“Biz sovetdən qalma adamlarıq... ürək dözmür” – “Lalə” qızlar ansamblının 90 yaşlı yaradıcısı
Mədəniyyət
1589
11 Oct 2024 | 15:58

“Biz sovetdən qalma adamlarıq... ürək dözmür” – “Lalə” qızlar ansamblının 90 yaşlı yaradıcısı

“Təzyiqim aşağı olduğu üçün özümü zəif hiss edirəm. Ürəyim mənə əziyyət verir. Ona görə də verilişlərə çıxmıram”.
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında 90 yaşlı tarzən, Azərbaycanın Xalq artisti Ceyran Haşımova deyib.
 
O bildirib ki, səhhətində ciddi problemlər var:
 
“Normal qidalanıram, şirələr içirəm, lakin ürək təzyiqim yuxarı qalxmır. Yaş öz sözünü deyir. 90 yaş az deyil.
 
Müğənnilər zəng edir, gəlib mənə dəyirlər. Nəvələrim, oğlum hər zaman başımın üstündədir. Tək deyiləm. Evdə rahat gəzirəm, özümə qulluq edirəm. Amma ürək məni əldən salır.
 
İndi cavanlar dözmür. Ekologiya pis vəziyyətdədir. Biz sovet dövründən qalmayıq, canımızda qüvvət var. Bu günümüzə də şükür. Hər gün namazda Allaha dua edirəm.
 
Darıxmağa vaxtım olmur. O gedir, bu gedir. Mənim yaşımda olan adamların hamısı adətən tək qalırlar. Övladlar, nəvələr evlənirlər, böyükləri tərk edirlər. Mən isə ailəmdən razıyam. Hamısı çox yaxşı münasibət göstərir. Evdar qadın olmamışam. Daim efirdə, qastrol səfərlərində oldum. Bu yaşa necə çatdım, heç özüm də bilmədim”.
 
Qeyd edək ki, Ceyran Haşımova 1934-cü ilin 8 martında Bakı şəhərində anadan olub. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf edib. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb.
 
1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərib və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olub. 1964-cü ilin 8 mart tarixində ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “Lalə” qızlar ansamblını yaradıb.
 
CEYRAN.jpeg (71 KB)
 
Onun rəhbərliyi ilə “Lalə” qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər verib. Ceyran Haşımova Sovet İttifaqı dövründə və Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bir sıra medallara və fəxri adlara layiq görülüb.
 
Link kopyalandı!
Son xəbərlər