Ermənistanın baş naziri Nikol Paşinyan 2016-cı ilin aprel məğlubiyyətinin “bütün nüanslarını” araşdıran komissiya yaradacaqlarını bildirib. Məlumata görə, parlament nəzdində yaradılacaq bu komissiya 2016-cı ilin aprel döyüşləri ilə əlaqədar bütün məsələləri ciddi şəkildə araşdıracaq və təhlil edəcək.
Göründüyü kimi, Ermənistan hələ də 2016-cı ilin aprel məğlubiyyətini həzm etməkdə çətinlik çəkir. Bəs Azərbaycan necə, Qarabağ müharibəsində aldığı məğlubiyyətlərin, əldən verdiyi yaşayış məntəqələrinin itirilmə səbəbləri ilə bağlı hansısa komissiya yarada bilərmi? Yoxsa keçmişdəki məğlubiyyətlərimizin səbəbləri, müqəssirləri aydındır və bu məsələyə yenidən qayıtmağa ehtiyac yoxdur?
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə Azərbaycanın aidiyyatı orqanlarının bu sahədə bütün gərəkli addımları atdıqlarını vurğuladı:
“Bu kimi məsələlər zaman-zaman müvafiq orqanlar tərəfindən, eləcə də hüquq-mühafizə orqanları tərəfindən öyrənilib və buna müvafiq qiymət verilib. Bu səbəbdən də işğalçı ölkənin atdığı addımı təkrarlamağa ehtiyac yoxdur. Paşinyan sadəcə olaraq itirdiyi nüfuzu bərpa etmək üçün yeni siyasi priyomlara əl atır.
Hal-hazırda Ermənistan cəmiyyətində ondan böyük narazılıq var. Rəy sorğusu göstərir ki, onun ötən illə müqayisədə nüfuzu 20% aşağı düşüb. Paşinyan Ermənistanda sosial-iqtisadi problemlərin həlli ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. Bu bir faktdır. Ermənistan Paşinyan dönəmində hər hansı sahədə ciddi bir irəliləyişə nail olmayıb. Ona görə də o, bu cür pafoslu qərarlarla ona olan etimadı geri qaytarmağa çalışır. Baş verənlərin mahiyyəti bundan ibarətdir”.
Seymur ƏLİYEV