“Tramp görsənmək istədiyi qədər də cəsarətli adam deyil” - Qüdrət Həsənquliyev
3690
08 Nov 2024 | 15:10

“Tramp görsənmək istədiyi qədər də cəsarətli adam deyil” - Qüdrət Həsənquliyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:
 
- Qüdrət bəy, ABŞ-da seçki öncəsi keçirilən rəy sorğularının əksinə olaraq Tramp böyük səs çoxluğu ilə inamlı qələbə qazandı. Sizcə niyə?
 
- Harris Yamayka-Hindisatan mənşəli qaradərili qadın olaraq öz karyerasının ən yüksək mərhələsinə qalxmışdı. O səhv və ya düz olmasından asılı olmayaraq, müstəqil qərar qəbul etmək gücündə olan lider təsiri bağışlamırdı. Vitse-prezident kimi də özünü göstərə, təsdiq edə bilmədi. O, yalnız, bəzən hətta yersiz gülüşləri ilə diqqət çəkə bilmişdi. Bütün xalqlar zəif liderləri bağışlamır. ABŞ-nin Əfqanıstandan dovşan qaçışı, Ukraynada, Yaxın Şərqdə müharibəni önləyə bilməməsi, Ukraynaya silah verməkdən çəkinməsi Bayden administrasiyasının satqın, yaxud qorxaq olmasının əlaməti kimi qəbul olunurdu. Bayden anlamırdı ki, ABŞ-nin Ukraynada məğlubiyyəti həm demokratların seçkilərdə məğlubiyyəti, həm də dünyada ABŞ-nin liderliyinə son qoyulması demək olacaq. Tramp iki dəfə məhz qadın namizədlərə qalib gəlib. ABŞ cəmiyyəti qadını, həm də qaradərili birisini prezident seçməyə hazır deyil. ABŞ-də irqçiliyin dərin kökləri var. Bundan başqa, Harris və Bayden adminstrasiyası Trampın soxsaylı cinayətlər törətməkdə təqsirli bilinməsindən istifadə edib 4 il ərzində onu məsuliyyətə cəlb edə bilmədi. Cəmiyyət iqtidarın bu zəifliyini də gördü. Tramp isə məharətlə yenidən seçilməyəcəyi təqdirdə cəmiyyəti seçkilərin nəticələrini tanımayacağı və inqilabla qorxudurdu. Bu taktika özünü doğrultdu.
 
- Tramp Ukraynada müharibəni dayandıra biləcəkmi?
 
- Tramp Ukraynanın kapitulyasiyası hesabına olsa da buna cəhd edəcək. Onun Rusiyaya həm də bir vəfa borcu var. Onun qələbəsini şərtləndirən əsas faktorlardan biri seçki ərəfəsi Rusiyanın Ukraynanın çoxsaylı yaşayış məntəqələrini ələ keçirməsi idi. 1994-cü ildə ABŞ Rusiya ilə birlikdə Ukraynanın təhlükəsizliyinə və ərazi bütövlüyünə ciddi təminat vermədən nüvə silahını onun əlindən aldı. ABŞ 2014-cü ildə Ukrayna ərazilərinin böyük bir qisminin işğalına göz yumdu, işğala yaşıl işıq yandırdı. Bu dəfə də Tramp Rusiya ilə birləşib sülh naminə Ukraynanı böyük torpaq itkilərinə məcbur edəcək. Tramp görsənmək istədiyi qədər də cəsarətli adam deyil. Əksi olsaydı, hakimiyyətdə olduğu 2016-2020-ci illərdə Rusiyanı Ukrayna ərazilərindən çıxmağa məcbur edə, ən azından buna cəhd edə bilərdi. O, güclə hesablaşan adamdı. Onun “raket adam” adlandırdığı Kim Yong Unla görüşmək üçün Koreya yarımadasına səfəri, güclü liderləri öyməsi də göz önündədir. Biz bunu nəzərə almalıyıq. Onun bizə qarşı yönələn seçkiqabağı verdiyi ermənipərəst bəyanatlardan da narahat olmağa dəyməz, o bütünlükdə seçki vədlərinin heç 20%-ni də yerinə yetirə bilməyəcək.
 
- Tramp ətarfındakı Robert Kennedi kimi ermənipərəst adamlarən təsiri ilə bizə promlemlər yarada bilərmi?
 
- Biz hər şeyə hazır olmalıyıq. ABŞ-yə münasibətimiz də adekvat olmalıdır. Ümid edirəm ABŞ Azərbaycanla əməkdaşlıq yolunu seçəcək.
 
- Trampın həyatına sui-qəsd ehtimalı yüksəkdirmi?
 
- ABŞ cəmiyyəti silahlanmış və zorakılığa meyillidir. Buna görə hər şey ola bilər. Əvvəllər də ABŞ prezidentlərinə sui-qəsdlər təşkil edilib, öldürülənlər olub.
 
- ABŞ-İran müharibəsini real sayırsınızmı?
 
- Trampa inansaq, o, bəyan etdi ki, onun prezidentliyi zamanı müharibələr olmayacaq və o müharibələri dayandıracaq. Ancaq onu qeyd edim ki, müasir dövrdə bu kimi açıqlamalar sülhə xidmət etmir və müharibələri stimullaşdırır. Vəhşilik, qəddarlıq, başqalarını idarə etmək, aşağılamaq istəyi, hərislik insana xas olan xüsusiyyətlərdir. Ona görə bu keyfiyyətlərə malik dövlət başçılarını dayandırmaq üçün güc tətbiqi yeganə vasitədir. İnanmaq istəyirəm ki, Pezeşkian müdrik insan kimi İranı müharibədən yayındıra biləcək, İsaraillə düşmənçiliyə son qoymağı bacaracaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər