“Mənim bu əhaliyə bir vəfa borcum var”
Müsahibə
5367
01 Oct 2015 | 13:45

“Mənim bu əhaliyə bir vəfa borcum var”

“Azadlıq-2015” blokunun qeydiyyata alınan ilk namizədi Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev oldu. Bu baxımdan və bütövlükdə seçki prosesinin ilkin nəticələri ilə bağlı durum dəyərləndirməsi yapa bilmək üçün Elşad bəydən biz sıra suallarımızı cavablandırmasını xahiş elədik.
 
- Elşad bəy, əlamətlərə inanırsınızmı?

- Mən ilahi varlığa inanıram, açığı o barədə heç fikirləşməmişəm.

- Belə maneəsiz, baryersiz, rahat qeydiyyata alınmaq, əlamət kimi bir  şey deyilmi?

- Yox, biz 1995-ci ildən bəri, nəyi bacarmasaq da, qeydə alınmaq məsələsini yaxşı bacarırıq. Hələ bir dəfə də olmayıb ki, ilişək.

- Həmişə söhbət zamanı siz deyibsiniz ki, indiyə qədər azı 5 dəfə seçkini udubsunuz. Atalarsa üçəcən deyib, bu dəfə nə gözləyirsiniz?

- Mən bu dairənin ərazisində üç dəfə seçkini udmuşam. Ümumiyyətlə Binəqədi rayon ərazisində, təkrar seçkiləri də götürsək, bu uduşların sayı beşdir. 1995-ci ildə bu dairənin ərazisində seçkini udmuşam, bütün respublika üzrə seçkiinin nəticələri elan olunub, bu dairəninki isə elan olunmayıb, çünki 39 dairənin 33-nün yekun protokolu məndə var idi. Bütün dairələrin nəticələri elan olunandan 2 gün sonra, Akif Muradverdiyevi qalib elan elədilər. Allah qapısını açsın, o hazırda həbsdədi. 1996-cı ildə, indiki 8-ci dairədən seçkini udmuşam, təkrar seçki eləyiblər, mənim səslərimi də 49,3 faizə salıblar, “50+1” olmasın deyə. O təkrar seçkidə də rəhmətlik Toğrul İbrahimlini qalib elan ediblər. 2000-ci ildə yenə 8-ci dairənin ərazisindən seçkini udmuşam, 6 nəfərim həbs edilib, Oqtay Əsədovu buraxıblar, daha sonra isə dalbadal iki dəfə Rəfael Cəbrayılovu indiki 9 saylı dairənin ərazisindən qalib elan eləyiblər. Hətta hakim partiyanın yetkilisi də çıxıb bəyan elədi ki, bu adam açıq-aşkar pul paylayır, onun namizədliyi ləğv edilməlidir. Bütün bunlara baxmayaraq, o qalib elan olundu. Yəni, bu rayonun ərazisində 5 dəfə mənim haqqım yeyilib. Bu rayonun əhalisinin həmişə dəstəyini hiss eləmişəm. Mənim bu əhaliyə bir vəfa borcum var. Kimlərsə meydandan qaçır, mənim qaçmaqla işim yoxdu, sona qədər də namzədliyimi verməyə qərarlıyam.

- Bir dəfə Qurban Məmmədovdan müsahibə alırdım. O dedi ki, Hüseyn Abdullayev (Quska) mənim mandatımı satın aldı, indi onun cəzasını çəkir. Siz də heç elə düşünürsünüzmü ki,  kimlərsə, həbsdədi, kimsə dünyasını dəyişib. Bu cür alqılanmalar yoxdu ki?

- Vallah başqalarının işinə qarışmaq istəmirəm, amma kimsənin haqqını yemək olmaz. Bir ilahi təcəlli var axı, nahaq iş görən adamlar cəzasını çəkməlidi.

