Tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış "Çöl Qala" povestinin
Moderator.az saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq.
Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk...
Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz...
“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram. Üçüncü dünyanı biz özümüz yaradırıq”
Karl Popper
III Bölüm. Kədərin göz yaşı
(Davamı)
Rəssam: Səninlə yazışmaq telefonla danışmaqdan daha xoşdu. Ola bilər yanılıram, amma telefonda çox uzaq, soyuq idin dünən. Mesajlarında daha yaxınsan, əllərinin soyuqluğunu, nəfəsinin istiliyini, hətta dodaqlarının nəmliyini duyacaq qədər yaxınsan, doğmasan.
Qadın: Əziz dostum! Sənə nə qədər rəğbət bəslədiyimi deməyəcəm, ona görə yox ki, uzaqdasan, yaxud mən kənardayam. Sadəcə nə qədər yaxın olduğunu özünün başa düşməyini istəyirəm. Telefonda soyuq, lap laqeyd də duyula bilərəm ”“ telefonla danışmağı xoşlamıram. Əslində soyuq adam deyiləm... Səndən qorxmuram, sadəcə bəzi əngəlləri aşa bilmirəm. Qəlbin çox kövrək bir uşağın qəlbinə bənzəyir, tozlu ayaqqabılarla içinə girmək istəmirəm. Orada yaralar da var, tapdayıb yenidən qanamasına razı olmaram. Sən mənim xoş xatirəmsən, istəmirəm xatirə olaraq qalasan, amma kim olaraq qalacağını da zaman göstərəcək.
Rəssam: Hər an arzulanan əzizim! Bu gün müxtəlif vaxtlarda yaranmış problemlər bir gündə boy qaldırdı, yaxamdan yapışdı. Sinirlərimi gərib üzülənədək uzatdı. Sakitləşmək üçün Sənin məktubundan yaxşı həb ola bilməzdi, ona görə Tanrıya şükür eləyirəm. Sənin bu retrovari şəklindən baxan gözlərinin sehri meşənin dərinliklərində, heç bir canlının əli çatmayan ağac oyuğundakı arı pətəyindən süzülən bal qədər şirin sözlərinə qarışıb damarlardan axıb sürətlə bədənə dinclik gətirən morfi kimi mənə ilahi məstlik verdi. Sağ ol buna görə. Deyəsən, mən bu məstliyi çoxdan, lap çoxdan unutmuşdum.
Qadın: Son üç gündə başım yaman qarışıq oldu, sənə yaza bilmədim. Bəzən iş mənə hörümçək torunu xatırladır. İşin sonunda baxıram ki, tora düşən kəpənəyəm, çırpınıb ordan çıxmaq istəyirəm. Lakın o qədər yoruluram ki, azad olanda da artıq uçmağa taqətim qalmır. Amma sən fərqlisən. Daha mübarizsən. Bəzən səni partizanlara bənzədirəm. Çox sakitsən, amma bu sakitliyin içində nə qədər təlaş, nə qədər zəfər arzusu var, onu bilirəm. Bəzən də şahin kimi göylərdən hər xırda nöqtəni görüb ona doğru uçmaq ehtirasın içindəki bütün hisslərə hakim kəsilir.
Rəssam: Olar ki, sən belə eləməyəsən? Heç olmasa bir cümlə yazasan, ya zəng vurasan? Mesajlarım havadan asılı, zəngim boşluğa söylənən söz kimi cavabsız qalır. Mən Səni qaçırmaq istəyirəm bu qədər işin əlindən, Sənsə məndən qaçırsan. Məktubuma cavab vermirsən. İki-üç gün sonra isə cavab yox, yeni səhifədən, yeni abzasdan başlayırsan yeni mövzunu. Çox yorğunsan, zorla dincəlməyə məhkum edilməlisən.
Qadın: Yorulmaqdan yazırsan. Dünən axşam Maykl Ceksonla bağlı bir verilişə baxdım. O, öləndə pis olmuşdum. Fanatı olmamışam. Amma deyilən kimidir, həqiqətən musiqi kralıydı. Daim oksigen vurulan otaqda yatar, özünə xüsusi diqqət edərmiş. Müsahibələrinin birində demişdi ki, yüz ildən artıq yaşayacaq. İndi bax, əlli yaşında öldü. Təbabət aciz qaldı, yardım edə bilmədi”¦Belə talelər qəlbimi ağrıdır... İnsan Tanrının yaratdığı ən dərkolunmaz varlıqdı. Taleyə qalib gələn olmayıb hələ. Təsəvvür edirsən, dünyayla bir adın, milyonlarla fanatın ola, o da sənin xoşbəxtliyinə yetməyə. Bəxtindən küsəsən rəngin qaradı deyə. Ağ olmaq istəyəsən! Guya rəngi ağlar bəxtəvərmişlər... Taleyini lənətləyəsən dünyaya qara gəldiyin üçün.
Rəssam: Amma mən başqa bir qaradərili tanıyıram, Amare, eritreyalı rəssamdı. Misir sərgisində tanış olmuşduq. Bir ingilislə mübahisəsi düşmüşdü. Londonda sərgisinə mane olurdu. Bilirsənmi ona nə dedi? Dedi ki, insanda əsas dərinin yox, qəlbin rəngidi. Sənin dərin ağ olsa da, qəlbin qaradı. Mənimsə rəngimin qaralığına baxma, qəlbim ağdı, molbertdə hələ üstünə rəng çəkilməyən kətan kimi... Onun bu sözləri təsirsiz ötüşmədi, növbəti il Londonda böyük bir sərgiyə dəvət aldı.
Qadın: Şəklini nahaq dəyişdin. Burda narahat görünürsən. Sanki fikrini çatdıra bilməyəcəyin adamların əhatəsindəsən”¦ Bu gün mənə boş mesaj göndərmişdin, mənası bəlli idi, amma mən susmağı tərcih etdim. Bəzən dəcəlliyim tutur. Dəcəllik ”“ uşaqlıqdır, mən də hərdən uşaq olmaq istəyirəm, xüsusən də sənin yanında... Salamat qal. Böyük arzuların böyük insanı, özünə yaxşı bax! Görüşərik, sağlıq olsa.
Rəssam: Son vaxtlar çox darıxıram. Hər yerdə, hər kəslə darıxıram. Elə harasa tələsirəm. Bütün işlərimi yarımçıq qoyuram, birini bitirmədən o birinə başlayıram. Neçə yarımçıq rəsmim qalıb. Bir yerdə qərar tutmuram. Danışanda sözləri, yazanda hərfləri yeyirəm ”“ sözü ikinci hecasından yazıram. Süfrədə ilk əl atdığım salfet kağızı olur, yeməyi bitirmiş kimi. ...Dünən, bu gün səninlə söhbətləşmək, yazışmaq, görüşmək istəyirdim. Amma harada olduğunu, kimlə olduğunu bilmirdim. Ara günlər olsaydı, işə zəng eləyərdim. Yəqin yenə işin çoxluğunu deyəcəkdin... Özünə güvənməyindən xoşum gəlir. İndi yalnız belə adamlar uğur qazana bilir. Sən zamana boyun əyməyənlərdənsən. Elə taleyə də. Özünə fatalist desən də, Səni taleyə boyun əyməyən kimi tanıyıram.
Qadın: Mən taleyimə üsyan qaldırıb onu özümə tabe etmək istəmişəm. Buna nail olduğumu düşünmüşəm də. Əfsus ki, tale məni bizim müxalifət kimi cəbhə xəttinədək gətirdi, sonda ağ bayraq qaldırıb təslim oldu. Üsyan mənim məğlubiyyətimlə bitdi. Amma təəssüflənmirəm. Mənə elə gəlir, döyüşü uduzmuşam, müharibədə bayraq yenə əlimdə olacaq... “Qismət” sözü axırımıza çıxacaq. Hətta siyasi mübarizəni də “ya qismət” deyib aparırıq. “Tutar ”“ qatıq, tutmaz ”“ ayran”. Siyasi mübarizənin uğuru liderlərin keyfiyyətiylə düz mütənasibdir. Qınaq ünvanı xalq yox, onlar olmalıdır. Siyasətçinin beli xalqı özünə borclu bilməyə başlayanda qırılır. Amma normalda bunun əksi olmalıdır! Elə buna görədir yəqin, siyasət meydanımız “beliqırıq” siyasətçilərlə doludur.
Rəssam: Siyasi mübarizələrin də taleyi olur. Bəzən adamlara məğlub olanlar taleyinə hücum çəkir. Bu zamanda müxalif olmaq da bir igidlikdi. Bizdə müxaliflik başqa ölkələrdən fərqlidi. Uzun illər mübarizə aparasan, müxalifətdə qocalasan, qalibiyyətin əlindən alına, işsiz qalasan, pulsuz olasan, sənə görə qohum-qardaşın da məhrumiyyətlər yaşaya, xeyirdə-şərdə salam verməkdən çəkinələr, qızını almayalar, oğluna qız verməyələr...
Qadın: Taleyimi bir vaxtlar özüm yazmaq istədim, o üzdən üsyan qaldırdım. Bu, uduzmağı xoşlamamağımdan irəli gəlir bəlkə də. Amma Tanrım buyurub: “Sənə yazdığım taleyin arxasınca get, getməsən zorla sürükləyəcəm”. Həqiqətən belədir. Hər şeyə rəğmən mən fatalistəm. Bunu sənə yazmışdım.
Rəssam: Taledən qaçmaq olmaz, amma sənə yardımçı olsun deyə ona kömək edə bilərsən. Paolo Koelyo “Kimyagər”ində yazır ki, həyatımızın hansısa anında özümüzə nəzarəti itiririk, bax onda bizi tale idarə eləməyə başlayır. Təbii, mən tale deyiləm. Amma məndən də qaçırsan. Niyə? Bilirəm, canlı söhbətimizi Sən də istəyirsən. Bəlkə o üsyan qaldırdığın taleyin fəsadlarıdı mane olan! Bilmirəm!
