1956-cı il fevralın 14-də Azərbaycanda televiziya kütləvi yayıma başlayıb. Həmin dövrdən düz 60 il keçir. İlk vaxtlarda insanların “sehrli güzgü” adlandırdığı televiziya bu illərdə bizə nə verib, kütlələrə nə aşılayıb, cəmiyyətin gözləntilərini doğruldubmu?
Moderator.az-ın əməkdaşı bu və ya başqa suallarla teleradio tarixinin tədqiqatçısı, professor Qulu Məhərrəmliyə müraciət edib.
”“ Qulu müəllim, mümkündürsə, əvvəlcə “bu gün televiziya bizim üçün nədir” sualına cavab verərdiniz...
”“ Televiziya indi o qədər çoxşaxəli və çoxmənalı olub ki, onun mahiyyətini bir sözlə ifadə etmək hünər istəyir. Bütün hallarda televiziya bizi kitabdan və onun insanlarda yaratdığı xətti düşüncədən ayırıb, qeyri-xətti və mozaik düşüncəyə alışdırıb. Ona görə də deyə bilərik ki, yaşadığımız dünyanın şüurumuzda mozaik modelini yaradan TV insanlar üçün, ilk növbədə informasiya mənbəyi və əyləncə vasitəsidir, bəziləri üçün ev kinosudur, bəzilərinin qulaq yoldaşıdır. Cəmiyyəti idarə edənlər üçün TV yaxşı idarəetmə vasitəsi, ictimai rəyə təsir və bəzən də manipulyasiya alətidir. Məqsəd və siyasi şəraitdən asılı olaraq TV maarif, demokratiya məktəbi də ola bilər, avtoritarizmə də xidmət edər. Yəni televiziya təxminən atom bombası kimi bir şeydir, dinc və xeyirxah məqsədlərə də xidmət edə bilər, Şərin də qulluğunda dura bilər.
”“ Bəs onda dediyiniz bu vasitə indiyə kimi bizim teleməkanda nə kimi rol oynayıb, Xeyirə, yoxsa Şərə xidmət edib, yəni ən aşağısı bizim telekanallar bu gün cəmiyyətin istək və maraqlarına cavab verirmi?
”“ Xoşbəxtlikdən bizim TV-lər uzun illər xoş niyyətlərə xidmət edib, yalnız son bir neçə ildir ki, telekanallarda Şərin əlamətləri görünür. Bütövlükdə televiziyanın yaranması bizim milli düşüncəmizə, ictimai baxışımıza, dünyagörüşümüzə və mədəniyyətimizə böyük töhfələr verib. Düzdür, sovet sistemi televiziyaya güclü təbliğat aləti kimi baxırdı. Amma bu vasitə həm də bizim mədəniyyətimizin, musiqimizin və ədəbi dilimizin inkişafında müstəsna rol oynayıb və müəyyən istisnalarla bu missiyanı yenə də davam etdirir. O ki qaldı bizim TV-lərin cəmiyyətin istək və maraqlarını ifadə etməsinə, nə qədər qəribə olsa da, sovet dövründən fərqli olaraq bu suala indi birmənalı cavab vermək müşküldür. Təəssüflər olsun ki, mənəvi cəhətdən zədələnmiş telekanallarımızın cəmiyyətin istək və maraqlarını, təfəkkür və düşüncə tərzini, qayğı və problemlərini əks etdirməməsini əsas qüsur saymaq olar. Sanki biz bir başqa yerdə yaşayırıq, telekanallarımız isə tamam başqa cəmiyyəti ifadə edir.
”“ Siz televiziya və radio tarixini araşdırmış azsaylı alimlərdən birisiniz. Bu 60 illik tarixi hansı inkişaf mərhələlərinə bölürsünüz?
”“ TV tarixini mərhələlərə bölmək, müəyyən mənada, şərtidir. Amma bununla yanaşı, mən belə hesab edirəm ki, tarixi inkişaf baxımından 4 mərhələ haqqında danışmaq olar: birincisi, TV-nin texniki baxımdan bir fakt kimi ortaya çıxması və yayıma başlamasıdır, bu, təxminən 1955-60-cı illəri əhatə edir. İkinci dövr ekranda davamlı xəbər proqramlarının, analitik verilişlərin və telepublisistikanın kəmiyyət və keyfiyyət baxımından dirçəlməsi dövrüdür ki, bu proses 1980-ci ilə qədər çəkmişdir. Üçüncü dövr 1980-ci ildən başlanır və müstəqilliyə qədər olan bir tarixi əhatə edir ki, həmin mərhələni televiziyanın ictimai həyata təsirinin artması kimi səciyyələndirmək olar. Dördüncü dövr isə tarixi-xronikal baxımdan müstəqillik dövrü sayıla bilər ki, məhz bu dövrə çoxşəbəkəli televiziya sistemi formalaşmışdır.
”“ Bəs bu tarixdə AzTV-nin yerini necə görürsünüz?
”“ Bu tarixin üçdə ikisi mədəniyyətimiz və ictimai düşüncəmiz üçün mühüm və əhəmiyyətli işlər görmüş AzTV-nin payına düşür. Bu TV Azərbaycan mədəniyyətinin və incəsənətinin, xüsusən musiqi mədəniyyətimizin, inkişafında, ədəbi dilimizin cilalanmasında, mədəniyyətimizin təbliğində, audiovizual sənətin, xüsusən orjinal ekran sənətinin təşəkkülündə önəmli rol oynayıb. Bu gün radio və televiziyanın videotekasında bənzərsiz sənət nümunələri yatır. AzTV bu sənət nümunələrini yaratmağa qadir olan çoxsaylı peşəkar yaradıcı insanların iş yeri olub.
”“ Uzun bir tarix keçmiş AzTV-də hansı parlaq rəhbərlər yaddaşlarda qalıb? Bu rəhbərlərdən kimlər telekanalın inkişafında əhəmiyyətli rol oynayıb?
”“ Bu gün 60 yaşlı AzTV-nin tarixində 10-dan çox sədr olub, lakin mənim fikrimcə, onlardan üçünün adı tarixə qızıl hərflərlə yazılmalıdır: Teymur Əliyev, Elşad Quliyev və Məmməd Murad. Bunların hər üçü, xüsusən televiziyanın bünövrə daşlarını düzmüş, onu sənət və jurnalistika faktı kimi formalaşdırmış, həm də ekrana milli sima vermiş, bir ziyalı kimi bilik və ləyaqət mücəssəməsi olmuş Teymur Əliyevin xidmətləri misilsizdir. Televiziya işini çox gözəl bilən Elşad Quliyev yaradıcılıq baxımından AzTV-ni müəyyən keyfiyyət mərhələsinə qaldıra bilmişdi. Çox çətin dövrdə rəhbərliyə gəlmiş, amma stereotipləri qırmaq üçün ciddi addımlar atmış Məmməd Murad isə bizim TV tariximizdə yeganə islahatçı sədr kimi qalıb. Sədrlər arasında Məmməd İsmayılın və Babək Hüseynoğlunun adlarını da qeyd etmək olar, bu adamlar televiziyada mənəvi parametlərə diqqət yetirib, ekranda milli çaları gücləndirib, yaradıcı adamlar üçün geniş meydan açıb, müəyyən ənənə formalaşdıra biliblər.
”“ Bəs, adı, imici, fəaliyyəti ictimaiyyətdə heç də birmənalı qarşılanmayan indiki sədr Arif Alışanov haqqında nə deyə bilərsiniz?
”“ Bu adamın rəhbərliyə gəlişi, içi mən qarışıq, əməkdaşların əksəriyyətində illüziya yaratmışdı. Amma çox tezliklə məlum oldu ki, sədr kreslosuna əyləşmiş bu adamın içi bom-boşdur, çox bəsitdir, yaradıcı qabiliyyəti, idarəçilik mədəniyyəti, adi savadı, ümumi səviyyəsi və elementar dünyagörüşü yoxdur. Bu səviyyə ilə də heç nə yaratmağa qadir deyil. Yarada bilməyəndə isə adamların başını digər şeylərlə qatmalı olursan, sökməyə və dağıtmağa meyillənirsən. İndi ekranda sadəlövh tamaşaçını aldatmağa xidmət edən kosmetik görüntülərə baxmayaraq, Alışanov mahiyyətcə yaradıcılıqdan çox uzaq, dağıdıcı adamdır. Pis odur ki, məqsədi televiziya inkişaf etdirmək olmayan belə tragikomik adamlar yaradıcı şəxslərə və bütövlükdə televiziyaya ciddi zərər vurur, insanların mənəviyyatını zədələyirlər. Buna görə də mən Arif Alışanovu AzTV tarixinin qara ləkəsi adlandıranların fikri ilə razıyam.
”“ Axı hamı indi də danışır ki, siz vaxtilə Alışanovla çox yaxın dost olmusunuz...
”“ Bu köhnə mövzu olsa da, əlbəttə, mən bu adamla nə vaxtsa yaxın olmağımı dana bilmərəm və o vaxtkı Alışanov haqqında da yalnız yaxşı şeylər deyə bilərəm. Amma bilirsiniz, hamının zay çıxan dostu ola bilər, o cümlədən mənim də (gülür). Təəssüf ki, Alışanov sədr kreslosunda təkcə məni yox, onu tanıyanların çoxunu təəccübləndirdi. Feodal düşüncəsi, əcaib idarəçiliyi, kobudluğu, məkrliyi, şərə xidməti, qeyri-adekvat və impulsiv davranışları ilə nələrə “qadir olduğunu” üzə çıxartdı. Bir də bu adam insan xislətinin nə qədər mürəkkəb olduğunu və bir də insan yaramazlığının nə qədər tükənməz potensiala malik olduğunu göstərdi.
”“ Demək istəyirsiniz ki, onun rəhbərlik etdiyi bu on ildə AzTV-də yaxşı heç nə olmayıb?
