Tarixi nəticə göstərib MİT-ə qəbul olunan Dəniz: “Mən həm də redaktorluqla məşğulam”
Ekskluziv
10987
18 Mar 2023 | 16:53

Tarixi nəticə göstərib MİT-ə qəbul olunan Dəniz: “Mən həm də redaktorluqla məşğulam”

 

 

Azərbaycanlı şagirdlər Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alması həftənin ən önəmli təhsil hadisəsi hesab edildi.  

 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalarında qələbə qazanıb.

 

“Cavablar açıqlandı və mən seçdiyim universitetlərin içərisindən ən yaxşısına  - MİT-ə qəbul olundum”

 

Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı hələ kiçik yaşlarından Amerikada təhsillə bağlı planlar qurub.

 

D.Səttarlı qazandığı Moderator.az-a açıqlamasında  respublika və beynəlxalq olimpiadaların MİT-ə qəbulunda mühüm rol oynadığını bildirdi:

 

“6-cı sinifdən Türkiyə Dəyanət Vəqfi Bakı-Türk Liseyində təhsil alıram. Dünya reytinqindən birinci yerdə olan Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) qəbul olundum. Qəbulumda  həm liseydə akademik bazamın yaxşı formalaşması, həm də olimpiadaların mənə qatdığı dünyagörüşü və orda tanıdığım insanlar mühüm rol oynadı.

Xarici universitetlərə qəbul olunmaq üçün sadəcə test nəticələri  və yaxşı qiymətlə önəmli deyil Bundan əlavə, bizim yaşıdlarımızdan fərqləndirən digər fəaliyyətlər olmalıdır. Həmçinin MİT kimi universitetlərə xüsusilə xarici tələbələr çox kiçik faizlə  qəbul edilirlər. MİT-ə hər il 100 xarici ölkədən təxminən, 10000 namizəddən sadəcə 136 nəfər qəbul ola bilir. Bunun  üçün bizim startuplarımız, olimpiada göstəricilərimiz və s. olmalıdır. Mə də olimpiadaları seçdim. 3 ildir kimya olimpiadalarına  qatılıram: müxtəlif ölkə və beynəlxalq səviyyədə  medallarım var.

Ölkə olaraq Amerikanı çox sevmişəm, 6-cı sinifdən hər zaman orada oxumaqla bağlı xəyallar qururdum. Ətrafım həmişə Amerika universitetlərində təhsil almaq üçün güclü maddi təminatın vacibliyini, tam təqaüdlə təhsilin isə, demək olar ki, mümkün olmadığını deyirdilər. Buna gör hədəfimi daha real olan Türkiyə kimi ölkələrə çevirmişdim. X sinifdə oxuyarkən beynəlxalq kimya olimpiadası komandasına seçildim. Orda tanış olduğum tələbələr bu məsələyə baxışımı tamam dəyişdilər. Komandada məndən başqa 3 şagirdin hər biri XI sinifdə oxuyurdular. Hazırda onların hər üçü hazırda dünyanın top 12-də yerləşən universitetlərə təhsil alırlar. Onlardan biri MİT-də oxuyur. Onlarla tanışlıqdan sonra düşündüm ki, niyə də özümü sınamayım? Bəlkə elə məndə də alındı. Bundan sonra prosedurları həyata keçirməyə başladım. Hər bir halda ehtiyat planım olsun deyə, qəbul olması asan, orta və çətin səviyyəli 13 universitetdən ibarət müraciət siyahısı hazırladım. Cavablar açıqlandı və mən seçdiyim universitetlərin içərisindən ən yaxşısına - MİT-ə qəbul olundum”.

 

“Burada bəxt və şans da müəyyən rol oynayır”

 

D.Səttarlı MİT-ə qəbul prosesində şansın mühüm rol oynadığını qeyd etdi:

 

“Ümumiyyətlə, Amerika universitetlərində qəbulla bağlı nəyisə əvvəlcədən təxmin eləmək mümkün deyil. Onlar bizim sadəcə nəticə və nailiyyətlərimizdən ibarət cədvəl olaraq baxmır, bizi həmçinin şəxsiyyət olaraq tanımağa çalışırlar. Bunun üçün interviyu mərhələsi keçirilir. Bütün bunlardan sonra biz çox yaxşı namizəd olsaq belə yenə rədd cavabı ala bilərik. Çünki sinifdə tələbə sayı müəyyən limitdə olur. Ona görə də, tək Amerika ilə kifayətlənməyib, Sinqapur və Koreya universitetlərinə də müraciət etmişdim.  Düzü, MİT-ə qəbul olacağıma əmindim desəm, yalan olar. MİT-ə qəbul hamı üçün sürpriz olur. Kimsə əvvəldən deyə bilməz ki, mən MİT-ə qəbul olunacam.  Bu sadəcə akademik hazırlıq  mükəmməl nəticələr deyil. Burda bəxt və şans da işin içinə girir”.