Qadın: Səndən əsla qaçmıram. Sadəcə vaxt eləyə bilmirəm. Bir də”¦ qəlbimdə məsuliyyət deyilən bir yük var, onu ata bilmirəm. Ola bilər, bəlkə məni bu səddən aşıra bilərsən, amma başqa elə sədd də var ki... ona bəndənin gücü yetməz! Bütün həqiqətlər demək, yazmaq üçün deyil, mənim əziz dostum!
Rəssam: Səni tapmağıma sevinirəm. Sən mayesən! Axıb bütün boşluqları, çatları dolduran, tamamlayan maye. Sənlə ünsiyyətdən ilahi dinclik tapıram. Amma başa düşürəm: iyirmi yaş böyük, özü də ailəli biri Sənə nə verə bilər ki... Ürəyindən başqa nəyi var ki... Bilirsən, ürək nə vaxt günəşdən isti, buzdan soyuq, dənizdən çılğın, çiçəkdən titrək olur?
Qadın: Əlbəttə, insan yanındakından hər zaman nəsə gözləyir. Mənə çox şey verə bilərsən, düşünmədiyin qədər verdin belə. Məsələn, ən dalğın vaxtında mənimlə söhbət etdin, hə, mənimlə. İki balanla yox, onların anası ilə yox, mənimlə. Demək, vaxtını mənə verdin... Tanrının insanlara bəxş etdiyi ən böyük hədiyyə vaxtdır, onun dəyəri yoxdur. Mənə sərf elədiyin vaxtda gözəl bir tablo yaradardın. Muzeyləri bəzəyəsi, könülləri fəth eləyəsi bir tablo. Mən dəyəri ölçülməyən qədər qiymətli vaxtını səndən almışam, bu, hər kəsə nəsib deyil. İndi bir də soruş: “Mənə nə verə bilərsən?” ...Ürəyin hallarını sorursan. Bunlar ürək qeyri-adi hisslər yaşayanda baş verir ”“ bunun adı sevgidir. Bu hisslər ürəyi günəş kimi isidir. Bir fərqi var. Yandırdığını günəş külə, ürək isə yaraya çevirir. Hər dəfə xəyallar səni bürüyəndə qaysağının altından qanı sızan yaraya”¦
Rəssam: Yaran çoxmu dərindi? Danış, bilmək istəyirəm! Danışa biləcəyin qədər danış! Sənin haqqında az bilirəm. Ailəli olmusan, ya sevgidən qalıb bu yara? Açıl mənə! İnan, bütün deyəcəklərini dinləməyə hazıram, ən acısını belə.
Qadın: Üsyankar olmuşam həmişə. Sevgim uğrunda da ailəmə qarşı üsyana qalxdım. Bütün nəslimlə az qala düşmən oldum ona görə. Evliliyimizi fakt kimi qəbul elədilər. Dəli kimi sevirdim onu. Həyatımı onsuz təsəvvür edə bilmirdim. Ərimi ömrümə gəlmiş “ağ atlı şahzadə” sanırdım. Ən çox bacım istəmirdi evlənməyimizi. Bacım mənə ana olub bütün ömrüm uzunu. Anam mən uşaqkən öldü. Dumanlı xatırlayıram üzünü, amma səsini min səsin içindən seçərəm. Məni bacım böyütdü. Dünyada ondan doğma sirdaşım yox idi, bir-birimizə salmışdıq mehrimizi. Nə atam, nə qardaşım onu əvəz edə bilərdi. Təsəvvür edirsən, sonunda bacım hərəkətimə görə məni bağışlayanda dünyanın ən xoşbəxt adamı olmuşdum. Sevgimi bacımı itirmək bahasına qazanmaq zülmündən qurtarmışdım. İki il sənin dediyin o nağılabənzər bir həyat yaşadım. Sonra, sonra bir günün içində həyat cəhənnəm oduna döndü... Sənə bunları niyə deyirəm, heç özüm də bilmirəm! Amma sənlə bölüşməkdən çəkinmirəm. Ürəyimdəki buzlar əriyir sənlə söhbətdə, sənə açıldıqca açılmaq istəyirəm. Niyə? Özüm də bilmirəm!
Rəssam: Əminəm, zəngimi eşitdin! Cavab verməsən də, xəbərin oldu. Bilirəm, indi ağlayırsan. Monitordan mənə baxan bu ilahi gözlərdən süzülən yaşı duyuram, görürəm. Göz yaşı necə də gözəlləşdirir adamı, İlahi?! ”¦Sənin əvvəlki fikirlərinlə razı deyiləm ”“ göz həqiqətən ürəyin proyeksiyasıdı. Ayna hər şeyin əksini, tərsini göstərdiyi kimi göz də ürəyin astar üzünü çevirir. Göz yaşı ürəkdəki kədərin üzdəki maye halıdı. Nə qədər qəribə olsa da, insanı sevinc yox, kədər kamilləşdirir. Gör bir kədər gözə necə yaraşıq verir.
“Kədərin gözəl göz yaşı...” Bəlkə də bu söz qadınları ağladan kişilərin sonra könül almaq üçün quraşdırdığı bəhanədi. Nə biləsən...
Ardı var...