Maraqlıdır, niyə bizdə də belə ənənə yoxdur? Məsələn, niyə istefaya gedən maliyyə, əmlak, təhsil,
yaxud iqtisadi inkişaf nazirləri Azərbaycan iqtisadiyyatının, elminin
inkişafına öz töhfələrini vermir, gənc mütəxəssislərə öz praktik təcrübələrini
öyrətmirlər? Məsələ burasındadır ki, heç iqtisadçı deputatlarımız da sanki
auditoriyaya girmək, nəzəri-praktiki biliklərini tələbələrə öyrətmək həvəsində
deyillər.
Moderator.az millət vəkili, iqtisadçı alim Əli
Məsimlinin mövzuyla bağlı fikirlərini öyrənib. Deputat iradları qəbul edib və etiraf edib ki,
doğrudan da bizdə belə ənənə yoxdur və istefaya gedən yüksək çinli məmurlar öz
biliklərini nədənsə tələbələrlə paylaşmağa meyl göstərmirlər. Bunun dəqiq
səbəbini söyləməkdə çətinlik çəkdiyini deyən iqtisadçı alim öz üzərinə düşən
yükü isə bu formada çəkdiyini bildirdi:
“Mənə İqtisad Universitetində dərs demək təklif olunub, amma xeyli
vaxtdır hələ bu haqda fikirləşirəm,
dəqiq qərar verməmişəm. Ancaq boş da oturmamışıq, İqtisadi və Sosial İnnovasiyalar İnstitutu yaradırıq. Əvvəlcə elmi tədqiqatlardan başlamışıq. Artıq iki kitab
buraxa bilmişik, üçüncünü də hazırlayırıq. Maraqlı işləmələrimiz var. Düzü, ərsəyə gətirə bilsək, mən bu varianta üstünlük verirəm. Çünki təhsil
sistemimizdəki neqativlərin "birləşmiş qablar qanunu" prinsipi üzrə nəzəri cəhətdən olsa belə, bir
damlasının belə üstümə sıçramasını arzu etmirəm.”