“Qərb sonda Ukraynanı güzəştlərə getməyə məcbur edəcək” - politoloq
Analitika
4170
01 Feb 2023 | 20:34

“Qərb sonda Ukraynanı güzəştlərə getməyə məcbur edəcək” - politoloq

Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyi, qalibin kim olacağı ilə bağlı bir çox versiyalar səslənib. Kimisi müharibənin sonunun görünmədiyini deyir, kimisi Rusiyanın istəklərinə qismən nail olacağını bildirir, kimisi də Qərbin enində-sonunda Rusiyanı güzəştlərə vadar edə biləcəyini iddia edir.

Ancaq bu versiyaların hansısa birində mütləqlik yoxdur, çünki proses dalana dirənib və qələbədən, sülhdən danışmaq mümkünsüzdür. Ən praqmatik yanaşma isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən səsləndirilib. Çavuşoğlu deyib ki, Rusiya-Ukrayna müharibəsinin qalibi olmayacaq: “Ədalətli sülhün itirəni olmaz. Başından bu müharibənin qalibinin olmayacağını da deyirik. Ukrayna və Rusiya arasında müharibənin bitməsi üçün səylərimizi davam etdirəcəyik. Ukrayna ərazi bütövlüyü üçün bir sıra ölkələrdən yardımlar alsa da, sülh əsasdır. Ən əhəmiyyətlisi bir an öncə masaya oturmaqdır. Realist olmaq lazımdır. Reallıqlar çərçivəsində səylərimizi davam etdirəcəyik”.

Bu arada Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Çavuşoğlu ilə görüşdən sonra maraqlı bir status yazıb: O, “facebook"da qeyd edib: "Sülh lazımdır. Sülh danışıqlar tələb edir, danışıqlar üçün vasitəçilər lazımdır və indiyədək müharibə edən tərəflər arasında yalnız Türkiyə uğurla vasitəçilik edə bilib. Bütün bunlarda dostum Mövlud Çavuşoğlunun böyük rolu olub, Türkiyənin xarici işlər nazirini yenidən Budapeştdə qarşılamaq mənim üçün şərəfdir".

87f3f64c-be16-324a-98e6-b72208b8804d_850.jpg (53 KB)

Maraqlı bir məqam da ondan ibarətdir ki, Macarıstan xarici işlər naziri həm də Ukraynanı tənqid edib: “Macarıstan hər zaman Ukrayna ilə yaxşı əlaqələr qurmaq istəyib. Bunun üçün bir çox səbəblər var”.

O bildirib ki, müharibədən əvvəl də bunu istəyiblər: “Orada 150 min macar yaşayır. Biz onların həyatının daha yaxşı olmasını istəyirdik. Biz qonşu ölkələrik. Amma ukraynalılar bu məsələlərdə heç vaxt bizlə tərəf müqabili olmadılar”.

Nazir son 8 ildə Ukraynada macar və digər milli azlıqların hüquqlarını, o cümlədən ana dilində təhsil haqqını məhdudlaşdıran qanunların qəbul edildiyini xatırladıb və bunun beynəlxalq hüquqa zidd olduğunu qeyd edib: “İndi sual edirəm ki, bu qanunlara nə ehtiyac var idi? İndi isə qonşu ölkələrdən yardım istəyirlər. Macarıstan və Ukraynanın əlaqələrinin daha yaxşı olması arzusu isə sadəcə təkyönlü istəkdir və bu ancaq Macarıstan tərəfindən göstərilir. Mən hər zaman ukraynalı həmkarlarımla işbirliyinə açığam və indi də hazıram. Ancaq indiki həmkarım heç mənə zəng etmir”. Siyarto ölkəsinin müharibənin qısa müddətdə bitməsini istədiyini deyib. Bu açıqlamalar verilən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Qərbin Ukraynadakı planları baş tutmayacaq: “Rusiya qoşunları bütün tədbirləri görür ki, Qərbin Ukraynadakı planları gerçəkləşməsin. Bu planlar baş tutmayacaq". Son açıqlamalar onu deməyə əsas verir ki, gerçəkdən bu müharibənin qalibi olmayacaq və tərəflər mümkündür ki, hansısa güzəştlər və ya vasitəçiliklə, böyük ehtimalla Türkiyənin vasitəçiliyi ilə masaya otura bilərlər. Bununla bağlı alt qatlarda hansısa danışıqların getdiyini də təxmin etmək olar. Güman etmək olarmı ki, yaxın həftələrdə proses buna doğru yön alacaq? Və tərəflər hansı güzəştlərlə buna razı ola bilər?

eli.PNG (702 KB)

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu müharibənin sonunda qarışıqlı güzəştlərin mütləq olacağını söylədi: “Sonu olmayan müharibə yoxdur. Bütün müharibələr əvvəl-axır masa arxasında danışıqlarla sona çatır. Rusiya-Ukrayna müharibəsi də gec-tez sülh müqaviləsi ilə başa çatacaq. Lakin buna nail olmaq böyük diplomatik çabalar və zəhmət tələb edir. Ukrayna-Rusiya müharibəsində qarşılıqlı güzəştlərin olması mütləqdir. Çünki heç bir tərəf bu müharibədən məğlub tərəf olmaq istəmir. Xüsusən də Rusiya və onun prezidenti Putinin gələcək taleyi bilavasitə bu müharibənin nəticələrindən asılı olacaq. Rusiya məğlub tərəf olsa Putinin hakimiyyətinə və Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vuracaq. Rusiyadan fərqli olaraq Ukrayna bu müharibəyə cəlb olunub və ədalətli müharibə aparır. Ukraynanın dirənişi NATO-nun və AB-nin bundan sonrakı davranış və dəstəyinə bağlıdır.  Rəsmi Kiyevə qalsa bəlkə də müəyyən güzəştlər etməklə savaşı bitirməyə razılıq verər. Lakin bu müharibə  artıq onun iradəsindən kənar xarakter alıb. Birbaşa olmasa da NATO həlledici söz sahibidir və Moskvaya ciddi güzəştlər intihara bərabər addım olardı.  Məncə ən doğru və praqmatik mövqeyi Türkiyə tutur. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə sıx əməkdaşlıq edir. Hər iki dövlətlə normal münasibətləri var. Qərbdən fərqli olaraq öz maraqları üçün Ukraynanın daha böyük itkilərlə və dağıntılara məruz qalmasını istəmir. Odur ki istər Rusiya, istər Ukrayna sülh danışıqları üçün Ankaranı vasitəçi kimi qəbul edər. Bundan qabaq xarici işlər nazirləri səviyyəsində və digər formatlarda Türkiyədə təmaslar olub. Ukrayna taxılının dünya bazarına çıxarılması üçün rəsmi Ankaranın vasitəçiliyi çox uğurlu alındı. Yəni baza və real təsirlər var. Burda bir məqama da toxunmaq lazımdır ki, AB Türkiyənin vasitəçiliyini heç də xoş qarşılamazlar. Çünki bu Türkiyənin həm regional, həm də dünya miqyasında nüfuzunun daha da artması demək olardı ki bunu da təbii ki, Qərbin sakit qəbul edəcəyi inandırıcı deyil”.

Politoloq hesab edir ki, tərəflər tükənib: “Ukraynanın da, Rusiyanın da uzunmüddətli müharibə aparmaq potensialı demək olar ki qalmayıb. Hər iki dövlət böyük dövlətlərdən getdikcə daha çox asılı vəziyyətə düşməkdədir. Rusiya Çin təhlükəsini də anlamamış deyil. Moskva hətta İran kimi dövlətdən silah almaq məcburiyyətində qalıb. Məncə cari ildə müharibənin sona çatmasını yox, yeni daha dağıdıcı və təhlükəli fazaya girəcəyinin şahidi olacağıq. Çünki ABŞ bu müharibənin hələ davam etməsini istəyir. Sülh prosesinin də nə vaxt başlamasında rəsmi Kiyev deyil, Vaşinqton qərar verəcək. Odur ki, Türkiyənin xarici diplomatiya naziri Çavuşoğlunun simasında fəal və uğurlu iş aparsa da, bu sülh üçün yetərli deyil. Lakin ümumi nəticəyə böyük töhfəsini verəcək”.

