“11 il mənə çox ağır oldu, səhnə ilə vidalaşdım, bu sənətə biznes kimi baxmayaq” - FOTO+ÖZƏL
Mədəniyyət
1535
04 Nov 2025 | 17:03

“11 il mənə çox ağır oldu, səhnə ilə vidalaşdım, bu sənətə biznes kimi baxmayaq” - FOTO+ÖZƏL

“Mən 11 ildir səhnəyə çıxmırdım, amma hər zaman səhnə üçün darıxırdım. Baxmayaraq ki, tələbələrim çoxdur, Xoreoqrafiya akademiyasında fəaliyyət göstərirəm, amma səhnə mənim üçün bir başqa ali məqamdır. Mən özüm də tamaşaçılar üçün, səhnə üçün darıxırdım. Nəhayət yubileyimlə bağlı olaraq 31 oktyabrda səhnəyə çıxdım. Emin Ağalarovun ifa etdiyi “Azərbaycan” mahnısına rəqs etdim. Bu yeni bir janrdır. Mən indiyə qədər dünya rəqsləri, milli rəqslər oynamışam. Bu dəfəki rəqsimə İtaliyada yaşayan rus xoreoqraf quruluş verdi. Klassik bal rəqsinə oxşayırdı. 3 aydan çoxdur ki, məşq edirdim. Mən səhnəni sevirəm və ümid edirəm ki, səhnə də məni sevir. Düşünmürəm ki, vaxtından tez getmişəm. Səhnə cavanlıq sevir. İnsanlar var ki, o qədər  səhnəni sevir ki, qopa bilmir. Ümid edirəm ki, mən formadayam. 50 illiyimi qeyd edəndə səhnə ilə sağollaşdım, bu 11 il mənə çox ağır gəldi. Ümid edirəm ki, hər 10 ildən bir yəni yubileylərimdə səhnəyə çıxacam. 25 noyabrda da Heydər Əliyev adına sarayda yubileyim qeyd olunacaq”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Təranə Muradova deyib.

O daha sonra rəqslərimizin bu günündən danışıb:

“Çox əfsuslar olsun ki, biz öz müəllimlərimizi itirmişik. Rəqs sənətində böyük bir boşluq var. Müəllimlərimiz çatışmır. Bu boşluğu çox çətinliklə doldururuq. Xoreoqrafiya 10 il bundan əvvəl sadəcə məktəb idi, indi akademiya olub. Ümid edirəm ki, yaxşı müəllimlər meydana gələcək. Əksər gənclər bizim sənətə biznes tərəfindən baxırlar. Ona görə də toylarda rəqslərimizi bərbad günə qoyurlar. O qədər özfəaliyyətlər var ki.. Məktəb belə keçməyiblər, uşaqlara dərs deyirlər. Mən çox istərdim ki, onlar bizim akademiyada təhsil alsınlar. Bizim rəqslərimiz o qədər gözəl və zəngindir ki. Hər kəs peşəkar rəqqas, ustad olmalıdır” deyə xalq artisti bildirib.

 

Link kopyalandı!
Son xəbərlər