Müsahibə
2546
01 Dec 2015 | 19:39

"... Heydər Əliyevlə indiyədək məzmununu açıqlamadığım görüşlərdən yazacam"


Rəhmətlik eks prezident Əbülfəz Elçibəy vaxtı ilə bu rubrikamızın ilk qonağı olub. Ölkənin media kapitanları və jurnalistlərinin ünvanladığı suala maraqlı cavabı bizə bu rubrikanın davamı üçün əsas verdi. Daha sonra "jurnalistlərin sual yağışı”nın adamı olaraq Lalə Şövkət Hacıyevanı seçdik. O zaman bəzi sərt sorğulardan dolayı siyasətçi xanım yazarları ümidsiz qoydu. Biz də "Şərq” olaraq cavabsız qalsa da, sualları yayımlamağa məcbur qaldıq. Jurnalistlərə sayğısızlıq bütün dönəmlərdə siyasətçiyə uğur gətirməyib. Günün mövzularına siyasi çevrələrdə cavab axtarmaq qələm adamlarının doğal haqqıdır. Bu gün yenə ənənəmizə sadiq qalıb rubrikamızı davam etdiririk.

Moderator.az xəbər verir ki,  Millət vəkili, BQP-nin başqanı Fazil Mustafa iki gün ərzində media əhlinin 40-a yaxın sualını cavablandırdı. 

Elməddin Muradlı ("Üç Nöqtə” qəzetinin redaktoru)
- Milli Məclisdə sədarətdə təmsil olunmaq istərdinizmi?

- İndiki şərtlərdə Milli Məclisin sədarətində fərd olaraq təmsilçilik istəməzdim. Çünki bu, mənim deputat kimi müstəqil fikirlərimi ifadə etməyimdə xeyli çətinliklər yaradardı. Ancaq Ermənistan və Gürcüstanda olduğu kimi, müxalifət təmsilçisi kimi bizdə də belə bir iştirak nəzərdə tutalsaydı, o zaman əgər müxalifət partiyaları dəstəklərdisə, belə bir ənənənin nəhayət ki, bizdə də yaranması və davam etməsi üçün təmsil olunardım. Çünki bizim ölkə Avropa məkanında bəlkə də tək ölkədir ki, hətta Milli Məclisin idarəçiliyində müxalifətin olması yolverilməz sayılır.


Cavid İsmayıl (APA İnformasiya Agentliyinin redaktoru)
- Həyatınızdan hansısa məqamları silmək mümkün olsaydı, hansı məqamların silinməsini istərdiniz?

- Bu mənada mən fatalist sayıla bilərəm. Heç bir məqamını silmək istəməzdim. Çünki həyatımın hər bir mərhələsi cəmi onun bütövlüyünü təşkil edir. Yemək də, dostluq da, düşüncə də, ailə də, hətta ayaqyolu da həyatın bütövlüyünün komponentləridir, nəyisə silmək mümkündürmü və yaxud bunu arzulamağın bir mənası varmı?

Elşad Paşasoy ("Yeni Müsavat” qəzetinin əməkdaşı)
- Fazil bəy, parlamentdə sizi narahat edən bütün məsələlərdən danışa bilirsinizmi, yoxsa içinizdəki senzor buna imkan vermir?

- Hər şeyi nisbi müqayisədə götürməyə alışdığımızdan, deyə bilərəm ki, hansısa formada dozasını artırıb-azaltmaqla narahatedici məsələlərə toxunmağa çalışırıam. Daxili senzorun olması təkcə parlamentlə əlaqəli deyil, insanların təbiəti ilə bağlıdır. Fikrimcə, hər fikri çatdırmaq mümkündür, əgər doğru üslubda çatdırırsansa, anlayışla qarşılanır.

Niyaz Niftiyev ("Azadİnform.az” saytının baş redaktoru)
- Fazil Mustafa üçün həm şəxsi həyatında, həm də ictimai-siyasi fəaliyyətində ən ağır itki nə olub?

- Ağır itkilərin özündə də bir nisbilik axtarmaq vacibdir. Ağır təsir edən faciəli hadisələr çox olub həyatımda, ancaq bunları ağır itki kateqoriyasında görmürəm. Şəxsi mənada atam da, oğlum da, dostlarım da nə vaxtsa mənim də gedəcəyim yerə bir az erkən köçübsə, bunun adı ağır itki sayılmaz, məncə. Ən ağır itki xeyirsiz insana çevrilməkdir, Yaradanın nəzərində dəyərini itirməkdir. Allah insanı bu cür ağır itkilərdən qorusun.

Arzu Nağıyev ("Trend”in direktor müavini)
- Fazil bəy çox aktiv bir insan və siyasətçidir. Bütün məslələri yerinə yetirmək üçün vaxtı çatırmı?

- İnsan vaxtın tabeliyindən çıxmağı bacaranda onu rahatlıqla idarə edə bilir. Vaxtın təzyiqi altında əzilənlərlə, vaxtın fövqünə qalxanları həmişə ayırmağa çalışmışam. Sevinirəm ki, həyatım həqiqətən də rəngarəngdir, monoton deyil. Siyasi fəaliyyət, deputatlıq, idman, elmi yaradıcılıq, ailə, dostlar, qohumluq əlaqələrinin qorunması... Demək ki, vaxtı idarə edə biləndə, hamısını tənzimləmək olur.

Azər Həsrət (Mətbuat Şurasının İdarə Heyətinin üzvü)
- Fazil bəy, şəxsinizə həmişə sayğıyla yanaşmışam. Hər zaman da sizi izləyirəm. Sadəcə anlamıram ki, niyə zaman-zaman Şah İsmayıl Xətaini hədəf seçirsiniz?

- Mən ümumiyyətlə hansısa tarixi şəxsiyyəti hədəf və ya ittiham subyektinə çevirmirəm. Həmin tarixi şəxsiyyətlərin günümüzdə rolunu yanlış, ideoloji zəmində təqdim edən müasirlərimi hədəfə alıram. Tarixdə nə olub-bitib, bunu orada da dondurmaq lazımdır. Sadəcə, bu günümüzün insanları tarixdə bəzi olub-bitəni gələcəyimizin təməli kimi göstərməyə çalışanda, öz ölkəsinin gələcəyinə laqeyd olmayan bir insan kimi etirazımı ortaya qoyuram. Şah İsmayılın mənim üçün bir ədəbi dəyəri var, şeirləri ilə Azərbaycan türkcəsinə ciddi töhfə verib. Şah İsmayılın düşüncə sistemi isə bu günün Azərbaycanının deyil, İranın istifadə etdiyi materialdan başqa bir şeyi ehtiva etmir. Baxın, Azərbaycan dövlətinin bu gün ən əsas dəyərlərindən, tanıtım obrazından biri tolerantlıqdır. Şah İsmayılda bu tolerantlığın zərrə qədər bir əlamətini söyləmək mümkündürmü? Təbrizə daxil olur və öz müəlliflərinin verdiyi bilgilərə görə 20 min türk-müsəlmanı onun məzhəbindən olmadığına görə qılıncdan keçirir. Türk Şeybanı xanın kəllə sümüyündən şərab qədəhi düzəldib içməklə hirsini soyudur, Əbu Hənifə kimi ən nəhəng və prinsipial islam aliminin qəbrini tualetə çevirir, Şirvanşah Xəlilullahın sümüyünü qəbirdən çıxarıb yandırır, məzhəbinə uyğun gəlməyən bütün Dədə Qorqud mədəniyyətinin nümunəsi olan əsərləri məhv edir və sair, və ilaxır. Onun bu yadfikirliliyə qənim kəsilən davranışlarının müzakirə olunması əvəzinə, guya, "Azərbaycan dövlətini birləşdirdi”, "14 ölkə işğal etdi” kimi tezisləri qabardaraq qəhrəman obrazı yaratmağa çalışırlar. Bunu müstəqil dövlət yaradana qədər bizlər də etmişik. Mən Şah İsmayılın 500 illik yubileyinin universitetdə 1985-ci ildə əsas təşəbbüskarlarından olmuşam. İmperiyanın qarşısında bizim tarixi dövlətimiz, tarixi qəhrəmanımız olduğunu qabartmağa o zaman ehtiyac vardı. Müstəqilliyə qovuşduqdan sonra isə bizim özümüzü aldatmağa haqqımız yoxdur. Gerçək qəhrəmanlarımıza dönməliyik. O qəhrəmanlar ki, bu gün onların dəyərlərini yaşatmaqdan qürur duyuruq. Bunların da başında, heç şübhəsiz, Məhəmməd Əmin Rəsulzadə gəlir.

Anar Niftəliyev ("Axar.az” saytının baş redaktoru)
- 17 noyabr 1988 və 17 noyabr 2015. Bu tarixlər arasında ən böyük ümidsizliyi haçan yaşayıb? Əlbəttə ki, siyasi müstəvidə.

- Siyasi mənada ümidsizliklər əlbəttə yaşamışam. Ən çox da 20 Yanvarda, Şuşa itiriləndə. 1993-cü il iyun qiyamı nəticəsində AXC hakimiyyəti devriləndə...


Murad Alıyev ("Report.az” saytının baş redaktoru)
- Fazil bəydən növbəti 5 il üçün Milli Məclisin hansı sahədə qanunvericilik bazasını təkmilləşdirməli olduğunu soruşmaq istərdim.

- Milli Məclisin daha çox azad sahibkarlığın real inkişafına yol açan, inhisarçılığı alt-üst edən qanunvericilik bazasının genişlənməsini indiki durumumuzda daha vacib sayıram. İnsanların iqtisadi cəhətdən sıxıntı içində yaşamasına çox üzülürəm. Allah bizə bir-birimizlə bölüşəcək qədərdən də artıq sərvət verib, niyə bu cür sosial differensasiyaya rəvac veririk, anlamaq olmur. İnanın ki, qonşularını, qohumlarını, digər rastlaşdığın insanları rahat və gülərüz görəndə sənə də dərhal bu hisslər siyarət edir. Bir də korrupsiyaya qarşı real mübarizəni stimullaşdıran qanunların olmasını zəruri sayıram.

