Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib. Həmçinin, Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.