Laçının Qorçu qəsəbəsinin təməli qoyulub
3801
27 May 2023 | 22:00

Laçının Qorçu qəsəbəsinin təməli qoyulub

Mayın 27-də Laçın rayonunun Qorçu qəsəbəsinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayın sol qolu olan Qorçu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.

Qorçu qəsəbəsi Laçının Ağalaruşağı, Oğuldərə, Zağaltı, Qarabəyli, Korcabulaq, Lolabağırlı kəndləri ilə birlikdə layihələndirilir. Ümumi sahəsi 300 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 142,54 hektar təşkil edir. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.

Diqqətə çatdırıldı ki, Qorçu qəsəbəsinə birinci mərhələdə köçürüləcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə tutulur. Bir fərdi evinin həyətyanı sahəsi 700 kvadratmetr olacaq. Ərazinin kəskin relyefli olduğunu nəzərə alaraq, perspektivdə Qorçu qəsəbəsinin inkişaf dövrü üçün dördmərtəbəli 39 yaşayış binasından ibarət məhəllələrin salınması planlaşdırılıb.

Qeyd edildi ki, qəsəbənin mərkəzində birinci mərhələdə sosial və ictimai obyektlər olan inzibati bina, klub-icma mərkəzi, kitabxana və internet zalı, tibb məntəqəsi, mehmanxana, idman-sağlamlıq mərkəzi, restoran, xalq sənətkarlığı emalatxanaları, satış köşkləri və bazar kompleksinin tikintisi nəzərdə tutulur. Qəsəbədə təhsil ocaqlarına olan tələbatı ödəmək məqsədilə, ilk növbədə, 264 yerlik məktəb və 140 yerlik uşaq bağçası, perspektivdə isə 864 yerlik məktəb və 280 yerlik uşaq bağçası tikiləcək.

Bildirildi ki, həmçinin qəsəbədə yaşayacaq əhalinin məşğulluğunun təmin olunacağı idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri üçün şərait yaradılır. Yaşayış zonalarını əlaqələndirmək üçün Qorçu çayının üzərində körpülərin inşası da planlaşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər