Valeh Kərimov: “Şərt deyil ki, 500 nəfərlik zalda elə 500 nəfər də otursun”
Bu gün15 aprel- Ümumdünya Mədəniyyət Günüdür.
Maraqlıdır, bəs bu gün ölkəmizdə mədəniyyətin mövcud durumu nə dərəcədə qənaətbəxşdir?
Moderator.az-a açıqlama verən Xalq artisti Valeh Kərimov, hazırda bütün dünyada mövcud olan pandemiyanın mədəniyyətin inkişafı yolunda da başlıca əngəl olduğunu vurğuladı:
“Bu gün dünyanı bürüyən pandemiya mədəniyyətin bütün sahələrinə, o cümlədən də teatr və kinoya öz mənfi təsirini göstərməkdədir. Ölkəmizdə də pandemiya ilə əlaqədar olaraq bir ildir ki, teatrlar bağlıdır. Əslində bizim kinomuz da, teatrımız da, istedadlı aktyorlarımız, aktrisalarımız da mövcuddur. Ancaq indiki şəraitdə effektiv fəaliyyət göstərmək mümkün deyil.
Mədəniyyət hər zaman açıq olmalıdır. Hansı yol və üsulla olursa-olsun, mədəniyyətin inkişafı yolundakı qapıları açmaq lazımdır. Hesab edirəm ki, zallarda pandemiya qaydalarına riayət etmək şərti ilə tədbirlərin keçirilməsinə, tamaşaların göpstərilməsinə şərait yaradılmalıdır. Əgər bir zalın tutumu 500 nəfərdirsə, şərt deyil ki, 500 nəfər də zalda əyləşsin. Qoy sosial məsafəni gözləmək məqsədi ilə cəmi 100 nəfər otursun. Amma tamaşalar göstərilsin. Bu, mədəniyyətimizin yenidən öz axarıına düşməsi, inkişafı baxımından vacibdir”.
Seymur ƏLİYEV