Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Moderator.az-a verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Xırdalan şəhəri, Bakı-Şamaxı yolu 18-ci km ünvanında fəaliyyət göstərən Elxan Fətəliyevə məxsus “Mineral” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.
Portlandsement və beton qarışığı istehsalı ilə məşğul olan müəssisədə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, istehsal zamanı istismar olunan 33 ədəd müxtəlif ölçmə vasitəsinin heç biri müqayisəli dövlət yoxlamasından keçirilməmişdir. Bu isə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun (Maddə 11.1) və ГОСТ 8.513-84 dövlətlərarası standartın tələblərinə ziddir.
Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisənin rəhbərinə ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi üçün istismardan çıxarılması barədə Tələbnamə verilmiş, İnzibati Xətalar Məcəlləsinin 228.0.12-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və “Mineral” MMC 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Müəssisədə istehsal olunan “ПЦ400 Д20” markalı portlandsementdən nümunə götürülmüş və sınaqların aparılması üçün laboratoriyaya təqdim edilmişdir. Araşdırmalar davam etdirilir.