Ədəbiyyat
8204
11 Apr 2016 | 10:23

"Namiq Abbasov: "Jurnalistlər yaxşı verbovşik olur,onu agentlə görüşə aparın...""

Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/131213.html


Psixologiya dərsi idi. Müəllimimiz, gənc kapitan seminar dərsi keçirdi. Qapı döyüldü, Kursun növbətçisi içəri girib:
-Yoldaşlar, Kursun rəhbərliyinin tapşırığı ilə bir xəbəri diqqətinizə çatdırmalıyam. Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi Leonid İliç Brejnev vəfat etmişdir" - dedi.
Növbətçi  gedəndən sonra sinifə sükut çökdü. Bir neçə saniyədən sonra müəllimimiz əlini əlinə sürtüb:
-Neynək(nu çto,j... ). Gəlin ayağa qalxaq, bir dəqiqəlik sükutla xatirəsini yad edək-dedi və üzündə hətta xəfif sevinc hislərinin yarandığı diqqətimizdən yayınmadı.
Ayağa qalxıb məlum rituala əməl edəndən sonra  dərs davam etdi, amma hamımızın fikri aldığımız xəbərin yanındaydı. Sonrakı mühazirələrdə müəllimlər böyük dəyişiklik olacağından danışır və dəyişikliyin bizim təşkilatdan da yan keçməyəcəyini  söyləyirdilər.
   
Y.V.Andropov ölkə başçısı oldu, Heydər Əliyevi də Moskvaya aparıb Siyasi Büro üzvü seçdirdi. Bir müəllimimiz: ”Ð’ Москве говорят, что уже не ЦК Политбюро, а ЧК Политбюро.” Açığı ölkədəki rəhbər dəyişikliyindən bütün Ali Kurs məmnun idi. Andropovun, Əliyevin, Çebrikovun ölkə rəhbərliyində olması bizim məslək sahiblərində qürur, fəxarət hisslərini coşdurmuşdu. Bakıda isə respublika rəhbərliyinə Kamran Bağırovun gətirilməsini kursumuzdakı azərbaycanlılarla müzakirə edirdik. Açığı heç birimiz bu təyinatı gözləmirdik. Fikirləşirdik ki, ya Həsən Həsənov, ya da Vaqif Hüseynov olacaq. Nəsə, siyasi bir qurumda təzəcə addımlar atmağımıza baxmayaraq, siyasətdən hələ çox-çox üzaq və naşı idik. Biz sadəcə böyük siyasətin icraedici kiçik əsgərləri olmağa hazırlaşırdıq. Həm də o vaxt klassik siyasət yox, vəzifəyə hansı yollarla, hansı vasitəylə çatmaq siyasəti vardı. Ölkənin daxili, xarici siyasətini rejimin mahiyyəti müəyyənləşdirirdi. DTK-nın da hərbi qurumdan çox siyasi qurum olduğunu, ölkənin “siyasi gücü ” hesab edildiyini  müəllimlərimiz tez-tez vurğulayırdı.
   
Yeni il yaxınlaşırdı, həm də imtahanlar, zaçotlar ...
Məktəbin qarşısındakı binada yaşayan bir ailə ilə dostluq edirdik. Ər Lyonya, arvadı Lena. Bizdən əvvəlki azərbaycanlı kursantlar, hətta bizdən sonra gələn yerlilərimiz bu ailəni bir ”“ birinə istinad verir, dostluq münasibətləri davam edirdi. Onlar sonra Azərbaycana gəlib qonaq oldular da...Yeni ili birlikdə qarşılamağı qərara almışdıq. ”Planeta”mehmanxanasında Yeni il şənliyi üçün masa sifarişimiz oldu. Sevlan, mən, dost olduğumuz ailə ilə birlikdə gözəl bir Yeni il qarşıladıq. 1980 - ci il Moskva Olimpiadasının bir sıra oyunları Minskdə keçirildiyindən bu oteli o zaman tikmişdilər. Minsk restoranları, orda istirahət edən kontingent o qədər səmimi və sevimli idi ki, ordakı musiqi, rəqslər, masa arxasında xorla oxunan mahnılar bu gün də ən gözəl anlar kimi yaddaşımdadı. Mən sonralar Nyu-Yorkun, Las - Veqasın, Parisin, bir çox Avropa ölkələrinin restoranlarında oldum, amma Minsk restoranlarından aldığım ləzzəti, könül rahatlığını, ən əsası o kontingenti heç birində görmədim. O vaxt Alla Puqaçovanın ifasında Raymond Paulsun mahnıları dəbdə idi, amma mənim üçün o mahnılar əbədi dəbdi. O mahnıları bu gün də eşidəndə ən gözəl illərimi - gəncliyimi xatırlayıram. Təəssüf ki, Allanın oxuduğu mahnıdakı kimi ”Ð¶Ð¸Ð·Ð½ÑŒ невозможно повернуть назад”... Hərdən lirik haşiyələrə çıxmağımda məqsədim odur ki, KQB məktəbində rejim ağır idi, əgər hərdən mədəni tədbirlər keçirməsəydik, psixologiyamızda travmalar əmələ gələ bilərdi. Ali Kursda bizdən əvvəl belə bir hadisə olmuşdu. Hədsiz çalışqan bir kursantın foyedə Dzerjinskinin böyük portretinin qarşısında əyilib “dəmir Feliksin”çəkmələrini sildiyini müşahidə ediblər. Kursantda psixi problemlər yaranıbmış. Tezliklə onu məktəbdən xaric etmişdilər. Bunu müəllimlərimiz də bilirdi və hərdən icazə alıb belə tədbirlər keçirməyimizə mane olmurdular.

Zaçotları verdik. İmtahanlar başlayırdı. Üç imtahan verdim, üçündən də 4 aldım. Orta məktəbi, universiteti Azərbaycan dilində bitirmiş, həm də orta məktəbi kənddə oxumuş bir gəncin tezliklə rus dilində imtahan verməsi asan deyildi. Qiymətlərimdən razı idim. Rusların, rusdillilərin 3 qiymət almasına təəccüb edirdim. Axı onlar üçün daha asan olmalıydı. Bir aylıq tətil-ixtisasartırma  üçün Bakıya qayıtmağımıza bir neçə gün qalırdı. Vətən üçün, doğmalar üçün çox darıxmışdım. 
                                   *****
İlk dəfə vətəndən bu müddətə uzaq olmuşdum. Bakıya enəndə içimdə iftixar, qürur və tezliklə doğmalarımı görmək sevinci yüksək əhval ruhiyyə yaratmışdı. Cəmi 3 gün istirahət vermişdilər. 3 gündən sonra mərkəzdə bir aya yaxın ixtisas artırmaya başlamalı idik. Bakıda qardaşımla görüşəndən sonra kəndə getdim, həmişəki kimi qatarla. Bacım Bəsti məni kəndimizdəki evimizdə gözləyirdi. Qatardan düşüb evimizə gəlməyin yaddaqalan tərəfləri bu gün də mənim üçün əzizdi. Universitetdə oxuyanda hər fəsildə imkan tapıb kəndə gəlirdim. Payız, qış aylarında gələndə qaranlıq olurdu. Ağdam qatarı saat 6-da Bərdəyə çatırdı. Yolun kənarında maşından düşüb evimizə  heç iki yüz metr olmayan yolu gələr, bir qədər qalmış, yoldan həyətimizin itinı səsləyər, it səsimi eşidəndə bir ağız hürüb o qədər sürətlə yola, məni qarşılamağa gələrdi ki...İtimizi səsləməkdə məqsədim onu məni qonşu itlərdən qoruyub evə çatdırması idi. İtimiz əvvəlcə ayaqlarımı iyləyər, bir neçə dəfə ətrafıma fırlanıb sevinclə qabağa qaçar, bir də sevinclə geri dönüb yenə ayaqlarımı iyləyər, düz qapının ağzına kimi müşayət edər, sonra da təkəbbürlə hürərdi.., yəni mənim sahibim gəldi. Anam həmişə deyərdi ki, it kişi xeylağını çox sevər, ona kişi yemək, yal verəndə, açıb-bağlayanda daha şad olur, nəinki qadın. Hər dəfə tətilə gələndə qapını anam açar, ”ooy..,İli balam gəldi” - deyib boynuma sarılardı. Bu dəfə illərlə adət etdiyim qarşılanma olmadı. Bu nisgilli hislərlə bir müddət şüşəbənddə dayanıb fikrə getdim.
   
