İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
Müsahibə
1948
05 Oct 2024 | 13:22

İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Ermənistan tərəfi razılaşdırılmış müddəalar əsasında sülhün əldə edilməsini gündəmə gətirir. Amma digər fundamental məsələlər kənara qoyulur. Sizcə, Azərbaycan hansı əsasla yarımçıq sənədə imza atmalıdır?
 
- Sülh üçün əsas şərtlər var. Azərbaycan tərəfi bununla bağlı öz mövqeyini bəyan edib. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı əsassız ərazi iddiaları aradan qaldırmayınca, sülhün olması mümkün deyil. Erməni tərəfi ya öz konstitusiyasını dəyişməli, ya da bununla bağlı tədbir görməlidir. Bu halda isə Azərbaycana qarşı heç bir məsələ həmin konstitusiyada əksini tapmamalıdır.
 
- Sülh gündəliyini davamlı olaraq manipuliyasiya etməkdə məqsəd nədir?
 
- Nikol Paşinyan əslində bununla görüntü yaradıb, məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyir. Amma bu gedişlər indiki halda effektiv olmayacaq. Sülhlə bağlı yerdə qalan məsələləri razılaşdırıb masaya oturmaq olar. Bunun əksinə olacaq heç bir məsələyə görə, Azərbaycan razılıq verməyəcək.
 
- Çərçivə sülh sazişinin imzalanması nə dərəcədə real görünür?
 
- Sözsüz ki, yekun sülh sazişinə qədər əldə edilmiş razılaşma əsasında müəyyən məsələlər üzrə sənədləri paraflamaq olar. Bu çərçivə layihəsi kimi də təsbit olunur. Ermənistana ancaq bu halda vaxt vermək olar ki, o öz konstitusiyasında və digər hüquqi aktlarında olan əsassız iddiaları ləğv etsin. Erməni tərəfinin konstitusiyada hansı dəyişiklikləri aparacağı, əlavələri necə edəcəyi isə onun daxili işidir.
 
- Ermənistana bununla bağlı hansı təzyiqlər edilə bilər?
 
- Azərbaycanın bununla bağlı öz təzyiq metodları var. Çünki Ermənistan konstitusiyasında olan məsələlər aradan qalxmayınca bu gələcək üçün də açıq təhdidlər yaradır. Nikol Paşinyandan sonra formalaşacaq siyasi konyuktura əsaslı sülh olmasa bundan imtina edəcək. İddia edə bilərlər ki, bu, Ermənistan Konstitusiyasına ziddir.
 
- Sülh danışıqlarının indiki halda dalana dirənməsinə səbəb nədir?
 
- Ermənistan tərəfi iddia edir ki, günü sabah sülh sazişi imzalaya bilərik. Daha sonra isə bildirirlər ki, sülh danışıqları dalana dirənib. Paşinyan da BMT tribunasından da bəyan etdi ki, sülh sazişini imzalamağa hazırdır. Sadəcə olaraq Ermənistan razılaşdırılmış məsələlər üzərində sülh sazişi imzalamağın mümkünlüyündən danışır. Hətta iddia edirlər ki, Azərbaycana bu məsələdə Qərbdən təzyiqlər olmalıdır.
 
- Zəngəzur dəhlizi ilə bağlı İran yenidən narahatedici mövqe sərgiləyir. Tehranı bu məsələdə narahat edən səbəb nədir?
 
- İran öz ərazisindən keçən kommunikasiya xəttlərinin olmasında maraqlıdır. Çünki bu xətlər İran üçün əlavə gəlir deməkdir. Naxçıvana gedən yolun da İran öz ərazisindən keçməsini istəyir. Tehran Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə alternativ yolun açılmasını arzulayır. Ona görə də, İran Zəngəzur dəhlizinə yox deyir. Əslində İran Ermənistan sərhəddini rus sərhədçiləri qoruyur. Amma Tehran nədənsə buna etiraz etmir. Əgər İran üçüncü ölkənin bölgədə olmasından narahatdırsa, bu artıq rus ordusunun nümunəsində mövcuddur. Bu baxımdan Tehranın arqumenti çox zəifdir.
Link kopyalandı!
Son xəbərlər