Bir neçə gün bundan öncə Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan Laçının Alxaslı kəndindən olan Fehruz Məmişova məxsus hektarlarla torpaq sahəsinin MTN generalı Akif Çovdarov tərəfindən məcburi surətdə zəbt edilməsindən bəhs etmişdik. (//www.moderator.az/news/105771.html )
Bu gün məlum olaylarla
bağlı Moderator.az-ı bilgiləndirən özəl mənbə, məsələ ilə əlaqədar yeni
detallar açıqlayıb. Mənbənin sözlərinə görə, vaxtiylə A.Çovdarov və onun
komandasının ciddi təzyiqlərinə məruz qalan Məmişovlar ailəsinin üzvü,
torpaqlarının əldə çıxmasından qısa müddət sonra dünyasını dəyişən Fehruz Məmişovun
qardaşı Mehman Məmişovun vəfatı heç də sıradan bir ölüm olmayıb. Belə ki, mənbə
M.Məmişovun da qardaşı F.Məmişov kimi ciddi təzyiqlərə məruz qaldığını
bildirib. Mənbənin məlumatına görə, həmin ərəfədə M.Məmişova MTN-dən özünü Kənan
kimi təqdim edən bir şəxs zəng edərək onu idarəyə dəvət edib:
“Mehman Məmişova zəng edən
və özünü MTN əməkdaşı kimi təqdim eədn Kənan adlı şəxs onu idarəyə dəvət edir.
Deyilən vaxtda MTN-ə gələn Mehman Məmişov burada Kənan adlı şəxs tərəfindən 3-4
saat dindirilir. Daha doğrusu, Kənan adlı şəxs M.Məmişova başa salmağa çalışır
ki, sahib olduğu torpaqlardan əl çəkməlidir, əks təqdirdə “bu söhbətin axırı
yaxşı qurtarmayacaq”. Kənanın bütün eyham və təhdidlərinə baxmayaraq, M.Məmişov
torpaqlarından imtina etməklə razılaşmır və öz haqqını sona qədər müdafiə edəcəyini
bildirir”.
MTN-ə “yox” deyən Mehman Məmişov yoxa çıxır
Mənbənin sözlərinə görə,
MTN-nin Kənan adlı əməkdaşı ilə razılığa gəlməyən Mehman Məmişovun azadlıqdakı dinc
həyatı uzun çəkmir. Belə ki, günlərin bir günü M.Məmişov sözün tam mənası ilə “iynə
olub itir”:
“Kənanla görüşdən sonra
evinə qayıdan M.Məmişov bir müddətdən sonra yoxa çıxır. M.Məmişovun itməsindən
təşvişə düşən ailə üzvləri bütün qohum-əqrabaya, dost-tanışa haray salsa da,
itkin düşən şəxsi gördüm deyən olmur. Üç gün davam edən axtarışlar uğursuzluqla
nəticələnir. M.Məmişovdan xəbər ala bilməyən ailə üzvləri tədricən onun
öldüyünü düşünməyə, sağ olacağından ümidlərini kəsməyə başlayır”.
İtkin düşən şəxs qayıdır, amma...
Mənbənin sözlərinə görə,
M.Məmişovla bağlı ümidlərin azaldığı bir vaxtda itkin düşən şəxs gözlənilmədən
geri dönür və bütün suallara bir cümlə ilə cavab verir:
“M.Məmişovun geri dönməsi
ailə üzvlərini sevindirsə də, onun üç gün ərzində harda olması, üzündəki əzginlik
və qorxu ailə üzvlərini narahat edir. Onlar M.Məmişovdan harda olduğunu, niyə
yoxa çıxdığını soruşur. Lakin M.Məmişov saysız-hesabsız suallardan yalnız birinə
cavab verir. O, MTN-də olduğunu söyləyir və ailə üzvlərindən xahiş edir ki,
orada yaşadıqları haqqında ondan heç nə soruşmasınlar. Ümumiyyətlə, onun üç gün
yoxa çıxdığnı unutsunlar”.
Mehman Məmişova MTN-də verilən “ölüm hədiyyəsi”
Məlumatlı qaynağın sözlərinə
görə, M.Məmişov MTN-dən qayıdan sonra sürətlə zəifləməyə, kəskin ağrılardan əziyyət
çəkməyə başlayır: “
“3 günlük MTN
dustaqlığından sonra evə qayıdan M.Məmişovun səhhəti sürətlə pisləşməyə
başlayır. Həkimlərin bütün səyinə baxmayaraq, onun ağrılarını önləmək, xəstəliyini
müalicə etmək mümkün olmur. Nəticədə, MTN zirzəmisindən azad ediləndən təxminən
iki ay sonra M.Məmişov vəfat edir. Həkimlər onun beyin qurumasından dünyasını dəyişdiyini
bildirir”.
Mənbənin sözlərinə görə, M.Məmişovun
MTN-dən çıxdıqdan qısa müddət sonra dünyasını dəyişməsi ailə üzvlərini bu gün düşündürən
ağrılı məsələlərdən biridir. MTN-lə razılığa gəlməyən M.Məmişovun xəstəliyə
tutulacaq səviyyədə qorxudulduğu və ya məqsədli şəkildə hansısa xəstəliyə düçar
edildiyi ehtimalı da var ki, bu ehtimalın nə dərəcədə real olduğu yalnız ciddi
və hərtərəfli araşdırmadan, bu araşdırmalar sonucu verilən rəsmi rəydən sonra bəlli
ola bilər.
Mövzuya qayıdacayıq.
1.Mehman Məmişov MTN-dən qayıtdıqdn sonra hansı qəribəlikləri
ilə diqqət çəkib?
2. Onun ölümqabağı son sözü nə olub?
3.Mehman Məmişovun ölümündən sonra qardaşına zəng
edib torpaq tələb edən MTN əməkdaşı kimdir?
4.Mehman Məmişova MTN-dən hansı nömrələrlə zəng
vurulub?
4.Məmişovlar ailəsinə yönəlik basqı və təzyiqlərdə
iştirak edən, onların üzləşdikləri qanunsuzluqlara göz yuman səlahiyyət sahibləri
kim olub?