Ruslan Bəşirli ("Avropa.info” xəbər portalının baş redaktoru)
- Fazil bəyə sual verin ki, İran şəbəkəsi daim onu haqqı söylədiyi üçün təhqirlərə məruz qoyur. Heç olubmu ki, təhqirlərə görə söylədiyi haqq fikirlərdən geri çəkilsin, ya da bu haqda düşünsün?

- Hansısa fikirləri söyləyəndə onun həqiqəti əks etdirməsinə diqqət yetirirəm. Kiminsə, hansısa dövlətinsə narazı qalıb-qalmaması məni bir o qədər də düşündürmür. Ümumilikdə, cari siyasətdə nəyisə söyləməmək və hətta tam olduğu kimi söyləməmək anlaşılandır, ancaq dövlətimizin gələcəyi üçün vacib olan strateji məsələlərdə qətiyyən cəmiyyəti, insanları aldatmaq olmaz. Bizim müstəqilliyimiz üçün ən ciddi təhdid olan güclərə qarşı heç tərəddüdsüz bu kursu davam etdirmək niyyətindəyəm və bu təhqirlər və təhdidlər qarşısında sadəcə Peyğəmbərimizin müşriklərlə davranışını örnək alaraq durmağı özümüzə təlqin etməyə çalışıram.

İlqar Altay (Araşdırmaçı-tədqiqatçı)
- Türk dünyasının oyanıb, birləşib, ayağa qalxması artıq bəşəriyyətin inkişaf labüdlüyünə çevrilir. Sizcə, bu gün zaman türkün özündən daha irəlidə deyilmi? Türk dünyası düşüncə və səylərində əlahəzrət zamanla ayaqlaşa bilirmi?

- Məhz bu səbəbdəndir ki, biz türk Dünyası ifadəsi əvəzinə, dünyada yaşayan türklər ifadəsini işlətməyə üstünlük veririk. Günümüzün reallığında ingilis dünyası var, yəhudi dünyası var, bizlər isə onların yönləndirdikləri dünyada yaşayanlarıq. Ona görə də islam dünyası deyilən bir anlayışı da yaxına buraxmaq olmaz. Öz ağlı ilə dünyanı yönləndirən müsəlman haradadır? Zaman Allaha aiddir, onsuz da bütün qövmlər onunla ayaqlaşmaq şansına malik deyillər. Söhbət bu vaxtdan, çağdan gedirsə, əlbəttə, onun xeyli gerisindəyik, çünki yanlış istilahlarımızı dəyişmək üçün tənqidi təfəkkürü yaxına buraxmırıq, dərhal yandırırıq, edam edirik. Son 4-5 əsrdə fəlsəfi mətnləri ilə dünyanı heyrətləndirəcək bir türk mütəfəkkirinin adını çəkməkdə acizəm. Volteri, Kantı, Hegeli, Enşteyni yetişdirməyən cəmiyyətlər böyüklüyə iddia edə bilməzlər. İlk növbədə bizim dini dünyagörüşümüz tərəqqimizə manedir, onu tənqidi təfəkkürün süzgəcindən keçirə bilmirik. Təhsil metodikamız əbləhliklərlə doludur, bu dünyadan axirətə keçidimizin əxlaq konsepsiyasını doğru təsəvvür edə bilmədiyimizə görə, çağımızın faydalı insanına çevrilə bilmirik.

Elnur Məmmədli ("Qafqazinfo.az” saytının redaktoru)
- Fazil Mustafa üçün Şah İsmayıl Xətai daha doğmadır, yoxsa Sultan Səlim?

- Bioloji mənada hər ikisi doğmadır, çünki hər ikisi türkdür. Viziyon mənasında isə hər ikisinin bu günümüzə daşınacaq mənfi çalarları çox olduğuna görə heç birinə simpatiyam yoxdur. Müqayisəni hökmdarlar obrazında deyil, dövlətlər obrazında aparmağa üstünlük verərdim. Osmanlının yekunu Türkiyə Cümhuriyyətidir, Səfəvilərin yekunu İran İslam Cümhuriyyəti. Biz taleyimizi müsbət mənada dəyişmiş Türkmənçay müqaviləsinin yekunuyuq. Yəni millətimizin kiçik bir hissəsi olaraq İran-Səfəvi dini-ideoloji cəhalət bataqlığından xilas olaraq Rusiya müstəmləkəçiliyinə keçmiş və ilk fürsətdə öz milli identifikasıyamıza əsaslanaraq Azərbaycan Cümhuriyyətini yaratmışıq. Burada bir tarixi gerçəyi də dilə gətirməliyəm ki, Sultan Səlim əsasən xristianlara qarşı vuruşub, Şah İsmayıl isə əsasən müsəlmanlara qarşı. Sultan Səlim Məkkənin portuqaliyalıların əlinə keçməsinə imkan verməyib və xilafəti İstanbula daşıyıb. Yəni bununla belə, Sultan Səlimin atasına və qardaşlarına qarşı hədsiz şəkildə qansız davranmasının bir insan kimi izahını tapmaq çətindir. Yəni tarixi şəxsiyyətləri bir rənglə təsvir etmək doğru üslub sayılmaz.

Elçin Zahiroğlu ("Aznews.az” saytının baş redaktoru)
- Azərbaycanda hazırda hansı dini cərəyanı daha təhlükəli hesab etmək olar: vəhhabiləri, nurçuları, yoxsa radikal şiələri? Ümumiyyətlə, radikal dini qruplaşmaların fəallaşması dövlət üçün nə dərəcədə təhlükəlidir və onlarla mübarizə adekvatdırmı?

- İslam dini ilə əlaqəli cərəyanlarda hansında radikalizm var, o, hansısa məqamda təhlükəyə çevriləcək. Bir çox hallarda radikal qruplaşmaların fəallaşması din siyasətinin doğru istiqamətdə olmamasından qaynaqlanır. Radikalizmin alternativi mötədillikdir. İslamı inanc kimi yaşayanlarla, ideologiya kimi yaşayanları ayırmaq lazımdır. Vəhhabilik son dövrlərin məhsuludur, əsasən Ərəb ölkələrindən və Şimali Qafqazdan istiqamətlənir və kompromissiz bir düşüncəni cəmiyyətə təlqin etməyə çalışır. Möminliyin şərtlərini sərtləşdirir, saqqal və qısa balağı əqidə səviyyəsinə gətirir. Bir çox hallarda da psevdocihad çağırışlarını ortaya ataraq müxtəlif ölkələrdəki silahlı münaqişələrə aldadılmış gəncləri yönəldə bilirlər. Bu, əlbəttə, dövlətimiz üçün təhlükəlidir və haqlı olaraq bu fəaliyyətlərin qarşısını almaq üçün tədbirlər görülür. Nurçuluq təhlükə olaraq Türkiyədə hakimiyyətlə Fətulla Gülən camaatı arasında münaqişədən sonra göstərilməyə başladı, xüsusilə də bu təriqətə mənsub olan insanların açdığı məktəblərin bağlanması tələbləri ortaya çıxanda aktuallaşmağa başladı. Nurçuluqda radikalizm yoxdur, təriqət təəssübkeşliyi və təhsil üzərindən qapalı şəbəkələşmə təmayülü güclüdür. Dövlətimiz üçün xüsusi bir təhlükə təşkil etməzlər, ancaq islam dininin təriqət modelində yanlış anlaşılmasına rəvac verərlər. Azərbaycanda mötədil şiəliyin hansısa təhlükəsi yoxdur, çünki bu şiəlikdə insanlar dininə sayğılıdırlar, sadəcə Həzrət Əliyə sevgiləri digər sahabələrdən artıqdır. Buna tanıtım olaraq Əli şiəsi də deyilməkdədir. Radikal şiəlik isə tarixən Səfəvi şiəliyi və İran inqilabından sonra isə Xomeyni şiəliyi formasında təzahür edir. Burada tolerantlıq yoxdur, bu məzhəbin içindəkilər "hüseynçilər”, yerdə qalanları isə "yezdçilər”dir. Bu radikalizmi qorumaq üçün də mütləq İranda və ya İraqda bir müctehidi təqlid etməlisən. Azərbaycan əhalisinin bir hissəsi tarixən Əli şiəsi olub, hansısa xarici ölkədə yaşayan müctehidi yamsılayaraq dinini yaşamayıb. Son vaxtlar isə İranın təsiri ilə ölkəmizdə paralel olaraq Xomeyni şiəliyi və narkomaniya sürətlə yayılmağa başlayıb ki, bunun da təhlükəli simptomlarını baş verən son hadisələrdə daha açıq görməkdəyik.

İlham Tumas (APA informasiya agentliyinin əməkdaşı)
- Fazil Mustafa mənə desin ki, siyasi Fazil Mustafa çox öyrəndi bu həyatdan, yoxsa baş leytenant Fazil Mustafayev?

- 2001-2003-cü illərdə döyüş bölgəsində tağım komandiri olan baş leytenant Fazil Mustafayev Fazil Mustafanın həyat epizodlarından biridir. Ancaq təbiidir ki, hətta qısamüddətli həbsxana həyatımda da bir ömrə yetəcək qədər ibrətamiz çox şeylər təcrübəmə qata bildim. Tam əminəm ki, baş leytenant Mustafayev də ordu həyatında az şeylər öyrənmədi.

Rey Kərimoğlu ("Qazilər.az” saytının baş redaktoru)
- Şəhid ailələrinin, Qarabağ əlillərinin "qan pulu” sığortası nə vaxt veriləcək? Siz bu problemi bilirsiniz və parlamentdə qaldırmısınız. Olmazmı, "Azərsığorta”nı, Maliyyə Nazirliyini MM-ə dəvət edib bunu birdəfəlik həll edəsiniz?

- Bu məsələ neft gəlirlərinin büdcəyə yüksək məbləğlərdə daxil olduğu vaxtda rahatlıqla çözülə bilərdi. Yəni bir-iki korrupsiya layihəsini buna qurban verərək həll edə bilərdilər. Ancaq burada, görünür, bəzi məmurların vicdan defisiti "qan pulu”nu da bu insanlara çox gördü. Milli Məclisdə bir neçə dəfə bir az da duyğusal formada çatdırdım ki, bu günahın altına girmək olmaz, sabah döyüşən hər bir azərbaycanlı bilməlidir ki, onun şəhid və ya qazi kimi haqqını ailəsinə mütləq çatdıracaqlar. Təəssüf ki, bütün qurumlar sığorta şirkətlərinin maraqlarını əsas götürərək ötür-ötürlə məsələnin həllini arxa plana atdılar. Milli Məclisə bu işə cavabdeh olan qurumların rəhbərlərinin dəvət olunması bizim səlahiyyətdə olmadığına görə, bu addımın baş tutacağını söyləyə bilmərəm. Hər halda ümid edək ki, insaf və mərhəmət qalib gələcək.

Əziz Rzazadə (tanınmış jurnalist, araşdırmaçı-yazar)
- Dini əməlləri icra edirsiz, o cümlədən namaz qılırsız. Hər kəs Allahdan tövbəsinin qəbul olunmasını istəyir. Siz dualarınızda hansı əməllərinizə görə peşmançılıq və əfv istəyirsiz Tanrıdan?

- Bütün dini ibadətlərimi yerinə yetirməyə çalışsam da, dinin siyasətə alət edilməsinə kəsinliklə qarşıyam. Kiminsə adının qarşısında dindarlığını göstərən titul görəndə belə, mənə xoş ovqat aşılamır. Hansısa partiyanın, dövlətin adında islam sözü də xoş əhval yaratmır. Dualarımıza gəlincə isə, ümumi məzmunu günahlarımıza görə Allahın əhvinə sığınmaq üzərində qurulur.

Qan Turalı ("Kulis.Az” saytının baş redaktoru)
- Fazil bəy memuar yazsaydı, adını nə qoyardı? Ya da belə deyək: Həyatı haqqında bir roman yazılsaydı, adı nə olardı?

- Memuar deyəsən yazacağam. Bəlkə də roman janrında bir şeylər oldu. Nə zaman, bilmirəm. Adını, onu da bilmirəm. Ancaq maraqlı olacaq. Məsələn, Elçibəylə bağlı maraqlı xatirələri... Heydər Əliyevlə indiyədək məzmununu açıqlamadığım görüşləri... Tələbə hərəkatının maraqlı məqamlarını...


Razi Abbasbəyli (Gündəminfo.az saytının baş redaktoru)
- Fazil bəy özünü türk sayırmı?

- Əlbəttə, bir etnik varlıq olaraq nəsil-şəcərə baxımından və bügünkü özünüdərk baxımından türkəm.

Dilavər Əzimli (Tarixçi-yazar)
- Fazil bəy, 1993-cü il "Surət qiyamı”nın qarşısının vaxtında alınmamasında özünüzü suçlu sayırsınızmı?
- Əlbəttə sayıram. Bu qiyamın baş tutmasında qiyamçıların qabiliyyəti deyil, bizim hakimiyyət komandasının təcrübəsizliyi əhəmiyyətli rol oynadı. Ancaq bizim hakimiyyətin uzun sürəcəyi ilə bağlı nikbin proqnozları heç vaxt daşımamışam. Bu qiyam olmasaydı da, yürüdülən xarici siyasət anlayışı istər-istəməz hansısa formada hakimiyyət çevrilişinə gətirib çıxaracaqdı. İdeoloji baxışlarla xarici siyasət formalaşdırmağın bədəli hər zaman ağır olur. Bir də xalqın demokratik dəyişiklikləri müdafiə etmə potensialı müharibə dalğasının yaratdığı aurada xeyli zəif olur. Surət bitəcəkdi, arxasınca Əlikram, daha sonra Rövşən Cavadov, daha sonra başqa biri gələcəkdi və nə dərəcədə bunları zərərsizləşdirmək mümkün olacaqdı, indi də söyləmək çətin olar.

Famil Cəfərli ("Virtualorg.az” saytının redaktoru)
- Fazil bəy, özünüzlə baş-başa, tək qalıb ötənləri xatırlayanda 1996 -1997 -1998-ci illərin AXCP-si üçün darıxmısınızmı heç? "O günlər kaş bir də qayıda” deyə bir nostaljiniz olubmu?

- Məndə ümumiyyətlə, keçmişə bir nostalgiya yoxdur, dəyərlərə nostalgiya var. O günlər mənim üçün xüsusi bir əlahiddəlik təşkil etmir, sadəcə unudulmayacaq yaxşı və ya xoşagəlməyən xatirələr var. Ancaq "ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verəydim” ritorikası melodiya olaraq ürəyəyatımlı olsa da, çağırış olaraq ağlayatımlı sayılmaz. Ömrümün bütün anları kimi o dövrə də sahib çıxıram, xatırlayıram, ancaq geri dönüşü barədə darıxdığımı təsəvvür edə bilmirəm.

Vüsal Məmmədov ("Azvision.az” saytının baş redaktoru)
- Təsəvvür edin ki, bərk yağış və küləkli havada yolda qalmısınız. Bu zaman bir maşın dayanır sizi mindirmək üçün. Kimin maşını olsa, ona minməzsiniz?

- Yağışlı, küləkli havada məni tanımadan götürmək üçün dayanan maşının sürücüsü və ya patronu tanımadığı bir insana faydalı olmaq üçün belə bir qərar veribsə, o zaman mənim də haqqım yoxdur ki, kimliyindən asılı olmayaq, onun bu addımının pərtliklə nəticələnməsinə rəvac verəm.

- Niyə illər adamı qurutduğu halda, biz buna "yaş” deyirik?

- Adamı qurudan illər deyil, beynində ruhani qidasının olmamasıdır. Ona görə "yaş” deyirik ki, illər bizim üçün geridə qalır, bizdən sonra gələnlər üçün yenidir, diridir, yaşdır.

Dilqəm Əhməd ("Gündəlik Teleqraf” qəzetinin redaktoru)
- Müşahidə etdiyim qədər Fazil bəy bir neçə ildir sosial şəbəkədə radikal dindarlarla polemika aparır və bu polemikada fikirlərini açıq ifadə edir. Halbuki, bəzi deputatlar fikirlərini daha yumşaq ifadə etmək yolu seçir. Ümumiyyətlə, radikal dindarlarla, xüsusən İran yönümlü dindarlarla bu cür açıq polemikada qorxu hissi keçiribmi? Xüsusən, təhlükəsizliyi ilə bağlı....

- Bu sualın əksini də qoymaq olar: Niyə sərhəddə əsgərimiz erməninin atdığı gülləyə qarşılıq verir? Onun üçün də səngərdən başını çıxarmaq təhlükəlidir, deyilmi? Bizlər də siyasətdə olan əsgərlərik. Bizlər də parlamentdə, sosial şəbəkədə, diplomatik görüşlərdə, beynəlxalq təşkilatlarda sözlə savaşan əsgərlərik. Təkcə güllə atmırlar ki... Narkotik maddələrlə on minlərlə gəncimizi qonşu ölkədən zəhərləyirlər, saxta dini ideologiya ilə səmimi insanlarımızın duyğularını zəhərləyirlər, dədələrinin-babalarının şəkli əvəzinə, səhifələrində düşmənimiz ermənini dəstəkləyin ruhanilərin şəkillərini utanmadan yerləşdirirlər, bunların qarşılığında Vətənimizi, dövlətimizi bunların öhdəsinə buraxıb gedən deyilik ki... Hərənin bir üslubu var. Kimsə iqtidarda bir tikə çörəyi ilə girələnir, kimsə müxalifətdə acından quruldayan qarnı ilə girələnir. Bizim siyasət yolumuzu izləyənlər çox gözəl bilirlər ki, doğru da etsəm, yanlış da etsəm, heç vaxt baş qatmağı, vaxt geçirməyi, girələnməyi sevmədim. Təhlükəsizlik barədə düşünməyə başlasaq, o zaman siyasətdən gərək uzaqlaşaq. Bir də Şeyx Şamilin sözüdür, deyirdi ki, "Aqibət haqqında düşünənlərdən qəhrəman olmur!” Düzü, qəhrəman olmaq iddiam yoxdur, ancaq aqibət haqqında düşüncələrin də girovuna çevrilmək xarakterimə yaddır.

Aydın Bağırov ("525-ci qəzet”in redaktoru)
- Sizin futbolu sevdiyinizi bilirəm, ona görə də suallarım məhz bu idman növü ilə bağlı olacaq. Fazil Mustafa 10 ballıq şkala ilə "Qaraba𔝠komandasına və Azərbaycan milli komandasına ayrı-ayrılıqda neçə bal verərdi?

- İndiki Azərbaycan futbolunun vəziyyətini göz önünə gətirdiyimizdə, heç şübhəsiz ki, "Qaraba𔝠komandasına 10 balı tərəddüd etmədən verərdim. Bu qədər az imkanlarla ən azı bir neçə ildir sabit oynayan belə bir komanda yaratmaq ciddi uğur sayılmalıdır. Komanda rahatlıqla top buraxmır, oyunda ən güclü rəqiblə belə tarazlığı yarada bilir, fürsət düşəndə qolunu da atır. Məşqçisi Qurban Qurbanov təmkini və oyunu doğru oxuması ilə hər cür tərifə layiqdir. Azərbaycan yığmasını da 5 balla qiymətləndirmək olar. Ancaq güclü çempionat olmadan normal yığma komanda tərtib etmək də çox çətin işdir.

- AFFA-nın da prezidenti olan deputat həmkarınız Rövnəq Abdullayevlə şəxsi söhbətlərinizdə futbolla bağlı nəsə etirazınız, yaxud təklifiniz olub?

- Rövnəq Abdullayevlə bu mövzuda ancaq Milli Məclisdə epizodik söhbətlərimiz olur, bu da çox az hallarda. Hər halda fikirlərimi çatdırıram və müsbət və mənfi halları söyləyirəm.

Aydın Xan Əbilov ("Ədəbiyyat” qəzetinin redaktoru)
- Fazil bəy, intellektuallıqla inanc - dini baxışlar üst-üstə düşmür. Biz tarixdən də həm Qərbdə, həm də Şərqdə dar ağacından asılan, başı kəsilən, dərisi soyulan, tonqalda yandırılan şairlər, alimlər, filosofların simasında bunun şahidi olmuşuq. Siz fəlsəfədən müdafiə edən intellektual şəxs olaraq, həm də dindar adamsız, bu iki əks qütbləri öz dünyagörüşünüzdə necə birləşdirə bilmisiz?

- İntellektuallıq işin ağıl tərəfidir, din isə iman və əxlaq tərəfi. Yaxşı intellektualın imanlı və əxlaqlı olmasının insanlığa ancaq faydası ola bilər. Mənim düşüncəmə görə, ehkamları ağlının süzgəcindən keçirmədən qəbul edən iman sahibi ilə, intellektuallığını əxlaqdan ayrı tutan bir elm adamı biri-birindən ciddi fərqlənmirlər. Ona görə də, dindarlıq intellektuallığa mane olmaz, mane olan daha çox dinçilikdir, ehkamçılıqdır.

Müşfiq Ələsgərli (Mətbuat Şurasının sədr müavini)
- Fazil bəy, çıxışlarınızda milli-mənəvi dəyərləri, tariximizi, xalq qəhrəmanlarını, xalqın meyar saydığı şəxsləri, bir sözlə, müqəddəs sayılan əksər nəsnələri hədəf seçdiyiniz anlar çox olur. Elmi müzakirəsi tamamlanmamış bu cür faktları ictimailəşdirmək, ictimai fikirdə öz keçmişinə şübhə yaratmaq cəmiyyətə faydadan çox ziyan vurmurmu?

- Fikrimcə, bu kimi müzakirələr bizim 25 illik müstəqilliyi olan dövlətimiz üçün olduqca faydalıdır. 25 il bir dövlətin həyatında, ideyaların, dəyərlərin, strateji hədəflərin kiçik bir axtarış epizodu sayılır. Hər zaman bir sualı cavablandırmağa çalışaq: biz tarixdən qəhrəmanlar axtarırıq, yoxsa dəyərlər? Siz qəhrəmanlar axtarırsınız, mən dəyərlər axtarıram. ABŞ tarixində əlahiddə qəhrəmanlar görmürsən, İngiltərə tarixində fövqəl qəhrəmana rast gəlmirsən, əvəzində iki əsr, beş əsr öncə yaradılmış və günümüzədək yaşayan dəyərləri görürsən. Ümumiyyətlə insan ağlının, vərdişinin məhsulu olan heç bir təzahür müqəddəslik zirehi altında gizlədilə bilməz. İndi hər kəs öz dünyagörüşünə görə təyin etdiyi "müqəddəsliyi” həyatımıza soxuşdursa, o zaman böyür-başımızda bizə əziyyət verən predmetlərin heç birinə toxunmağa cəsarətimiz çatmayacaq. Milli-mənəvi dəyərlər özü də nisbi anlayışdır, məsələn, Azərbaycan əhalisinin müəyyən bir qismi pirləri ziyarət edib nəzir verməkdən zövq alır, yaxud da zorakılığı, nifrəti və şiddəti təbliğ edən dini mərasimləri ta islam dininin özü kimi təqdim edir, indi necə bu yanlışlara milli-mənəvi dəyər adını qoyaq? Keçmiş onsuz da şübhədir, mücərrəddir və qeyri-obyektivliyi özlüyündə daşıyır. Mən əslində yeni bir fikir və ya mülahizə irəli sürmürəm, sadəcə Məhəmməd Əmin Rəsulzadənin düşüncələrini genişləndirərək çatdırmağa çalışıram. Oxuyun, Rəsulzadənin Səfəvi mirasına münasibəti, Babəkizmə münasibəti, rus işğalına münasibəti, Azərbaycanın türk yurduna çevrilməsi prosesinə münasibəti. Bu qədər doğru tarix oxumanın çox az nümunəsini tapacaqsınız yaxın keçmişimizdəki şəxsiyyətlər içində... Ən böyük dəyərlərimizdən biri üçrəngli bayrağımızdır, biz tarixə də, gələcəyə də bayrağımızın hər üç rəngini referans alaraq obyektiv yanaşmağa çalışmalıyıq.

"Şərq”in sualları

-İstədiyiniz Azərbaycanın siyasi modeli adını çəkdiyim bu dörd şəxsiyyətdən hansına daha yaxındır? Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əbülfəz Elçibəy, yoxsa Heydər Əliyev?

- Məhəmməd Əmin Rəsulzadəyə. Rəsulzadə Azərbaycan modelini həm nəzəri, həm də praktik baxımdan ən dəqiq təsvir edən bir öndərdir.

- Bildiyim qədər uşaqlıqda şeir yazmısınız. Yenə də poeziya ilə məşğulsunuzmu?

- 20 ildən çoxdur yazmıram. Haçansa ağlıma gəlməzdi ki, şeirsiz həyatım olacaq, ancaq ağla gəlməyən çox vaxt başa gəlir. Ancaq şeir yazmaqdan yana xeyli darıxmışam.

- Elçibəyi heç yuxuda görmüsünüzmü?

- Sonuncu dəfə nə zaman yuxu gördüyümü xatırlamıram. Elçibəyi yuxusuz da xatırlayıram. Xüsusilə son dəfə Kələkiyə gedəndə obrazı gözümün önünə dikildi.

- Yəqin ki, yanınıza seçiciləriniz gəlir, probleminə yardım istəyir. Olubmu deyəsiniz ki, "apar pulunu ver, işini gör”?

- Əlbəttə, demişəm. İnsan məsləhətə gəlir, həyatı üçün vacib bir işdir, işə görə də rüşvət tələb edirlər. Rüşvət olan yerdə söz də keçmir ki, köməklik göstərim. O zaman məşhur latın aforizmini xatırladıram: "Romada romalı kimi davran!”

- Adətən övlad itkisi yaşayan valideynlər səbr və təmkin nümayiş etdirməkdə aciz olurlar. Sizin səbriniz və mətanətli duruşunuz nədən qaynaqlanır?

- Övlad itkisi həqiqətən ağırdır. Ancaq yaşadığımız dünyada nə yüngüldür ki... İslam haqqında doğru təsəvvürü olan insanlar üçün bir formul var: Mülk Allahındır. Övlad da bir mülkdür, verilənə və alınana görə şükürlü və səbrli davranmalısan. İnsan həmişə müqayisə zəminində öz təsəllisini tapmalıdır. Mən hardasa səkkiz il vəfat edən övladımın sevgisi ilə yaşamışam, şükür ki, başqa övladlarım da var, bəs sormazlar ki, Yaradan övladı olmayan insanlardan daha azmı verib mənə? Yaxud da zəlzələdən ölən ailələrin, dənizdə batan insanların, savaşda şəhid olan insanların acılarından daha çoxmu acı yaşamışıq? Bu müqayisəni çox-çox uzatmaq olar və o zaman hamımız bu kimi durumlarda necə davranmaq lazım gəldiyinə rahatlıqla özümüzü hazırlaya bilərik.

- Sizə partiya lazımdır ki?

- Bu sual sanki şəhərdə yaşayan adama "maşın sizin nəyinizə lazımdır” şəklində sualı xatırlatdı. Əlbəttə, bir siyasətçi üçün siyasi arenada bir dönər dükanı açıb fəaliyyət göstərmək olmaz ki... Ancaq bununla belə, siyasi mübarizədə çox zaman fərdi performansa üstünlük verirəm. Bu da axına qarşı olan fikirlərimin məsuliyyətini partiyanın üzərinə qoymaq istəməməkdən irəli gəlir.

- Fazil bəy, siz də deputat olmaq üçün doğulmusunuz, yoxsa yenidən dövlət idarəçiliyində təmsil olunmaq istərdiniz?

- Siyasətin dalğası kimi hara atacaq hələ ki, dəqiqləşdirmək olmur. Burada yüksəliş də var, eniş də. İnanın ki, deputat və ya idarəçilikdə təmsilçilik deyə bir hədəfim olmayıb, günün reallıqları bu statusları qazanmağımıza gətirib çıxarıb. Əsas hədəfim öz müstəqil mövqeyi və cəmiyyətimizə faydası dəyən bir insan obrazıdır.

- Bugünkü Azərbaycanın Nuru Paşaya ehtiyacı varmı?

- Bu gün hər zamankından daha çox ehtiyac var Nuru Paşa obrazına. Təsəvvür edin ki, hər bir Azərbaycan zabiti Nuru Paşa kimi ən çətin məqamda ordu quruculuğuna və düşmən üzərində qələbəyə inansa, Ermənistanın daşı-daş üstündə qalmaz. Nuru Paşa Azərbaycanın gerçək xilaskarı və milli qəhrəmanıdır.

- Bir müddət öncə Elçibəyin ailəsinin böyük məbləğdə kommunal borclarının olmasına dair mətbuatda məlumatlar yayılırdı. Həmin vaxtlar Bəyin ailəsinə niyə köməklik göstərmədiniz? Buna maddi imkanınız çatmadı, yoxsa?..

- Ümumiyyətlə, bəyin ailəsinin problemi başlığının mətbuata yol açması doğru deyildi. İnsaf naminə desək, bəyin ailəsinə qarşı indiki hakimiyyət tərəfindən hansısa təzyiq olmamışdı və ailənin yükünü üzərinə götürənlər belə problemlərin yaranmamasına xüsusi diqqət göstərməliydilər. Mən qanunvericilik səviyyəsində həmişəlik dəstəyin təmin olunması üçün müəyyən səylər göstərdim və sevinirəm ki, bunun nəticəsi oldu. Keçmiş prezidentlərə və onların ailə üzvlərinə maddi dəstəyin verilməsini ehtiva edən qanunun qəbulunu nəzərdə tuturam.

- "Elçibəy qaçdı” ifadəsi sizi hiddətləndirmir ki?

- Əvvəllər hiddətləndirirdi, indi isə yox. Siyasətdə belədir, özün üçün doğru hesab etdiyin gedişi insanların da doğru hesab etməsini ummaq deyə bir qayda yoxdur. İnsanlar ümumiyyətlə məğlub
olanı sevmirlər, döyüşsüz məğlub olanı isə heç sevmirlər. Buna baxmayaraq, müşahidə etdiyim bir maraqlı məqam var ki, insanlar qaçdı da desələr, getdi də desələr, Elçibəyi ona görə sevdilər ki, onun niyyətini doğru oxudular və əməlindən narazılığını onun təmiz niyyətinə bağışladılar.
Link kopyalandı!
Son xəbərlər