Məlum olduğu kimi, Misir parlamenti qondarma “erməni soyqırımı”nın qəbuluna hazırlaşır. Artıq millət vəkillərinin bir çoxu soyqırımının qəbulundan yana səs verəcəklərini bildirib. Maraqlıdır, qondarma “erməni soyqırımı”nın bir müsəlman dövlətində qəbul edilməsi nə ilə bağlıdır? Niyə Türkiyə və türk dünyası bu tendeniyanın qarşısını ala bilmir?
Moderator.az-a açıqlama
verən politoloq Qabil Hüseynli bunu Türkiyə və Misir hökumətləri arasındakı
münasibətin gərgin olması ilə izah edib:
“Misirdə qanuni hakimiyyət
hərbi çevriliş nəticəsində ələ alındı. Doğrudur, bu qanuni hakimiyyət dini
hakimiyyət idi və ölkənin dünyəvi konstitusyon quruluşu üçün təhlükə yaradırdı.
Ona görə də dünyanın heç bir dövləti general Sisinin hakimiyyəti ələ almasına
etiraz etmədi. Lakin Ərdoğan general Sisinin əleyhinə danışdı. Dövlət
çevrilişindən, “Müsəlman qardaşları” liderinin heç bir günahının olmadığı və həbsdən
azad edilməsinin zəruriliyindən bəhs etdi. Nəticədə, Misir-Türkiyə münasibətləri
tamamilə pozuldu. BMT-də Türkiyədə hərbi çevriliş məsələsi müzakirə edilən
zaman TŞ-da keçici üzvlüyə malik Misirin nümayəndəsi qərarın qəbul edilməsinə
imkan vermədi. Görünən odur ki, Misirin yanaşması tarixi faktlara yanaşmadan
deyil, iki siyasi liderin bir-birinə olan münasibətindən qaynaqlanır. Bu gün
general Sisi Ərdoğan hakimiyyətindən qisas almaq üçün əlinə düşən bu imkanı
fürsət bilir.
General Sisi dürüst bir şəxs
deyil və Misirdə vəziyyəti ağırlaşdıran mühit formalaşdırıb. Bir çox müsəlman
dövlətləri əleyhinə açıq mübarizə aparmaqdan çəkinmir. İsraillə normal münasibətlər
yaratdığı halda İranla, Türkiyə ilə münasibətləri korlayır. Sisi əsgər təfəkkürlü
bir şəxs olduğu üçün böyük siyasətdə özünü təsdiqləyə bilmir. Misirdə diktatura
rejimi yaradan Sisinin hərəkətləri pislənməyə layiqdir”.
Seymur Əliyev