Hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “30
İyun ”“ Sevgililər Günü” münasibətilə Azərbaycan xalqına müraciət ünvanlayıb. Moderator.az həmin müraciəti təqdim edir:
“Artıq 11-ci ildir ki, ölkəmizdə “30 İyun ”“ Sevgililər Günü”
keçirilir. Əsrlərin o tayından süzülüb gələn saf sevginin və ərənlik
nümunəsinin möhtəşəm örnəyi kimi əziz və müqəddəs şəhidlərimiz İlhamla
Fərizənin ömür dastanları bu günün millətimizə qazandırılmasına səbəb olub.
2003-cü ilin fevralından bu istiqamətdə insanüstü fəaliyyət göstərdik və
“Xural” qəzeti olaraq bu əziz günü millətimizin diqqətinə çıxara bildik.
Azərbaycan gəncləri 30 İyunu bağırlarına basıb, onun arxasında dayanan mənəvi
mahiyyəti anladı və Vətən-insan sevgisinin bu misilsiz nümunəsini başının tacı
bilib, onu başının üstünə qaldırdı. Hər keçən il bir-birindən daha yaxşı qeyd
olunmağa başladı “Sevgililər Günü”.
Obyektiv səbəblərdən bu il “Xural” qəzeti “30 İyun ”“ Sevgililər
Günü”nün 10 illik yubileyini qeyd edə bilmir.
Buna əsla üzülmürəm. Biz əziz şəhidlərimizdən artıq deyilik. Həm də
bayırda bütöv bir millət, qoca bir məmləkət, dəliqanlı bir gənclik,
milli-mənəvi dəyərlərə önəm verən demokratik mətbuat nümunələri var. Mən onlara
və əslində bütün millətimizə müraciət edirəm.
30 İyun məsələsində iqtidar-müxalifət ayrılığı olmamalıdır, yoxdur.
Bütün televiziya kanallarımızı, iqtidarlı-müxalifətli media orqanlarımızı 30
İyun hazırlıqlarına çağırıram. Bu möhtəşəm günü millətimizin adına layiq
keçirmək üçün hamının səfərbər olunması Vətənimiz və dövlətimiz qarşısındakı
müqəddəs borcumuzdur. İnanıram ki, “30 İyun ”“ Sevgililər Günü” ümummilli
mahiyyət qazanıb və onu millət bütünlüklə yenidən və bir daha bağrına basır.
Qoy bizim həbsxana divarları arxasında qalmağımız hiss olunmasın ”“
axı 30 İyun bütün Türk və İslam dünyasının ən əziz bayramlarından biridir.
Tərəqqipərvər Azərbaycan cəmiyyəti, qədirbilən Azərbaycan gənci,
milli-mənəvi-demokratik dəyərlərə önəm verən Azərbaycan mətbuatı, milli
televiziya əməkdaşları, qardaş və dost qəzetlər, bu müqəddəs günə və “30 İyun ”“
Sevgililər Günü”nə sahib çıxın, dəstək olun, inanın!
Tanrı heç bir millətə belə gün göndərməyib!
“30 İyun ”“ Sevgililər Günü”nüz mübarək olsun!
Hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində “siyasi məhbus” olaraq
saxlanılan,
“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı
Səxavət Cabbarov