Zərdüşt Əlizadə: “İrəvan Ermənistanın kişi əhalisinin “qaymaqlarını” orduya yığımışdı və düşünürdü ki...”
Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda Ermənistan ordusunun modernləşdirilməsi ilə bağlı planlardan narahatlığını ifadə edib:
“Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”.
Vətən müharibəsində hərbi potensialının 80%-dən məhrum olan Ermənistan ordusunun modernləşməsi Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə, Ermənistan ordusunun xam xəyallara qapılacağı təqdirdə bunun ağır nəticələri ilə üz-üzə qalacağını bildirib:
“Ermənistan ordusunun mdoernləşdirilməsi cəhdləri əbəsdir və rəsmi İrəvan bu cür addımlarla nəyəsə nail ola bilməz. Biz Ermənistanın 30 il ərzində hazırladığı ordunu cəmi 44 günə darmadağın etdik. Halbuki, İrəvan Ermənistanın kişi əhalisinin bütün “qaymaqları”nı orduya yığımşdı və düşünürdü ki, bu torpaqları işğal altında saxlaya biləcək. Ancaq Azərbaycan ordusu qısa zamanda işğalçı ordunu pərən-pərən saldı və torpaqlarımızı azad etdi. Əgər Ermənistanın 30 il ərzində formalaşdırdığı ordunu Azərbaycan cəmi 44 günə dağıdıbsa, indi Ermənistan öz ordusunu modernləşdirib bizə nə edəcək ki?
Azərbaycan prezidentinin Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planlarından öz narahatlığı ifadə etməsi isə tamamilə düzgün addımdır. Çünki xarici siaysətimizdə milli maraqlarımızın qətiyyətlə müdafiəsi və bu maraqların həssaslıqla qorunması vacib məsələdir və ölkə başçısının səsləndirdiyi fikirlər də məhz bununla bağlıdır”.
Seymur ƏLİYEV