Prezident seçkiləri ərəfəsində dünyanın
bəzi nüfuzlu təşkilatları Azərbaycanda seçkiöncəsi durumu tənqid edən
hesabatlar yayır. Hesabatlarda ölkəmizdə insan hüquqlarının kobud pozulduğu,
vətəndaşların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı, gənclərin
kütləvi həbsindən danışılır.
Moderator.az-a açıqlamasında YAP-çı
deputat Məlahət İbrahimqızı bu ittihamlara cavab verib. Onun sözlərinə görə,
Azərbaycanda sərbəst toplaşmaq azadlığı qanunla tanınır: “Bunun üçün müvafiq
icra hakimiyyəti ilə aksiyanın razılaşdırılması lazımdır. Aksiyanın keçirilməsi
üçün mümkün olmayan yerlərə iddia edəndə əlbəttə, buna razılıq verilməyəcək.
Bir qrupun hüququ başqalarının hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Bu günlərdə Milli Şuraya daxil olan partiyalar mitinq keçirdilər. Həmin aksiya
müvafiq qurumalarla razılaşdırıldığından ona müdaxilə edilmədi. Baxın, bizi
tənqid edən təşkilatlar öz hesabatlarında bunu yazmadılar. Çünki, Azərbaycana
qarşı açıq qərəzləri var”.
Seçkilərin demokratik olacağını vurğulayan
deputat bildirib ki, YAP-ın namizədinin qələbəsini zəruri edən bir sıra
səbəblər var: “Ölkədə görülən işlər, xalqın sosial rifahının yaxşılaşdırılması
və bir sıra addımlar əsas verir ki, xalq yenə də İlham Əliyevə etimad
göstərsin. Azərbaycanla bağlı bu tipli hesabatların illərdir ki, şahidi oluruq.
Bir sıra təşkilatlar ölkəmizi dünyanın gözündən salmaqla məşğuldurlar. Bunun
səbəbi isə aydındır. Azərbaycan Cənubi Qafqazın ən qüdrətli ölkəsidir. Baxın,
Ermənistan açıq şəkildə Rusiyanın yanında yer alıb. Gürcüstan da bəllidir.
Azərbaycan yeganə ölkədir ki, onun rəhbəri heç bir dövlətdən asılı deyil.
Müstəqil siyasəti var. Buna görə də bizə qarşı bu cür yollarla təzyiqlər
edirlər”.