 - Elşad bəy, bilirsiniz ki, ölkədə vəziyyət heç də yaxşı deyil. Avropa ilə, dünyayla çox ciddi problemlər var, bu yanda da, nə qədər Rusiyaynan görüntü versələr də, görünür orda da vəziyyət yaxşı deyil. Bu situasiyada sizcə, ümumiyyətlə seçkilərin keçirilməsi və nəticələri Azərbaycana nə verəcək?

- Seçkilərə bir ay qalsa da, qəsdən elə atmosfer yaradılıb ki, seçki ab-havası hiss olunmasın. Lakin buna baxmayaraq, kimin nə deyib, nə düşünməsindən asılı olmayaraq, bu və ya digər dairələrdən namizədlər irəli sürülüb, az-çox insanların seçki barədə xəbərləri olur, amma təbii ki, ümumi vəziyyət qənaətbəxş deyil. Qaldı ki, ölkənin xarici siyasət kursuna, Azərbaycanın Avropa ilə münasibətinin kəskinləşməsinə, Rusiya ilə münasibətlərə, təbii ki, diqqət çəkən amillər çoxdur. Faktiki olaraq Azərbaycan izolyasiya şəraitinə salınıb, daha doğrusu, özü özünü bu vəziyyətə salıb. Aparılan siyasət onu göstərir ki, Azərbaycan Avropadan uzaqlaşdıqca, Rusiyaya yaxınlaşır, Rusiya da bundan istifadə eləməyə çalışır. Burda hadisələrə ikili yanaşma var. Birinci yanaşma budur ki, Azərbaycanı sanksiyalar, basqılar gözləyir və bir qisim də bunu arzulayır. Ikinci tərəfdən, əgər müxalifət yalnız özünü fikirləşirsə, hakimiyyətin zəifləməsini və növbəti mərhələdə sıradan çıxmasını istəyirsə, belə görünə bilər ki, bu həqiqətən də, müxalifətə sərf eləyən variantdı. Amma təmkinlə hadisələri təhlil eləyərkən görürük ki, bu variant  Azərbaycana, bütövlükdə ölkəmizə, xalqımıza qətiyyən sərf eləmir. Çünki sanksiyaların acısını nazirlər, oliqarxlar, hakimiyyətin ləzzətini görənlər deyil, xalq, ölkə, millət çəkir. Adətən biz proseslərə bu baxımdan yanaşırıq, özümüzə ziyan olsa belə, təbii ki, ölkənin, dövlətin mənafeyi birinci olduğu üçün, biz təmkinlə, normal, ağıllı prosesin aparılmasının tərəfdarıyıq. Indiyə qədər bir neçə dəfə hakimiyyət nümayəndələri ilə bizim görüşlərimiz oldu. Bunu görüş adlandıran da oldu, dialoq adlandıran da. Indiki dövrdə dostların çoxu belə hesab edir ki, bəlkə heç ona ehtiyac da yox idi, amma mən hesab edirəm ki, görüşdən, dialoqdan heç vaxt qaçmaq olmaz. Düşmən düşmənlə də, dost dostla da təmasa girir və bütün mübahisələri məsələlər yalnız danışıq yolu ilə ağrısız və az itkilərlə həll oluna bilər. Mən belə hesab edirəm ki, bu proseslərdən çəkinmək ciddi səhvdi və hakimiyyətin bu prosesdən çəkilməsi də, görünür  daxildəki qruplardan kiminsə daha güclü olmasının, kiminsə bu xəttə qarşı daha sərt yanaşmasının nəticəsidi. Amma hər halda bu, hakimiyyətin son dövrlərin ölkədə barış və qarşılıqlı inam mühiti üçün yarana biləcək şansa vurduğu ən böyük zərbədi. Növbəti mərhələ üçün, bildiyiniz kimi, faktiki Azərbaycanda seçkilərin nəticəsini Avropanın hansısa təşkilatları şübhə altına qoyur və təbii ki, hakimiyyət buna imkan verir, şərait yaradır. Bir şeyi də nəzərinizə çatdırım ki, bizim mövqeyimiz fərqlidi, biz hesab eləmirik ki, iri güclər Azərbaycana bu təzyiqi, burda demokratiyanın olması üçün eləyirlər. Təbii ki, onların öz maraqları da var,  və o maraqlardan çıxış edərək Azərbaycanda keçirilən saxta seçkilərə dəfələrlə dəstək veriblər. Azərbaycan hakimiyyəti də, bu illər ərzində əlində olan şanslarıı qaçırdığı üçün, ölkə indi təzyiqlərlə üz-üzədir və təbii ki, xalq da bu təzyiqlərin ağır nəticəsini çəkəcək. Azərbaycan hakimiyyəti, heç olmasa bu son şansdan istifadə eləməlidi. Ölkədə siyasi məhbuslar məsələsi də daxil, həll olunacaq çoxlu problemlər var ki, onların həlli yolunda hakimiyyət addımlar atmalıdır. Bu şansı qaçırsalar, hakimiyyət üçün intiharla nəticələnə bilər.

