Bir müddət öncə keçmiş millət vəkili, iqtisadçı ekspert, dostum Nazim Məmmədov “Baku Steel Company” şirkətinin rəhbərliyi tərəfindən təqib olunduğuna görə daxili işlər nazirinə şikayət edərək onunla görüşmək üçün rəsmi müraciət etmişdi. Üstündən xeyli keçsə də Ramil Usubov guya iş qrafikinin sıxlığı üzündən eks deputatı qəbul etməyəndə bu sətirlərin müəllifinin “Ramil Usubovla görüş üçün müraciət etmişdin, nə xəbər var” sualına Nazim Məmmədov ironiya ilə “nazirin başı hələ Nazpəriylə İlhamənin saçyoldusuna qarışıb, qoy ara sakitləşsin, yəqin başı açılanda biz də yada düşərik” cavabını vermişdi. Dostuma zarafatla demişdim ki, sən heç arxayın olma, iş ki, müğənnilərin saçyoldusuna qaldı, gərək illərlə gözləyəsən, çünki bu saçyoldular acı bağırsaq kimi uzandıqca uzanacaq. Proqnozum düz çıxdı, aylardı saçyoldu hamımızı bezdirib, mətbuat da cana doyub, cəmiyyət də. İndi də Brilyantın ağzına xiyar aldığı pozada görüntüsünün sosial şəbəkələrdə yayılmasından sonra Aygünlə İlhamə Quliyeva saçyolduya çıxıblar. Azərbaycan şifahi xalq ədəbiyyatında söz qalmadı bir-birinin ünvanına deməsinlər. Millət də baxıb heyrətlənir ki, görün kimlərə xalq artisti adı veriblər. Yadınızdadırsa görkəmli sənətkarımız Zeynəb Xanlarova bir neçə il öncə fəxri adların sağa-sola paylanmasına öz kəskin etirazını bildirmişdi, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevi asıb-kəsmişdi ki, ay balam, sənin bu qızlardan xoşun gəlirsə apar nə istəyirsən elə, daha xalq artisti adını niyə urvatdan salırsan? O vaxt içi mən qarışıq hamı Zeynəb xanımın ölüsünə rəhmət oxumuşdu ki, kişinin qızı düz deyir də...
Bilirsiniz mən nədən qorxuram, daha doğrusu, ar-həya edirəm. Sabah saçyoldu qəhrəmanlarından, yaxud sırğa taxan, qaşın aldıran kişi qırıqlarından kimsə deputat olmaq eşqinə düşə. Əslində kimsə deyə bilər ki, burda qeyri-adi nə var ki? Adama deyərlər xalqın artisti ola bilir, xalqın vəkili ola bilmir? Mən heç şübhə etmirəm ki, bu gün qadına yaraşmayan iyrənc terminologiyalarla silahlanıb bir-birini təhqir edənlərin çoxunun üçrəngli deputat nişanı üçün ürəyi atlanır.
Mən kiminsə deputat, hətta prezidentlik iddiasına düşməsinə pis baxmıram. Demokratiya və konstitusiyamız hər kəsin bu məsələdə haqqı olduğunu deyir. Dünən də mətbuatdan oxuyuram ki, gorbagor Brejniev demişkən, demokratiyanın iri addımlarla addımladığı Gürcüstanda opera müğənnisinin prezidentliyə namizədliyi şıdırğı müzakirə olunur, Paata Burçuladze adlı Gürcüstanın xalq artisti olan bir vokalist də naz eləyir ki, mızınızı çəkin, mən siyasətə nifrət edirəm. Bizdə isə ağzının çorbasını saxlaya bilməyən o qədər iddialı var ki. Onlara qanun “dur” deməsə də ictimai qınaq “qələtini elə otur yerində” mesajını verməlidir. Bir ibrətamiz xalq məsəlimiz də var ki, məscidin ağzı açıq olanda itdə də gərək bir abır-həya ola ki, gedib oranı murdarlamaya. İndi mən parlamentimizin murdarlanmasından nigaranam ki, amanın bir günüdür, parlamenti şoubiznes saçyoldusuna çevirməsinlər. Onsuz da cəmiyyətimizi yetərincə murdarlayıblar...