Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən SQ-in dörd polkovnikinə general-mayor rütbəsi verilib.
Maraqlıdır, torpaqlarımızın azad edilməsi yubandıqca general rütbəsi alanların sayının artırılması nə dərəcədə məntiqlidir? Generalların sayının bu qədər artırılmasına mənfi nəticələri ola bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov general-mayor rütbəsi alan hərbçilərin bu rütbəyə tamamilə layiq olduqlarını vurğuladı:
“Silahlı Qüvvələr günü ilə əlaqədar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi qulluqçuların bir neçə nəfərinə ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb. Yeni generallar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kifayət qədər təcrübəli və tanınmış şəxsləri olduğuna görə, hesab edirəm ki, onlar buna layiqdirlər. Onların hamısını şəxsən tanıdığıma görə, həm təbrik edir, həm də onlara görə sevinirəm. Əvvala, onların tutduqları vəzifələr general vəzifələri olduğuna görə onlar bu yüksək titula layiq görülüblər. İkincisi də, hələ bugünün özündə də MN sistemində bir neçə idarə rəisləri var ki, onlar da general rütbəsini almağa həm layiqdirlər, həm də namizəddirlər. Prezident sərəncamında adları göstərilən hərbi qulluqçuların vəzifələri göstərilməsə də, onlardan müdafiə nazirinin müavini vəzifəsində olan da var, döyüş bölgəsində, həmçinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun rəhbər heyətində, birləşmə komandanlığında təmsil olunanlar da vardır.
General rütbəsinin verilməsi bir qədər həssas mövzu olduğuna görə, mən də Qarabağla bağlı ortalıqda konkret nəticə olmadığına görə general ali hərbi rütbəsinin çox şəxslərə verilməsinin o qədər də tərəfdarı olmamışam. Digər tərəfdən baxanda da, bu vəzifələrdə oturmuş ləyaqətli dostların, savadlı və bacarıqlı zabitlərin də haqqına girməyi düzgün saymıram. İnşallah tezliklə torpaqlarımızın işğaldan azad edilməsini, digər general vəzifələrində oturan zabitlərimizin də tezliklə layiq olduqları rütbələrə çatmasını arzulayıram”.
Seymur Əliyev