Müsahibə
3000
17 Jan 2019 | 21:11

"Yanvarın 20-də Ali Sovetə gələndə bir deputat da görmədik…”

 1990-cı ilin Qanlı Yanvar olaylarından  29 il keçsə də, həmin faciəvi hadisələrin şahidləri üçün belə, hələ də qaranlıq qalan bir sıra məqamlar var...

 O müdhiş günlərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən tanınmış ictimai-siyasi xadim Maksim Musayev Moderator.az əməkdaşı ilə geniş söhbətdə şahidi olduğu olaylar, o cümlədən parlamentdə  baş verən proseslər, eləcə də bilavasitə faciədən sonra çağırılan sessiyanın keçirilməsi haqda  maraqlı faktlar nəql edib.

-

Maksim müəllim, artıq 29-cu ildönümünü qarşıladığımız Qara Yanvar faciəsi günlərində siz də Azərbaycan SSR Ali Sovetinin deputatlarından biri olmusunuz. O hüznlü, həm də vətəndaşların, eyni zamanda deputat və məmurların da Vətənə- Azərbaycana sadiqliyinin sınandığı ağır günlərdən hansı məqamlar daha çox yaddaşınıza həkk olunub?


-Həmişə 20 Yanvar faciəsindən danışanda  rəhmətlik dostum və deputat həmkarım Xəlil Xəlilovu xatırlayıram. O günlər fəallıq göstərən azsaylı deputatlardan biri də məhz o idi. Biz üç deputat: Xəlil Xəlilov, İnqilab Nadirov və mən qonşu küçələrdə yaşayırdıq. Yaxşı yadımdadır,  sovet ordusu Bakını qanına bələyən gecənin ertəsi, yəni yanvarın 20-də  sübh tezdən İnqilab Nadirov mənə zəng etdi. Bildirdi ki, işğalçı ordu əsgərləri bizim də binamızı  gülləbaran edib, ölənlər var.  “Hakimiyyət orqanları da, bildiyin kimi, iflic vəziyyətindədir.  İnsanlar bir deputat kimi mənə müraciət edirlər, bu işə bir əncam çəkmək gərəkdir…”

 

Dəstəyi yerə qoyub dərhal  İnqilabgilin binasına  yollandım.  Ona təklif etdim ki, Xəlili də dəvət edək, birlikdə bir qərara gələrik. Elə də etdik. Rəhmətliyi də çağırdıq. Dərhal gəldi. Qısa müzakirədən sonra belə qərara gəldik ki, Ali Sovetə yollanıb həmkarlarımızla birgə bir çıxış yolu aramaq lazımdır.  Mənim idarə etdiyim avtomaşınla Ayna Sultanovanın heykəlinin yanından birbaşa parlament binasına tərəf yola düşdük. Yolboyu sovet hərbçiləri dəfələrlə bizə atəş açsalar da, Allah güllələri bizdən yayındırırdı. Hər bir neçə kilometrdən bir də postlardakı hərbçilər bizi saxladır, sənədlərimizi yoxlayır, üst-başımıza avtomobilimizə baxış keçirirdilər. Lakin deputat mandatımıza görə hərəkətimizə o qədər də maneə törətmirdilər. Xəlil qabaqda əyləşdiyindən hərbçilərin sorğu-sualına daha çox o cavab verirdi. Yolboyu gördüyümüz dağıntılar, küçələrdəki qan, binalardakı, avtomobillərdəki güllə izləri, dağıntılar sovet ordusunun xalqımıza qarşı xain təcavüzünün dəhşətini anladırdı… Bu minvalla Ali Sovetə çatdıq…

 

-Parlamentdə ilk qarşınıza çıxan kim oldu? Deputatlardan var idimi binada?

 

-Ali Sovetin qapısında bizi yalnız mühafizəçilər qarşıladı. Təəssüf ki, həmkarlarımızdan heç kəs gözə dəymirdi. Qapıda duranlar bizi digər deputatların yerinə də məzəmmət etdi: “Ay deputatlar, indiyədək haradasınız?  Hələ Ali Sovet rəhbərliyindən heç kəs binaya daxil olmayıb… Deyilənə görə, şəhərdə çoxlu şəhid olan var…. Camaat dəstə-dəstə gəlib bizə suallar verir.   Biz kimik ki,  onlara nə isə deyə bilək, adi bina gözətçisiyik… Siz birinci deputatsınız ki, bu gün bu qapıdan içəri daxil olursunuz. Xahiş edirik, iş otaqlarının açarlarını alıb iş başına keçəsiniz. Siz daha yaxşı bilirsiniz, buraya gələn camaata necə cavab vermək lazımdır…”

 

Bu minvalla Xəlil otaqlardan birindən Ali Sovetin sədri Elmira Qafarova ilə, mən isə digər otaqdan sədr müavini N. Fətəliyevlə danışdım…İnqilab Nadirov da təcili olaraq fövqəladə sessiyanın çağırılmasıyla əlaqədar bir səhifədən ibarət müraciət yazdı və biz hər üçümüz onu imzalayaraq ümumi şöbədə qeydiyyatdan keçirdik…

 

Belə qərara gəldik ki, Xəlil Xəlilov parlament rəhbərləri gələnədək binada qalsın və  gələn insanların qəbulu ilə məşğul olsun. Mən isə İnqilab Nadirovla birgə həlak olanlar haqda məlumat toplamaq üçün indiki Şəhidlər Xiyabanına yollandıq. Artıq ilk qəbirlər qazılmaqda idi…

 

Biz yenidən parlamentə dönəndə Xəlil Xəlilov məlumat verdi ki, artıq respublikanın sanballı ziyalıları da Ali Sovetin növbədənkənar fövqəladə sessiyasının çağırılması təşəbbüsünə qoşulublar. Bildiyiniz kimi, hələ yanvarın 19-da axşam televiziyanın enerji bloku partladılmış, yığıncaq, mitinq və s. keçirmək qadağan edilmişdi. Odur ki, xalqı məlumatlandırmaq, faciə barədə dünyaya düzgün informasiya çatdırmaq, Kremlə sözümüzü demək üçün yeganə çıxış yolu  Ali Sovetin sessiyasını çağırmaq idi. Amma Moskva bütün respublikada fövqəladə vəziyyət və komendant  saatı tətbiq etdiyindən rayonlardakı deputatların Bakıya gəlməsi də böyük problemə çevrilmişdi…

 

-Bəs belə vəziyyətdə siz nə etdiniz?

 

-Biz parlament binasında sessiyanın çağırılması üçün əlimizdən gələn işləri görməyə başladıq. Xəlil Bakıdan seçilmiş  deputatların telefonlarına zəng edərək onlara parlamentə gəlməyin  və binaya daxil olmanın yollarını anladırdı. İnqilabla mən isə kənd rayonlarından olan deputatlarla çətin də olsa, əlaqə yaratmağa çalışırdıq…

 

Ali Sovetdən təxminən 50-100 metr məsafədə yerləşən ordu baş qərargahında isə SSRİ Müdafiə naziri D.Yazov başda olmaqla sovet generalları Bakıda fövqəladə sessiyanın çağırılmasına hər vasitə ilə mane olmağa çalışırdı… Açıq demək lazımdır ki,  başsız, sahibsiz qalmış respublikada parlamentin yığıncağını toplamaq yalnız bir neçə fəal deputatın ümidinə buraxılmışdı…

 

(Davamı var)

 

Söhbətləşdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər