Son vaxtlar ABŞ-ın İran faktoruna görə bölgəyə əlavə hərbi qüvvələr, raket sistemləri və aviasiya qrupları göndərəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır.
ABŞ-ın regiona əlavə hərbi qüvvələr cəlb etməsi yaxın gələcəkdə İranla bu ölkə arasında real hərbi qarşıdurmaya səbəb ola bilərmi? Yoxsa bütün bunlar rəsmi Vaşinqtonun Tehrana yönəlik psixoloji həmləsindən başqa bir şey deyil?
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri yaxın gələcəkdə belə bir hərbi qarşıdurmanın baş verəcəyinə inanmadığını vurğuladı:
“ABŞ İranla hərbi münaqişəyə girməyə planlaşdırmır. ABŞ-ın belə bir istəyi yoxdur. Çünki bu, ABŞ və onun bölgədəki strateji müttəfiqi olan ölkələrə, eləcə də də İsrailə, Səudiyyə Ərəbistanına, Bəhrəynə və s. kimi ölkələrə baha başa gələ bilər. ABŞ bunu anlayır.
ABŞ-ın təyyarə gəmisi və aviasiya qüvvələrini bölgəyə göndərməsi müharibə hazırlığı demək deyil. Bu, sadəcə olaraq İrana yönəlik bir mesajdır. ABŞ bu mesajla bildirmək istəyir ki, ABŞ regionda özünün və müttəfiqlərinin maraqlaırnı qorumaqda maraqlıdır.
ABŞ anlayır ki, belə bir müharibə maliyyə baxımından da ona baha başa otura bilər. Çünki İran sıradan bir ölkə deyil. İran ABŞ Yaxın Şərqdəki bütün geosiyasi maraqlarına ciddi zərbə vura biləcək bir ölkədir. Odur ki, gərginlik davam etsə də yaxın gələcəkdə tərəflər arasında birbaşa hərbi qarşıdurmanın baş verəcəyini düşünmürəm”.
Seymur ƏLİYEV