Kübra Əliyeva: “Ofeliya həyat yoldaşı Siyavuş Aslandan intiqam almaq istəyirdi” - FOTO/VİDEO
3519
09 Jun 2023 | 17:56

Kübra Əliyeva: “Ofeliya həyat yoldaşı Siyavuş Aslandan intiqam almaq istəyirdi” - FOTO/VİDEO

“Siyavuş Aslanın böyük bir səhvi olmuşdu. O, teatrda çalışan bir aktrisa ilə yaxınlıq etmişdi. Bunu da onun həyat yoldaşı Əməkdar artist Ofeliya Aslan bilmişdi. Ofeliya həmin aktrisa ilə səhnəyə çıxırdı. Tərəf müqabili idi. Məsələ böyüdü və onlar boşanmaq həddinə gəlib çatdılar. Ondan sonra isə Ofeliya Siyavuşu bağışlamadı”.

Bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu verilişlərdən birində deyib.

Aktrisa Siyavuş və Ofeliya cütlüyünün arasına girən həmkarının dünyasını dəyişdiyini bildirib:

“O aktrisa da dünyasını dəyişib. Bizdə belə deyim var ki, torpaqlar xəbər aparmasın. Amma gərək o aktrisa Siyavuşla yaxınlıq etməzdi. O ailəyə gərək o zərbəni vurmazdı.

Bir gün isə Siyavuşun bir müğənni ilə yaxınlıq etməsi ilə bağlı söhbəti çıxdı. Guya Siyavuş həmin qadın müğənni ilə yaşayır. Mən bunu görmədim, hiss etmədim. Günlərin bir günü “Nişanlı qız” tamaşasının Akademik Milli Dram Teatrında məşqinə gedirdik. O zamanlar “Jiquli” markalı avtomobilim vardı. Siyavuşu maşınımda məşqə aparırdım. Ondan soruşdum ki, belə bir söz-söhbət var. Siyavuş cavab verdi ki, “Əgər desələr ki, Siyavuş Kübra ilə görüşür, deyərəm ki, sənin maşınında gedirəm də, gördülər bizi. Amma inan Allaha, atamın goru haqqı, o xanım müğənni bəlkə nə zamansa mənə salam verib gedib. Amma elə bir şey yoxdur”.

Əməkdar artistin sözlərinə görə, Ofeliya Aslan həyat yoldaşı Siyavuş Aslanın aktrisa ilə yaxınlığını bağışlamadığını və ondan intiqam almaq hiss ilə yaşadığını açıqlayıb:

“Ofeliya bunlardan sonra çox dəyişdi. O ancaq intiqam almaq istəyirdi. Ofeliya onu bağışlamaq istəmədi. İllər keçdi bu şeylər onun içində böyüdü, sonra da Ofeliyanın bütün sinir sistemini pozdu. Artıq Ofeliyada bəzi olaylar başladı. Biz bunu Siyavuşa heç cür deyə bilmirdik. Bilirsiniz, Siyavuş Ofeliya Psixiatriya Xəstəxanasına yerləşdiriləndə necə ağlayırdı? Siyavuş asfaltın üstündə yerimirdi, sanki o havada gəzirdi. İnsanın belə bir halı olur, heç kimi görmürsən, heç kimə salam vermək istəmirsən.

O, çox pis halda idi. Ofeliya Siyavuşu bağışlamadı. Amma Siyavuşa bu addımı atmağa məsləhət verdilər. Siyavuş getdi həkimlərlə danışdı. Ofeliyaya yardım etmək istədi. Amma Ofeliya bunu da səhv başa düşdü”.

Qeyd edək ki, Ofeliya Aslan 18 may 2010-cu ildə 2 illik xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub.

Siyavuş Aslan isə uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub. Onların oğlu Çingiz Aslanov isə bu ilin aprelin 29-da vəfat edib və mayın 6-da Yasamal qəbiristanlığında anasının yanında dəfn olunub.

Link kopyalandı!
Son xəbərlər