- Hakimiyyət dialoq prosesindən çəkildimi?

- Görünəni odu ki, hakimiyyət dialoq prosesindən çəkilib və dialoq əleyhinə olan qüvvələrin daha güclü olduğu hiss olunur. Ölkədə rusiyanın 5-ci kalonunun daha güclü mövqeyə sahib olduğu, açıq-aşkar hiss olunur və seçkilərdə namizədlərin verilməsində də bu aydın şəkildə görünür.

- Adətən seçki ərəfəsində bütün cəmiyyət YAP-ın siyahısını gözləyir və əslində müxalifətdə də, elə  sizing təmsiı olunduğunuz  blokda da əsas hesablar ondan sonra yapılır...

- Seçkilərlə bağlı çox geniş danışa bilməyəcəm, çünki hələ təbliğat müddəti başlamayıb. Amma başqalarını bilmirəm, biz heç çəkinmədən üzvü olduğumuz dairədə namizədliyimizi vermişik. Və hesab edirik ki, YAP-ın, başqasının siyahısını gözləməkdənsə, normal seçki kampaniyası qurmaq lazımdır. Başqa dostlarımızın başqa fikirləri varsa, ona da hörmətlə yanaşmaq lazımdır. Hər halda, biz öz addımlarımızı özümüz müəyyənləşdiririk və indiyə kimi atılan addımlardan da görünür ki, biz qərarımızı müstəqil surətdə veririk. Ölkənin əksər rayonlarında “Azadlıq 2015” in namizədləri var və biz də calışırıq ki, onların 60 nəfərdən yuxarı qeydiyyatdan keçməsinə nail olaq ki, pulsuz efirdən istifadə haqqını qazanaq. Lakin bu, o qədər inandırıcı deyil, çünki əvvəlcədən hakimiyyət nümayəndərinin bu məsələlərlə bağlı mövqeləri ortadadı. Amma hər halda, kimin nə deməsindən asılı olmayaraq, biz bu prosesi davam elətdirməyə çalışırıq.

- Elşad bəy, bir ara sizin blokdan da bir boykot sədalarına oxşar bir şeylər gəldi, hətta fövqəladə toplantı-filan da oldu. Bəzi açıqlamalar oldu, briləri dedi ki, blokun nə qərar verməsindən asılı olmayaraq gedəcəyik, biriləri dedi ki, blok nə qərar versə onnan gedəcəyik. Blokda olduğunuz adamlarla, təşkilatlarla gerçəkdən seçki məsələlərində fikirləriniz eynidimi, yoxsa fərqli fikirlər var? Bir də boykot qərarı çıxsa Elşad Musayev hansı addımı atacaq və seçimi nə olacaq?