Bacılarımla görüşdüm, qohumlar, qonşular görüşümə gəldi. Gələnlər geyimimə baxıb, sual verirdilər ”bəs niyə formada deyilsən?” Hərbi formada şəkillər göndərmişdim, elə bilirdilər ki, elə burda da formada olmalıyam. Atamın, anamın qəbrini ziyarət etdim. Fürsət tapıb Bərdədə keçmiş iş yoldaşlarımla da görüşdüm.
   
Bakıya qayıdıb Komitəyə gəldik. Bakıda evi olmayanlara “Azərbaycan”mehmanxanasında dövlət hesabına otaq verdilər. İxtisas artırma dövründə orda qaldım, işə bir neçə addımlıq olması rahatçılıq idi. 
 Komitədə hər birimizi bir şöbəyə göndərdilər. Mən 2-ci şöbəyə göndərildim. 2-ci şöbə xarici təxribata qarşı əks- kəşfiyyatın ən aparıcı şöbəsi  idi. Şöbə rəisinə təqdim olundum. Şöbə rəisi Namiq Abbasov idi. (Sonralar N.Abbasov nazir olacaqdı) Abbasovun ilk sualı ixtisasım barədə oldu. Jurnalist olduğumu deyəndə, təbəssümlə məni təqdim edən kadr işçisinə “знаешь, журналисты самые хорошие вербовщики, потому что они тоже собирают информации  Ð¸ умеют работать c источниками“. Sonra öyrəndim ki, Namiq Abbasov da ixtisasca jurnalistdi. Məni bölmələrdən birinə verib tapşırdı ki, köhnə materiallarla tanış edin, agentlə görüşə aparın, başqa uyğun nə varsa istifadə edin, onun yerinə yetirə biləcəyi tapşırıqlar verin.

İlk dəfə burda xarici kəşfiyyatın Bakıya olan xüsusi marağı barədə materialarla tanış oldum. Turist adıyla  kəşfiyyat tapşırıqlarını yerinə yetirən əcnəbilər, Xəzər Donanmasına olan xüsusi maraq, ideoloji təxribatlar və s. haqqında materiallarla tanış olurdum. Bölmənin baş əməliyyat müvəkkili Kornauxovla ilk dəfə həqiqi agentlə görüşə getdim. Görüş təzə "İnturist"də baş verdi. Agent gənc tələbə idi. Həqiqi ona görə ki, Minskdə” tədris agentlə” görüş keçirmişdim,  “verbovka” da etmişdim. Düzdü, Minskdə bu “tədris agentlər, verbovkalar” o qədər təbii olurdu ki, ”agentlərin“ kaprizlərindən müəllimə şikayət edəndə  Suvorovun məşhur “təlimdə nə qədər çox əziyyət çəksən, döyüş bir o qədər asan olar” kəlamını xarırladırdılar. Bu həqiqətən belədi. Görüşdən sonra fikirləşirdim ki, görəsən mənim tələbə yoldaşlarım arasında da agent olubmu?. Tez də bu qənaətə gəldim ki, yox olmayıb. Səbəbini belə yozurdum.
     
