“Prezidentimiz Moskva görüşündə Paşinyanı yenə mat vəziyyətinə saldı”
Gündəm
3934
28 May 2023 | 15:24

“Prezidentimiz Moskva görüşündə Paşinyanı yenə mat vəziyyətinə saldı”

“Məlumdur ki, may ayının 25-də cənab Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti  Vladimir Putinin dəvəti ilə Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında qonaq qismində iştirak edib. Prezident İlham Əliyevin Ali Avrasiya Şurasının iclasında iştirak etməsi faktı özü bir daha sübut edir ki, ölkəmiz bu qurumun üzvü olmasa da, dövlətimizə, onun ali siyasi rəhbərliyinə çox böyük inam, etibar və etimad mövcuddur”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

 

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycana xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən xüsusi önəm verilir. Ali Avrasiya İqtisadi Şurası da bu baxımdan ölkəmizə mühüm dəyər verən qurumlardan biridir. Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışı zamanı “Azərbaycanın ikitərəfli formatda təşkilata (Ali Avrasiya İqtisadi Şurası) üzv ölkələrlə iqtisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün – həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir” deməsi ölkəmizin nəinki regionda, hətta dünyada önəmli rol oynadığını bir daha təsdiqləyir.

 

“Azərbaycanın dünyanın bir çox mühüm beynəlxalq təşkilatları ilə sıx əməkdalığı mövcuddur. Ölkəmiz bir çox dövlətlərlə həm beynəlxalq qurumlar çərçivəsində, həm də ikitərəfli olaraq geniş əməkdaşlıq əlaqələri qurur. Buraya başda Rusiya Federasiyası olmaqla, Ali Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlər də aiddir. Azərbaycan bu quruma üzv olmasa belə, Ermənistandan başqa digər üzv ölkələrlə çox sıx əməkdaşlığa malikdir. Təkcə bir faktı söyləyək ki, Azərbaycanın həmin ölkələrlə ticarət dövriyyəsinin səviyyəsi 5 milyard dollara gəlib çatıb. Bu da əlaqələrin səviyyəsinin mühüm göstəricisi kimi, diqqətdən yayınmır. Həm də bu görüşdə Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın çox geniş iqtisadi potensialı var. Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Azərbaycanın öz ticarət donanması ilə yükdaşıma potensialı kifayət qədər böyükdür. Bu gün Azərbaycan həmin yükdaşıma potensialını daha da genişləndirmək imkanlarına malikdir. Eyni zamanda, Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən fəal iştirakçılarından biridir. Bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması nəticə etibarilə region ölkələri arasında bütün sferalarda, xüsusilə də ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar pəncərəsi açmış olacaq”, – deyə Milli Məclisin deputatı qeyd edib.

 

Görüşdə həmçinin, Ermənistanın Baş naziri Nikol Paşinyanın absurd ittihamlarını cavablandıran Prezident İlham Əliyev bir daha rəsmi İrəvanı reallıqla üz-üzə qoyub, sözün əsl mənasında Paşinyana siyasət dərsi keçib. Prezident İlham Əliyev çıxışında Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamların absurd olduğunu, Azərbaycanın bu cür iddialarının olmadığını vurğulayıb. Bununla yanaşı ölkə Başçısı qeyd edib ki, ““Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.

 

Tamam Cəfərovanın fikrincə,  cənab Prezidentin bu fikirləri həm də regionda marağı olan digər aktorlara ünvanlanmış mesajlardır. Azərbaycan Münhen Təhlükəsizlik Konfransında Ermənistana Laçın və Zəngəzurda bərabər statuslu nəzarət-buraxılış məntəqəsi qurmağı təklif etmişdi. Bu bir tərəfdən Qərbin "yollar üzərində suveren hüquqlar" modelinə dəstək, digər tərəfdən  Zəngəzur dəhlizi ilə bağlı əsassız narahatlığı olan dövlətlərə diplomatik cavab idi.

 

Moskvada keçirilən üçtərəfli görüş barədə də fikirlərini bildirən millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan Prezidenti bu görüşdə də diplomatiya masasında qalib gəldi. Cənab Prezident İlham Əliyevin diplomatik səriştəsi qarşısında Ermənistan Baş naziri yenə də aciz qaldı və dövlətimizin Başçısı qarşısında yenə də mat oldu. Cənab Prezident Ermənistanın baş nazirinin cavabını layiqincə verdi. Dövlət başçısı qeyd etdi ki, Laçın yolu bağlı deyil, gediş-gəliş var və sadəcə, nəzarət olunur. Buna Rusiya Prezidentinin hər hansı əks fikir bildirməməsi isə o deməkdir ki, Rusiya anlayır ki, Azərbaycanın Ermənistanla sərhəddə, Laçın yolunda nəzarət postu qurması onun legitim hüququdur.

 

Ümumən Moskva görüşü Azərbaycanın danışıqlar prosesində növbəti uğuru kimi yadda qaldı. Dövlətimizin qətiyyətli mövqeyi bir daha nümayiş olundu. Cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi dövlətimizin milli maraqlarını sona qədər müdafiə etdi. Həmçinin, Ermənistan tərəfi döyüş meydanında olduğu kimi diplomatiya meydanında da Azərbaycanın qarşısında dayana bilməyəcəyini yəqinki artıq anladı. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

 

Link kopyalandı!
Son xəbərlər