Qədim dövrlərdən gələn adətlər: Qaxın ucqar kəndindən REPORTAJ - FOTO
1774
21 Nov 2023 | 14:01

Qədim dövrlərdən gələn adətlər: Qaxın ucqar kəndindən REPORTAJ - FOTO

Qaxın ucqar Sarıbaş kəndindən reportaj hazırlanıb.

Bizim.media xəbər verir ki, dörd tərəfi dağlarla əhatə olunan Sarıbaşda tarixən olduğu kimi, bu gün də istənilən qapı qonaqlı-qaralı olur.

Gəzmək, görmək həvəskarı olanlar, Sarıbaşın dadlı mətbəxindən dadmaq istəyənlər min bir əziyyət olsa belə, bu kəndə gəlməkdən usanmırlar. 

Bu kənddə onun başqa bir adı da varmış - “Sarıbaş dənəvarisi”. Qonağı olduğumuz Əhmədovların evi kəndin yuxarı məhəlləsində, qayalığın üstündə yerləşir.

Həyətə daxil olanda bir tərəfdə samovara od salındığını, qazanda suyun qaynadığını, digər tərəfdə isə qadınların biş-düş etdiklərini görürük. Diqqətimizi eyvana asılan ət parçaları cəlb edir. Ev sahibi Siracəddin müəllim qaxac ətin bu ucqar kənddə xüsusi ənənə və üsulla qurudulduğunu bildirir. Bu ənənə sarıbaşlılar tərəfindən bu gün də qorunur.   

Həyətin bir kənarında biş-düşlə məşğul olan xanımlara yaxınlaşıb, nə işlə məşğul olduqları ilə maraqlanırıq. Möminət xanım xəmiri göstərərək deyir ki, kəsilmiş həmin hissələr barmaqla çəkilir. Tez və yaxşı bişməsi üçün sürhüllülər içərisi boş, axırda boruvarı formada olmalıdır.

Daha sonra sürhüllülər qazanda qaynamaqda olan suya tökülür. Bişdikdə sudan çıxarılıb boşqablara yığılır. Sürhüllülərin üzərinə əvvəlcədən bişirilən ətli şorba tökülür, üstünə ət tikələri qoyulur. Xörək süfrəyə meyvə turşusu və sarımsaqla verilir. Xəmir çəkilib hazırlandıqdan sonra qazanda qaynayan suya tökülməlidir.  

Bu barədə isə bizə Gülyaz xanım məlumat verir. Deyir ki, sürhüllü qaxac edilən və ya təzə kəsilən ətlə bişirilir. Altınəfərlik xörəyin bişirilməsi üçün bir kiloqram un lazımdır. Xörəkdə istifadə olunacaq ətli şorba əvvəlcədən bişirilir.

Xörək üçün ayrılan buğda unu ələndikdən sonra çox da bərk olmayan xəmir yoğrulur, ona azca duz vurulur. 10-15 dəqiqə mayalandıqdan sonra taxtanın üzərində kündələnir, əllə uzunsov formada yumrulanır, kəsilərək kiçik bərabər hissələrə bölünür. Bu fikirlərini tamamlayan Gülyaz xanım sinidəki sürhüllünü astaca qazana tökür. Yeri gəlmişkən, Gülyaz xanım onu da diqqətə çatdırır ki, odun-ocaqda bişirilən sürhüllü daha dadlı və təamlı olur. 

Əhmədovlarla söhbət əsnasında onu da öyrənirik ki, Sarıbaşda qurudularaq qaxac edilən ətdən sürhüllü, əriştə, xingilli kimi xəmir xörəkləri hazırlanır. Adətən xəmir xörəkləri qış aylarında bişirilirdisə, son illər yaz-yay aylarında da hazırlanır. Axı bu kəndə yerli və xarici turistlər ilin bu fəslində daha çox baş çəkir.  

Qeyd edək ki, Şimal-Qərb bölgəsində Qax rayonu daxil Zaqatala və Balakəndə qaxac hazırlamaq adəti qədim dövrlərdən gəlir.

Qurudulan ətdən bişirilən xörəklər bu rayonların mətbəxini daha da zənginləşdirib, onu digər bölgələrdən fərqləndirib. Ümid edək ki, qarşıdakı illərdə Sarıbaşın yol məsələsi həllini tapacaq, turizm sektoru inkişaf edəcək, yerli və xarici turistlər bu ucqar kəndə həm də sürhüllü yeməyə üz tutacaqlar.   

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər