İran dövlət televiziyasının "Üfüq" kanalının aparıcısı Hüseyn Hüseyni ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhedianın da iştirak etdiyi verilişdə Azərbaycan dövlətini həyasızcasına "Şimali Azərbaycan" adlandırıb. Eyni zamanda, o, Azərbaycanın İranın "keçmiş əziz parçası" olduğunu dilə gətirərək, "İrana birləşməsini" arzulayıb.
Xatırladaq ki, riyakar iranlı aparıcı daha öncə də efirdə Azərbaycanı və azərbaycanlıları tənqid edərək, İran hökumətinin adından ölkəmizə təhdidlər yağdırıb və separatçı fikirlər səsləndirib. Üstəlik, Hüseyni İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin dostudur. O Sübhani ki, onun da zaman-zaman Azərbaycan əleyhinə sərsəmlədiyinin şahidi olmuşuq.
Oxu.Az-ın mövzu ilə bağlı suallarını cavablandıran Cənubi azərbaycanlı hüquq müdafiəçisi, siyasi şərhçi Çingiz Göytürk bildirib ki, İranda, Azərbaycan Respublikasından fərqli olaraq, hər hansı bir jurnalist, aparıcı və ya ekspertin öz subyektiv fikirlərini səsləndirməsi nadir görünən bir haldır:
"Bu baş verdikdə isə hadisə hüquq-mühafizə orqanlarının bölmələrində yekunlaşır. Hələ söhbət dövlət televiziyasından gedirsə, burada səslənən bütün fikirlər yalnız hakimiyyətin rəsmi və ya qeyri-rəsmi mövqeyi ola bilər. "Azərbaycanın keçmişdə İranın bir parçası olması" uydurması isə ilk dəfə deyil ki, İranın rəsmi dövlət kanallarında səsləndirilir. Hətta son 30 ildə bu cəfəngiyyatı dəfələrlə İran rəsmilərinin dilindən də eşitmişik. Artıq heç kim üçün sirr deyil ki, İran Azərbaycan Respublikasının varlığını öz milli təhlükəsizliyi üçün ciddi təhdid olaraq görür və bu, İranın xarici siyasət doktrinasında açıq bir şəkildə öz əksini tapıb. Hüseyn Hüseyni, Əli Əkbər Rafeipur, Ehsan Movəhedian və s. dırnaqarası ekspertlər ancaq İran rəsmilərinin mövqelərini səsləndirmək vəzifəsini daşıyırlar. Qeyd edim ki, Rafeipur da adlarını sadaladığımı ekspert və jurnalistlər kimi hakimiyyətin özünün yetişdirdiyi və önə çıxardığı siyasi şərhçilərdən biridir. O, ələlxüsus anti-Azərbaycan mövqeyi ilə tanınır və SEPAH-a çox yaxındır. Lakin maliyyə problemlərinə görə onu İbrahim Rəisi dövründə komandadan uzaqlaşdırdılar. Daha əvvəl isə hakimiyyətin əsas məsələlərdə fikir bildirən ekspertlərindən idi.
- Bəs bu ekspertlərin İranın milli maraqlarına zidd olan fəaliyyətləri nəyə hesablanıb və bu, onların ikili agent olduqlarını, xüsusən də Qərb dövlətləri tərəfindən idarə olunduğunu göstərmirmi? Çünki onların bəzi açıqlamaları ikibaşlı olur və gah Qərbin, gah da Qərbə düşmən olduğunu deyən hakimiyyətin maraqları ilə üst-üstə düşür... Üstəlik, İran daxilində müşahidə olunan terror hadisəsi də İranın Qərbin və İsrailin agentləri ilə dolu olduğunu deməyə əsas verir...
- Artıq İran rəsmilərinin özləri də açıq şəkildə etiraf edirlər ki, Qərb və İsrailin agentləri dövlətin ən dərin qatlarına belə nüfuz edə biliblər. Ancaq söhbət Rafeipur, Ehsan Movəhedian, Hüseyni, Sübhani və bu kimilərindən gedirsə, onlar rəsmi Tehranın Azərbaycana qarşı xarici siyasət kursunun birbaşa yetişdirmələridir və bu kursun məzmunundan başqa bir şey danışmırlar.
- O zaman bu agent şəbəkəsi Azərbaycan haqqında yalan məlumatlar yaymaqla, qərarların qəbulu prosesinə mənfi təsir göstərməklə İran-Azərbaycan münasibətlərinin strateji normallaşmasına mane olmur?
- Tehran özünün xarici siyasət doktrinasında ciddi dəyişikliklər aparmadığı, Bakıya qarşı baxışında düzəlişlər etmədiyi müddətdə İran-Azərbaycan münasibətlərinin strateji normallaşmasından qəti söhbət gedə bilməz. Müasir İran-Azərbaycan münasibətlərinin 33 illik tarixinə baxanda Tehranın Bakıya qarşı aqressiv münasibətinin mahiyyətində hər hansı bir dəyişikliyin baş verdiyini müşahidə edə bilmərik. Zaman-zaman gördüyümüz qismən yumşalmalar isə Azərbaycanın münasibətləri normallaşdırmaq cəhdini özündə ehtiva edən mövqeyindən yox, İran hakimiyyətinin hərbi-siyasi güc durumunun mövcud vəziyyətindən irəli gəlib. Yəni İran ancaq gücsüz olduğu zaman aqressiyasında yumşalmaya gedib.
- Bu kontekstdə İranın azərbaycanəsilli hazırkı Prezidenti Məsud Pezeşkianın mövqeyini necə dəyərləndirirsiniz? Nəzərə alsaq ki, İran prezidenti ali rəhbərin iradəsi və icazəsi olmadan müstəqil addım atmaq iqtidarında deyil, lakin buna baxmayaraq, Azərbaycan ictimaiyyətində Pezeşkiana ümidlər var idi...
- Həqiqətən də, zaman-zaman, xüsusən də seçkilərdən əvvəl Azərbaycan ictimaiyyətində belə təsəvvür yaranmışdı ki, Azərbaycana loyal münasibətdə olan hər hansı birisi hakimiyyətə gələrsə, İranın Azərbaycana qarşı xronikiləşmiş aqressiyası səngiyə bilər. Məsələn, İranın son prezident seçkisində belə bir ümid yaranmağa başlamışdı. Ancaq qısa bir müddətdə məlum oldu ki, İran dövlətinin Azərbaycana qarşı dost olmayan mövqeyinin şəxslərin istəyi ilə dəyişməsi mümkün deyil.
- Ümumiyyətlə, İran hakimiyyəti Azərbaycana qarşı radikal, xüsusən də işğalçılıq və separatçılıq meyillərini özündə əks etdirən fikir səsləndirənlərin qarşısını niyə almır? Çünki bu, bütün meyarları aşmaq, "qırmızı xətt"i keçməkdir.
- İran hakimiyyəti onları Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün özü yetişdirib. Ona görə də onların səsləndirdikləri fikirləri onların şəxsi mövqeyindən daha çox, birbaşa dövlət mövqeyinin ifadəsi kimi qəbul etmək lazımdır. Dövlət öz yaratdığı şəbəkənin qarşısını almaz ki.