”“ Elə düşünmək ədalətsizlik olardı, mən demək istəyirəm ki, potensialına görə bu TV-nin tərəqqi etmək imkanları daha böyükdür. Bilirsiniz, AzTV-nin müəyyən ənənənəsi var və sədrin kimliyindən asılı olmayaraq həmin ənənələr davam edir. Bu mənada, əlbəttə, yaxşı cəhət odur ki, bu 10 ildə ekranda görüntünün keyfiyyəti xeyli yüksəlib, maddi-texniki baza güclənib, təmir-tikinti işləri genişlənib, kənardan lisenziyalı proqramlar alınıb, muğam müsabiqələri keçirilib, xüsusən musiqi proqramlarının, eləcə də bəzi ədəbi verilişlərin çəkilişi və təqdimatı yaxşılaşıb. Əsas odur ki, büdcə artırılıb, amma bunun müqabilində əməkdaşların maaşı azaldılıb, bir çox peşəkar kadrlar, o cümlədən yaxşı rejissor, aparıcı və prodüsserlər telekanalı tərk edib və ya işdən çıxarılıb, sifəti olan aparıcılar yoxa çıxıb. Xoşa gəlməyən odur ki, gəncləşdirmə adı ilə oraya xeyli naşı və təfəkkürsüz adamlar doldurulub. Alışanov o boyda TV-ni, sanki eksperimental studiyaya, oyuncağa çevirib, strukturla bağlı tez-tez qeyri-ciddi, diletant və bəzən də əcaib addımlar atılır, mənasız kadr dəyişiklikləri ara vermir. Rəhbərin qeyri-sabit, dəyişkən və qərarsız olması istənilən televiziya üçün təhlükədir.
”“ Siz efirdə nələri ciddi nöqsan hesab edirsiniz?
”“ Çox şeyləri sadalamaq olar, amma detallara varmadan bircə konseptual məsələni deyim. Fikrimcə, ən pis olan AzTV-nin kommersiyalaşması və özəl kanalları yamsılamasıdır. Yəni bu qədər yaradıcı qüvvəsi və pulu olan bir TV-nin özəl kanalların artığına göz dikməsi, oradan layihə və aparıcı gətirməsi biabırçılıqdır. Bu gün format etibarı ilə AzTV ekranına yaraşmayan çoxlu sayda verilişlərin gəlməsi acizlikdir. Halbuki bu TV-nin özündə hələ istedadlı adamlar var və onlar daha maraqlı proqramlar hazırlaya bilərlər, amma faciə bundadır ki, əvvəla, pul xərcləmək istəmirlər, ikincisi isə həmin adamlara meydan vermirlər. Bu səbəbdən də telekanalın öz məhsulu olan orijinal və baxımlı verilişlər azdır. Bir də aşkar hiss olunur ki, AzTV-nin uzun illər ərzində formalaşdırdığı yaradıcılıq meyarları itib, indi hər hansı verilişə qiymət verərkən peşəkar meyarlar yox, Alışanovun və onun iş tapşırdığı adamların bəsit zövqü əsas götürülür. Ona görə də 60 illik tarixi olan bir televiziya zövqsüzlüyün, bəsitliyin və özfəaliyyətin qurbanına çevrilir. Düşünmək lazımdır, axı necə olur ki, ATV və ANS kimi məhdud maliyyə resursları olan telekanalların verilişləri dövlətin hər il büdcədən milyonlarla manat vəsait ayırdığı AzTV-nin proqramlarından maraqlı olur?
”“ Bəlkə bunun bir səbəbi maliyyənin düzgün xərclənməməsi ilə bağlıdır. Siz adını əvvəldə çəkdiyiniz mərhum Elşad Quliyev vaxtilə AzTV-nin kriminallaşmasını xüsusi olaraq qeyd edirdi. Siz buna necə baxırsınız?
”“ Sualınızın qoyuluşu çox incədir, amma kriminallaşma məsələsi iqtisad çətinliklərlə üzləşdiyimiz bu günün yoğun problemlərindən biridir. AzTV-dəki kriminal barədə ölkədə danışmayan yoxdur, mən hələ bu barədə yazılanları demirəm. Rəhmətlik Elşad müəllim də o vaxt məhz AzTV-nin indiki sədri Arif Alışanovun ciddi söz-söhbətlərə səbəb olmuş maliyyə fəaliyyətini nəzərdə tutaraq bu barədə həyəcan təbili çalırdı. Onda Alışanov sədr müavini idi və maliyyə məsələlərini idarə edirdi. İndi isə o, sədrdir və hər şeyə baxır, deyilənə görə, hətta İTV-nin kadr və maliyyə məsələsini də bu qoçaq həll edir. Belə olduqda siz də, başqaları da yəqin ki, indi vəziyyətin necəliyini, o cümlədən kriminallaşmanın miqyasını yəqin ki, aydın təsəvvür edirsiniz.
Ağa Cəfərli