 

D.Səttarlı açıqlamasında dərsə hazırlıq proqramından, boş vaxtlarını necə qiymətləndirdiyindən də söz açdı:

 

“Hər zaman başlıca taktikam doğru zamanlarda doğru prioritetlərə fokuslanmaq olub.  Məsələn, qarşımda  ilk hansı məsələ varsa tutalım, ən yaxın zamanda olimpiada-ona hazırlaşıram. Daha sonra SAT varsa ona, sonra isə ardıcıllıqla  digər imtahanlara fokuslanıram. İşləri bütöv şəkildə deyil, kiçik hissələrlə görməyi sevirəm. Belə həm mənim üçün rahat olur, həm də ardıcıl yanaşanda hər bir addıma hər hissəyə daha çox fokuslana bilirəm, nəinki, eyni zamanda  bir neçə işin öhdəsindən gəlməyə çalışanda.

Boş vaxtlarımı faydalı məşğuliyyətlərlə keçirməyə çalışırdım. Çox çalışmaq və məsuliyyətli olmaq qədər boş vaxtlarımızda beynimizi dincəltmək də vacib məsələdir. Beləcə, eyni enerjiylə işimizi davam etdirə bilərik. X sinifdə vaxtımın çox az olmasına baxmayaraq, qarşıma qoyduğum hədəfləri tamamladıqdan sonra özümə müəyyən istirahət verdim. Boş vaxtlarımda musiqi dinləməyi və bədii kitablar oxumağı çox sevirəm. Əsasən, romantik və macəra kitablarını xoşlayıram. Ötən yaydan etibarən isə kitabları oxumaqla kifayətlənməyib redaktorluqla da məşğul oluram. Xarici dildən tərcümə olunan kitabları redaktə edirəm. Bu  əlavə məşğuliyyətlə hobbi kimi məşğul oluram. Kimya fizika kimi texniki fənlərlə yanaşı ədəbiyyata da marağım böyük olduğundan, bu marağı əmələ çevirmək  istədim. Atam da tərcümə sahəsində olduğu üçün o da mənə dəstək verdi və  beləcə başladım”.

Özümüzü, hədəflərimizi müəyyən limit altına salmamalıyıq...

 

Dəniz onun uğurundan ruhlanan gənclərə cəsarətli olmağa səsləyir:

 

“Xaricdə təhsilə müraciət edəcək gənclərə ilk məsləhətim cəsarətli olmalarıdır. Yeni addımlar atmaqdan, təcrübələr etməkdən qaçmasaq, o qədər də çox  yeni şeylər öyrənə, təcrübələr əldə edə bilərik. Özümüzü, hədəflərimizi müəyyən limit altına salmamalıyıq. Hər zaman daha yaxşısını edə biləcəyimizə inanmalıyıq. Onlara dərsdənkənar fəaliyyətlərdə, olimpiyada, seminar, startup və s də iştirak etmələrini tövsiyə edərdim. Bundan əlavə, insan psixologiyası ilə bağlı kitablar oxuyaraq özlərini daha yaxşı tanıya və hədəflərini daha dəqiq müəyyənləşdirə bilərlər”.

 

İstənilən halda, qazanacağım uğurlarda əsas məqsədim ölkəmin adını daha yüksəklərə qaldırmaq olacaq

 

Gələcəklə bağlı planlarını bizimlə bölüşən həmsöhbətimiz, hələlik, akademik sahədə irəliləmək istədiyini bildirdi:

 

“Açığı,  6-7 il sonra  nə edəcəyimlə  bağlı proqnoz verməkdə çətinlik çəkirəm. İndidən bir hədəf qoyub gələcəyimi limitləmək istəmirəm. Gələcəklə bağlı planlarımı sonrakı şərtlər müəyyən edəcək. Sadəcə hələlik Amerikada doktorantura  pilləsinə qədər təhsilimi davam etdirmək istəyirəm. İş barəsində nə edəcəyimlə bağlı bir yol xəritəsi çəkməmişəm. Kimya mühəndislyi oxumaq, bu sahədə həm elmi, həm də sənaye sahəsində çalışmaq istəyirəm.  Xaricdə bunun hər ikisini birdən aparmaq mümkündür.  İstənilən halda, qazanacağım uğurlarda əsas məqsədim ölkəmin adını daha yüksəklərə qaldırmaq olacaq”. 

 

Rəna Nəbi 

 

 

 

Link kopyalandı!
Son xəbərlər