Vergi yoxlamalarında nələr dəyişəcək?
İqtisadiyyat
2589
14 Jun 2016 | 17:03

Vergi yoxlamalarında nələr dəyişəcək?

2014-cü ilin əvvəlnidən qüvvədə olan“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu”na görə, ölkəmizdə sahibkarlar yaratdıqları risklərə (sahibkarın fəaliyyəti nəticəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına zərərin vurulması ehtimalına) görə yüksək, orta və aşağı risk qruplarınaa bölünməli və yoxlamalar yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq, aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq aparılmalı idi. Ancaq çox təəssüf ki, bu qanun işləmədi, çünki qanunun tələbinə görə, hər bir yoxlayıcı dövlət orqanı nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarlarını təsdiqləməli idi. Əgər meyarlar təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə yoxlama apara bilməzdi. Qeyd edim ki, meyarlar hələ də təsdiqlənməyib.

Vergilər Nazirliyi bir yoxlayıcı dövlət orqanı kimi bu qanunun tətbiq dairəsinə (yoxlamalarlarla bağlı bəzi ümumi maddələr istisna olmaqla) aid olmasa da, vergidən yayınan vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün 1 iyun 2014-cü ildən “Vergidən yayınma risklərinin idarə olunması” (Tax Risk Managment) alətindən istifadə edir. 2013-cü ildən başlayaraq isə Nazirliyin apardığı səyyar vergi vergi yoxlamaları risk modelləri əsasında müəyyənləşdirlir. 
Nazirlik risklərin 10-dan artıq təsnifatından istifadə etməklə risk faktorlarının avtomatik olaraq baza məlumatlarına əsasən yoxlanılmasını, müvafiq ballarla qiymətləndirilməsini, alınan nəticələrin risk səviyyələrinə görə qruplaşdırılmasını həyata keçirir.

Aydın olması üçün deyim ki, burada risk deikdə vergi ödəyicisinin dövriyyəsinin eyni fəaliyyət sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin göstəricisinin orta səviyyəsindən kənarlaşması, vergi ödəyicisinin ödəməsinin eyni fəaliyyət sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin göstəricisinin orta səviyyəsindən kənarlaşması, son 3 təqvim ilinin müqayisəsində vergi ödəyicisi tərəfindən göstərilmiş zərərin səviyyəsinin artımı, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə əlaqədar xərclərin artım tempinin gəlirlərin artım tempi ilə nisbətdə üstünlük təşkil etməsi və sair kimi hallar nəzərdə tutulur.

Bugündən isə, Nazirlik “Risklərin vahid mərkəzdən idarə edilməsi” alətinin tətbiqinə başlayıb. Burada diqqət çəkən əsas məqam risk qiymətləndirməsinə uyğun kameral, səyyar vergi yoxlamaları və ya operativ vergi nəzarəti tədbirindən birinin seçilməsi hüququnun mərkəzləşdirilmiş qaydada həyata kemirilməsidir. Ümid edək ki, bu, yerli vergi orqanları tərəfindən əsassız vergi yoxlamalarının aparılmasının qarşısını alacaq. 

Nazirliyin bu addımı prinsip etibarı ilə sahibkarlıq sahəsində vergi yoxlamalarının vahid qaydalar və prinsiplər əsasında aparılmasına hesablanılıb.

Qalib Toğrul, iqtisadçı ekspert
Link kopyalandı!
Son xəbərlər