Beş il oxuduğum yoldaşlarımın arasında bəlkə də sovet rejimini məndən çox tənqid edən olmamışdı. Bəzən müəllimlərimizlə də  mübahisə edirdik və belə mübahisələrdə ən fəal bəlkə də mən olurdum. 1979- cu ildə sonuncu kursda olanda Elmi Kommunizm dərsi zamanı müəllimimiz Azər Şirinov “marksizm-leninizmin milli məsələyə münasibəti” mövzusunu danışırdı və izah edirdi ki, marksizmə görə gələcəkdə millətlər olmayacaq, vahid millət, vahid dil olacaq. Fikrin təsdiqi kimi də 1979 - cu il əhalinin siyahıyaalmasında 500-dən çox azərbaycanlının öz milliyətini rəsmən rus yazdırdığını söylədi. Dərsin sonunda müəllimin  ənənəvi ”kimin sualı var?” müraciətinə qalxıb: ”Ã–zünü rus yazdıran, dediniz  neçə nəfər oldu?” Şirinov: “500-dən bir az çoxdu, dəqiqini gələn dərs deyərəm” Mən: Amma, mənə elə gəlir ki, onların 500-nü də güllələmək lazımdı, başqalarına da görk olsun”. İndi də fikirləşirəm ki, çox kəskin demişəm, başqa cür də etiraz etmək olardı. Auditoriyaya bir anlıq sükut çökdü. Müəllim kiçik pauzadan sonra sanki özünə gəlb: ”Eşitdiniz, universitetin 5-ci kurs tələbəsinin verdiyi sualı, çıxardığı nəticəni.” Müəllim üzünə daha sərt ifadə verərək davam etdi: ”Sən öl, sənin canın üçün səni elə götürərlər ki, heç xəbərin də olmaz. Danışığına bax, səni xəbərdar edirəm..” Yanımda əyləşən tələbə dostum Müzəffər qalxıb: ”Müəllim, İlham düz deyir, amma güllələmək yox, onların hamısını adını açıqlamaq lazımdı ki, millətin qınağına tuş gəlsinlər”. Azər müəllim: ”Oturun aşağı, elə ikiniz də bir ağıldasınız”. Bu hadisənin açılıb bükülməməsi  onu təsdiq edirdi ki, yoldaşlarımdan heç kəs informasiya verən olmayıb. Elə  müəllimin özü də...Hələ diplom işimdə yazdığım bəzi fikirlər...Diplom işim “Pravda” qəzetində ədəbi tənqid və müasir ədəbiyyata verilən tələblər”adlanırdı. 1979- cu ildə “Pravda “qəzetində dərc olunan bütün ədəbi tənqidlə bağlı materialları araşdırmışdım. Bir neçə detalı nəzərə çatdırmaq istəyirəm. Erməni yazıçısı Vardges Petrosyanın “Erməni eskizləri” adlı publisistik kitabı haqqında dərc olunan ədəbi tənqidi yazıda rus  müəllif  gənc nəslin tərbiyəsi üçün bu kitabın müstəsna əhəmiyyətindən danışır və yazıçının bir  fikrini sitat gətirir: ”Qoy, türklərin milyon yarım ermənini öldürməsi zəng səsləri kimi hər gün erməni gənclərinin qulağında  çalsın” və bu qəbildən bir neçə əlavə sitat. ..Əkrəm Əylislinin “Yas yerindən reportaj” əsərində elmi işini müdafiə edən əsərin qəhrəmanına irad tuturlar ki, müdafiənin dili elmi deyil, hekayəni xatırladır. Mən də diplom işimin bu yerində elmi deyil, hekayəvarı dildə etirazımı yazırdım: “Erməni yazıçısı erməni gəncini tərbiyə etmək üçün ona millətinin tarixinə yaxşı bələd olmağa çağırış edir və kitabı da, ədəbi tənqidi də Moskvada nəşr etməyə müvəffəq olur. Bəs bizdə necədi? Bizim jurnalistika fakultəsinin qonşuluğunda şərqşünaslıq fakultəsinin rus bölməsində təhsil alan  azərbaycanlı  tələbələr Azərbaycan dili dərsini sərsəm dünya (безумный мир) adlandırır, bu dili bilmirlər, bilsələr də danışmağı özlərinə ar bilirlər. Onlar Azərbaycanın ikiyə bölündüyündən, dünyada nə qədər azərbaycanlı yaşadığından məlumatsızdırlar. Bəs bu tipli gəncləri hansı yazıçımız, hansı əsərilə tərbiyə edir?” Elə bilirdim, elmi rəhbərim professor Qulu Xəlilov bu hissəni çıxaracaq, amma, əksinə, o mənim fikrimi təqdir etdi, diplom rəyçim professor Şirməmməd Hüseynov da mövqeyimi bəyəndi. Təbii, təkcə buna görə deyil, bütövlükdə diplom işimi bəyənmişdilər, xüsusilə həmin il “Kommunist”qəzetində gənc yazıçıların əsərlərini tənqid edən professor Bəkir Nəbiyevin məqaləsinin ədəbi tənqiddən çox inzibati xarakter daşıdığını yazdığım sətirlərin altında Şirməmməd müəllim “əla” qeydini yazmışdı. Şirməmməd müəllim məni yanına çağırdı. Üzümə baxıb: “İlham sənsən?  Bəs, mən səni niyə tanımıram?” Deyəndə ki, Sizə imtahan da vermişəm, 5 almışam, sözümü yarımçıq kəsib: ”əşi, sən beşdən danışma, o  boş şeydi.., sənin diplom işini oxudum. Sənin belə fikirlərin varsa, mən niyə indiyədək səni tanımamışam, mən onu deyirəm, sən də başlamısan 5 ”“ dən.” Sonra bir xeyli söhbət etdik. Millətdən, dövlətdən danışdıq. Şirməmməd müəllim: ”Nə çox millətdən danışmısan, qədim dövlət olduğundan yazmısan. Sənin nə vaxt dövlətin olub, dövlət başçın olub?” Sualı verib zəndlə üzümə baxdı. Mən: Şah İsmayıl Xətai deyəndə, Şirməmməd müəllim: ”A kişi, eşit, o İran şahıdı, İran dövlətinin başçısıdı. Nə olsun ki, azərbaycanlıdı? Sənin dövlətin 1918- ci ildə Müsavat olub, o da cəmi iki il. Bildin, hə?” Şirməmməd müəllimi tanıyanlar yaxşı bilirlər ki, sözünün təsdiqi üçün həmişə “bildin hə” deyib üzünə baxır. Öyrəndiyimiz Azərbaycan tarixində o iki il bizlərə “Qanlı Müsavat hakimiyyəti”kimi təqdim olunurdu. Şirməmməd Hüseynov kimi müəllimlərimizin həm tariximiz haqqında, həm də ictimaiyyətə açıqlanması qadağan olunmuş həqiqətlər barəsində söylədiklərinin  düşüncəmizin formalaşmasında  böyük rolu oldu. Şirməmməd müəllimlə söhbətimiz davam edirdi :  De görüm universiteti qurtarıb nə etmək fikrin var? - Rayona gedəcəyəm-dedim.Tez: ”Yox, rayona getmə, batacaqsan orda. Bunlar - əlini dekanlığa tərəf uzatdı - niyə səni fakultədə saxlamaq istəmirlər? Hazır kadrsan, elmi iş də götürüb müdafiə edərsən, sonra yaxşı olar. Sənin kimilərinə ehtiyac olacaq. Amma, rayona getməyi ağlından çıxar, itib ”“batacaqsan orda”. Şirməmməd müəllim diplom işimə rəyində yazırdı: ” Dövlət imtahan komissiyasından xahiş edirəm ki, İlham İsmayılovun diplom işini ”Ən yaxşı diplom işi” kimi qiymətləndirsin. ”Şirməmməd müəllim kimi bir şəxsiyyətdən belə bir rəy almağımla  bu gün də qürur duyuram. Bunları xatırlamaqda məqsədim həm də o zamankı universitetin ab-havasını, Abbas Zamanov, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi kimi müəllim-ziyalıların mühazirələrdə bizə fərqli fikirlər, bəzən qadağan olunmuş həqiqətlər barədə dediklərinin bizlərdə  də fərqli düşüncə formalaşdırdığını söyləməkdi. Ədəbiyyatda, jurnalistikada, sterotipləri dağıtmaq, yenilik gətirmək və yenilik gətirənləri təbliğ etmək, onlara qarşı yazılan tənqidləri də hədəfə almaq tələbə dostlarımın, mənim gündəlik söhbətləri idi. O vaxtlar Filarmoniya bağının aşağısında “Xoşbəxt” adlı çayxana vardı. Gənc şairlər-Ramiz Rövşən,Vaqif Cəbrayılzadə, tənqidçi Aydın Məmmədov, Vidadi Məmmədov, müəllimimiz Kamil Vəli Nərimanoğlu və başqa yeni yazmağa başlayan gənclər  tez-tez ora gələrdilər. Onların  stolunda yer tapıb çay içə-içə söhbətlərinə qulaq asmaq özü bir məktəb idi və bu söhbətlərdə hərdən antisovet tezislər də olurdu. Ona görə  ixtisasartırma  dövründə işdən sonra tələbə yoldaşlarımla görüşəndə ehtiyatlı olmağı, sözlərinə diqqət etmələrini xahiş edir, tanımadıqları adamların yanında kəskin siyasi fikirlər söyləməkdən çəkinmələrini deyirdim.
                                                   
Ardı var...
Link kopyalandı!
Son xəbərlər