 ”“ 7 partiyanın təmsil olunduğu “Azadlıq 2015” seçki blokunda, təbii ki, fərqli mövqelər də, üst-üstə düşən möqelər də ola bilər, amma sonda hər şey uzlaşdırılır. Rayonlarda bizim namizədlərə çoxlu basqılar olduğu üçün, təbii ki, yerlərdən də belə səslər gəldi, mərkəzin özündə də belə fikirlər oldu, müzakirə olundu. Burda qeyri-adi heç nə yoxdu. Amma bir şeyi deyim ki, kimsə “mən çəkiilmirəm” deyirsə, mən onu doğru hesab eləmirəm. Bunu bizim dostlarımız desə belə. Çünki biz onsuz da öz aramızda  məsləhətləşib yekun qərara gəlirik. Ona uyğun da addım atılır. Ona görə əvvəlcədən demək ki, qərar qəbul olunsa da mən gedirəm, olunmasa da, ya təlskənliklə deyilmiş sözdür, ya da situasiyanı doğru qiymətləndirməməyin nəticəsidir. Qanuna görə, ümumiyyətlə bir partiya qalsa belə, “Azadlıq 2015” adı ilə seşkiyə gedə bilər. Amma bunu da deyim ki, ola bilsin kimsə seçkiyə öz düşündüyü kimi gedir, başqa cür arzulayanlar da ola bilər. Mən hesab edirəm ki, bu seçki prosesini hakimiyyətin nəyi və necə istəməsinə baxmayaraq, axıra qədər aparmaq lazımdı. Kimin necə düşünməsindən asılı olmayaraq, bu bizim seçdiyimiz yoldu və yaranan bir şansdı ki, bu şansdan da son ana qədər istifadə etməyi düşünürük. Növbəti mərhələdə, təbii ki, çox ciddi gərginliklər olacaq, o gərginliyə də hər bir partiya, hər bir siyasi blok hazır olmalıdı. Bu bir şansdı və bu şansdan yararlanmamağı mən düzgün hesab etmirəm. Mübarizədən qaçmaq olmaz.

- Sizin bu biri cinahda çox açıq şəkildə deyillər ki, indiki şərtlərdə seçkiyə getmək xəyanətdi. Birdən bu ilki seçkilər əvvəlkilərdən daha biabırçı formada saxtalaşdırılsa, o zaman ictimai rəydən gələcək basqılara hazırsızmı?

- Azərbaycanda son ana qədər, hakimiyyət və hakimiyyətə yaxınlığı ilə seçilən  düşərgədən savayı kim deyib ki, biz ölkədə demokratik seçki gözləyirik? Heç kəs bunu demir. Biz ölkədə demokratik seçki keçirilməsi uğrunda mübarizə aparırıq. Meydandan çəkilsək, hakimiyyət nə istəsə onu da eləyəcək. Indidən bir xeyli basqılar, qanun pozuntuları var. Biz onları qeydə alırıq, işıqlandırırıq, etirazımızı bildiririk. Bu mübarizənin bir formasıdı. Seçkilərdə də təbii ki, bu mübarizəni tətbiq eləyəcəyik, təbii ki, nə qədər gücümüz çatacaqsa. Ondan sonra lazımi addımlar atılacaq. Biz hesab edirik ki, tutduğumuz yol doğru yoldu. Başqalarının fikrinə də hörmətlə yanaşırıq.

- AXCP-nin qurultayına sizi dəvət eləmişdilərmi?

- Dəvət eləməmişdilər, nə bunu gözləyirdim, nə də marağındaydım.  Biz onlarla fərqli düşüncənin adamlarıyıq, hərənin öz yolu var.

- Ümumiyyətlə Elşad Musayev deputat seçilərsə, o ərazinin əhalisi əvvəlkilərdən nə kimi fərq görəcək, nəyə ümid edə bilərlər?

- Mənim seçicilərimə həmişə bircə sözüm olub, mən yalan danışmayacam.(ps-nota.com)
Link kopyalandı!
Son xəbərlər