı əvəzsizdir. Üzeyir Hacıbəyovun fəaliyyəti ondan sonrakı dövrdə də fövqəladə əhəmiyyətli və əvəzsizdir.

 

Əgər tarixə nəzər salsaq, Üzeyir Hacıbəyov üç hakimiyyət dövründə yaşamışdır. Onun doğulduğu dövr, mədəniyyət xadimi kimi dünyaya gəldiyi dövr Azərbaycanda çar Rusiyasının hakimiyyəti dövrü idi. Ondan sonra Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yarandı. İki ilə yaxın müddət müstəqil Azərbaycan Respublikası dövrü idi. Ondan sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu və bu hakimiyyət 1991-1992-ci illərə qədər davam etdi. Üzeyir Hacıbəyov bütün bu üç mərhələdə hakimiyyətin xarakterindən, formasından aslı olmayaraq xalqına xidmət etmişdir. Bu gün bunu deməyə əsas var ki, o belə düşünmüşdür: hansı hakimiyyət olursa-olsun, xalqa sədaqətlə xidmət edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır. Üzeyir Hacıbəyov belə olmuşdur”. (//anl.az/el/alf7/he_me4.pdf Səh-280-281).

 

Heydər Əliyev sovet dönəmində Üzeyir Hacıbəyovun 1920-ci iləqədərki fəaliyyəti haqqında heç nə deyilmədiyini, bu dövr haqqında daha çox susqunluq sərgiləndiyini söyləyirdi. Halbuki, Ulu öndər hesab edirdi ki, Üzeyir Haclbəyovun 1918-1920-ci illər arasındakı fəaliyyəti hər mənada son dərəcə qiymətli və səmərəli olmuşdur. Ümummilli liderin fikrincə, dahi bəstəkarın bu dövrdəki fəaliyyəti haqqında daha çox danışılmalı, onun milli dövlətçilik tariximizdə oynadığı mühüm rol daha çox və daha dərindən təhlil edilməlidir.

 

Bundan başqa, Ümummilli liderin qənaətincə, xalqı öz tarixindən, habelə onun həyatında mühüm rol oynayan tarixi şəxsiyyətlərin fəaliyyətindən xəbərsiz qoymaq mənəvi cinayətdir və buna əsla yol vermək olmaz. Xalq öz tarixini bilməli, həmçinin, öz tarixi qəhrəmanlarını tanımalıdır. Bu, xalqın mənəvi haqqıdır və kimsənin bu haqqa qəsd etmək haqqı yoxdur.

 

Heydər Əliyev Üzeyir Hacıbəyovun 1920-ci ildən sornakı fəaliyyətini də yüksək qiymətləndirmiş, bu fəaliyyətin Azərbaycanda mədəniyyətin çiçəklənməsinə böyük töhfə verdiyini qeyd etmişdir:

 

“Üzeyir Hacıbəyovun 1920-ci ilə qədərki fəaliyyəti haqqında danışarkən, eyni zamanda onun bundan sonrakı fəaliyyətinə də yüksək qiymət vermək lazımdır. Azərbaycan mədəniyyətinin çiçəklənməsində - biz bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, bəli, XX əsrdə və əsrimizin 20-ci ilindən sonra respublikamızda mədəniyyət inkişaf edib, çiçəklənib, böyük mədəniyyət ordusu yaranıb, xalqımız savadlanıb, onun mədəni səviyyəsi qalxıb - bunların hamısında Üzeyir Hacıbəyovun əvəzsiz rolu var”. (//anl.az/el/alf7/he_me4.pdf Səh-281).

 

Xatırladaq ki, Heydər Əliyev yalnız Üzeyir Haclbəyov deyil, Azərbaycan Demokratik Respublikasının həyatında mühüm rol oynayan digər tarixi şəxsiyyətlər haqqında da yüksək fikirlər söyləmiş, onların xalqa tanıdılmasının vacib olduğunu qeyd etmişdir. Bütün bu faktlar Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixinə necə böyük önəm verdiyinə, bu tarixin təbliğini nə dərəcədə vacib hesab etdiyinə dəlalət edir.

 

Seymur ƏLİYEV

Moderator.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.8. istiqaməti üzrə (Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ) hazırlanmışdır. 

 

Link kopyalandı!
Son xəbərlər