3707197.jpg (39 KB)

BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı Ukraynanın tam qələbəsini mümkünsüz hesab edir: “Rusiya-Ukrayna müharibəsinin yeganə qalib Amerikadır! Bu, birmənalı belədir. Amerika Rusiya ilə bağlı uzun müddət idi ki, planlaşdırdığı ssenarini təcrübəsiz Zelenski vasitəsi ilə həyata keçirdi. İki eyni kökənli slavyan xalqlarını bir-birinə düşmən etdi. Artıq hər iki tərəfdən ölənlərin sayı on minlərlədir. Ukrayna dövləti viran gününə qalıb. Putin xalqa zülm edir. Həmçinin 2022-ci ilin 24 fevralından başlanan müharibədən bu günə kimi Rusiya milyardlarla dollar vəsait itirib. Bu müharibədə nə Rusiya, nə də Ukrayna qalib gəlməyəcək. Hətta deyilənə görə tək Rusiyadan ölənlərin sayı 120 000-dən artıqdır. Ukraynanın 250 min kv.km ərazisi işğal olunub və ya minalanıb. On minlərlə ev, qəsəbələr, kəndlər dağıdılıb. 17 milyondan artıq vətəndaşı Avropanın ölkələrinə qaçqın düşüb. Təbii ki, ehtiyatları olmayan, qazı, nefti, qızıl yataqları və s. olmayan Ukraynanın bərpası üçün trilyon dollarla vəsait lazım olacaq. Kim verəcək bu vəsaiti Ukraynaya? Amerika? İnanmıram. Hal-hazırda biz Qərbin bu müharibəyə nə qədər məsuliyyətsiz yanaşdığını görürük. Qərb axırıncı Ukrayna əsgəri qalana qədər Ukraynanı Rusiya ilə döyüşdürmək istəyir. ABŞ həm 2014-cü, həm də 2022-ci ildə bu qanlı müharibələrin qarşısını ala, Ukraynanın ərazi bütövlüyünü qoruya bilərdi. Yetərli idi  ki, kiçik qardaşı Böyük Britaniya ilə bəyan etsin ki, Budapeşt memorandumuna uyğun olaraq bütün vasitələrlə Ukraynanın ərazi bütövlüyünü müdafiə edəcəyik. Amma onlar beynəlxalq təcrübədən bilsələr ki, sanksiyalar yolu effektli deyil və heç bir halda müharibənin qarşısını ala bilməz, bunun dedilər ki, Rusiya Ukraynaya hücum etsə biz Rusiyaya sanksiya tətbiq edəcəyik. Bununla da müharibəyə yaşıl işıq yandırdılar. Ukraynanın nüvəbaşlıqlarını alanların ikisi ABŞ-la İngiltərədir. Öz imzalarına sadiq qalmadılar. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tamamilə haqlıdır ki, Rusiya-Ukrayna müharibəsinin qalibi olmayacaq. Çavuşoğlu yalnız Amerikanın qalib çıxdığını deməyib. O da başa düşüləndir. Nazir bu fikri bildirə bilməz. Amerika elə bir dövlətdir ki, lazım olan zamanda Ukraynanı Rusiyaya qurban verəcək. Biz bu gün nəyin şahidi oluruq? İşğalçı Ermənistana Qərbin hərtərəfli dəstəyi gözümüzün qarşısındadır və biz bu rəzalətlə artıq üzləşmişik. ABŞ işğalçının biri olan Rusiyaya hansı mövqe göstərir, ancaq digər işğalçı olan Ermənistana hər cür dəstək verir. Bunun adı nədir?! Amerika Azərbaycan xalqının bu sualına cavab versin! Ukraynada müharibənin nə vaxta qədər davam etməsinə gəldikdə isə, tərəflər müharibənin perspektivsizliyini görüb danışıqlara başlamalıdır. Zelenski özünə danışıqlara getmək qadağası qoyan gülməli və qeyri-ciddi Fərmanını bir kənara atıb masa arxasına keçməlidir. Ukrayna NATO-ya üzv olmaq arzusundan imtina edib öz neytrallığını elan etməli, MDB-də fəaliyyətini davam etdirməli, Rusiyanın Krımda hərbi baza saxlamaq hüququnu tanımalıdır. Rusiya isə 1991-ci il sərhədləri çərçivəsində Ukraynanın ərazi bütövlüyünü tanımalı, onun daxili işlərinə qarışmamalıdır. Əks halda müharibə çox gənclərin həyatına son qoyacaq, çox ailələri bədbəxt edəcək. Bir daha qeyd etmək istəyirəm, bu müharibənin başlaması Ukraynanın, sivil dünyanın məğlubiyyətidir. ABŞ-ın mövcud siyasəti və indiki şərtlər altında Ukraynanın döyüşdə tam qələbəsi mümkün deyil. Hadisələrin gedişi göstərir ki, Ukrayna sonda Qərb tərəfindən güzəştlərə məcbur ediləcək. Bunun isə hələ ABŞ üçün vaxtı deyil. Zelenski ən azından bunu gec də olsa başa düşməlidir”. (müsavat.com)

Link kopyalandı!
Son xəbərlər