Mübariz Tağıyev: “Necə ki, ordumuz dünyanı 44 günlük müharibədəki qəhrəmanlığı ilə lərzəyə saldı”
Hərbi Qənimətlər Parkının açılışı ölkə vətəndaşları tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.
Maraqlıdır, Hərbi Qənimətlər Parkında musiqi klipinin hazırlanması həm ordumuzun tarixi zəfərinin təbliği və tanıdılması, həm də Ermənistanın rüsvayçı məğlubiyyətinin dünyaya təqdimatı baxımından səmərəli ola bilərmi?
Moderator.az-a açıqlama verən Xalq artisti Mübariz Tağıyev bu cür klipin ancaq fayda verəcəyini bildirib:
“Şübhəsiz, artıq bütün dünya Azərbaycan ordusunun tarixi zəfərindən xəbərdardır. Azərbaycan ordusunun 44 gün ərzində düşməni darmadağın edərək işğaldakı torpaqları azad etməsi, bu müharibə zamanı göstərdiyi qəhrəmanlıqlar dünyanın ən böyük dövlətləri tərəfindən heyrətlə qarşılanmaqda və öyrənilməkdədir. Bu faktın özü Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun əldə etdiyi qələbənin miqyas və əhəmiyyətindən xəbər verir.
Bununla yanaşı, təbii ki, Hərbi Qənimətlər Parkında kliplərin çəkilməsi, qələbəmizin bir də Hərbi Qənimətlər Parkı fonunda dünyaya çatdırılması faydalı olar. Lakin Hərbi Qənimətlər Parkı ilə bağlı elə bir klip çəkilməlidir ki, dünya lərzəyə gəlsin. Necə ki, ordumuz dünyanı 44 günlük müharibədəki qəhrəmanlıqları ilə lərzəyə saldı.
Hesab edirəm ki, Hərbi Qənimətlər Parkı ilə bağlı yüksək keyfiyyətli, baxımlı klipin hazırlanması həqiqətən də faydalı və əhəmiyyətli olardı”.
Seymur ƏLİYEV