Məşhur aktyor: “Azərbaycan deyəndə göz önümdə qardaş canlanır, Oktay Kaynarca ilə 35 ildir dostuq”-EKSKLÜZİV
Mədəniyyət
8886
23 Feb 2024 | 09:49

Məşhur aktyor: “Azərbaycan deyəndə göz önümdə qardaş canlanır, Oktay Kaynarca ilə 35 ildir dostuq”-EKSKLÜZİV

 
Məşhur türk aktyoru Levent Özdilek Moderator.az-ın suallarını cavablandırıb.
 
 
 
-Levent bəy, hazırda sizi Türkiyənin ən reytinqli serialı olan “Mən bu cahana sığmazam” da Erman rolunda izləyirik. Yəqin ki, serialın Azərbaycanda da çox sevildiyini bilirsiniz..
 
-Öncə onu deyim ki, Azərbaycan üçün çox darıxmışam. Can Azərbaycana salamlar! “Eşkiya dünyaya hökümdar olmaz” (EDHO)-da mən və Oktay Kaynarca düşmən rollarını oynayırdıq. “Mən bu cahana sığmazam” serialında da onunla tərəf müqabili olmaq qismətimə yazıldı. Erman rolunu axtarırdılar, mənə təklif etdilər, qəbul etdim. Burada da onunla bir-birinə əks olan rolları paylaşırıq, amma bu dəfə daha sağlam, güclü bir düşmənik. 
 
-Ümumiyyətlə onunla tərəf müqabili olmaq necə bir hissdir?
-Oktay çox istedadlı və sevilən bir aktyordur. Onunla birlikdə bir serialda rol almaq, tərəf müqabili olmaq mənə çox zövq verir. Aktyor oyunu da futbol oyunu kimidir. Burda da paslaşmaq lazımdır. Tərəf müqabilin də ən azı sənin qədər güclü, istedadlı olmalıdır. 35 ildir ki, Oktay mənim dostum, qardaşımdır. Onunla dost, düşmən rollarını da oynamışıq. İnanıram ki, bundan sonra da oynayacağıq. İstedadlı aktyor hər rolu oynamağı bacarmalıdır. Xüsusilə də mənfi bir rolu uğurla oynayıb, tamaşaçıya qəbul etdirmək daha çətindir. Mən də çətini sevirəm (gülür).
 
 
-Erman rolunda Levent Özdilekdən nələrsə varmı?
-Əlbəttə ki, aktyorun canlandırdığı hər rola onun öz münasibəti, öz qatqısı olmalıdır. Ssenaridə ssenarist hər şeyi yazmaya, rolu açmaya bilər, amma o yazılmayanları araşdırıb tapmaq lazımdır. Bunları tapan aktyorun daha uğurlu olacağına inanıram. Özümdən danışa bilərəm ki, mən hər zaman belə etmişəm. Mənim bir rolu oynamağım üçün o obrazın dərinliyi, sağlam münasibətləri olmalıdır.
 
-Bilirəm ki, Türkiyədə bu tip seriallara çəkilən sənətçilər yüksək qonorar tələb edir. Sizin üçün pul daha önəmlidir yoxsa insanların sevgisi?
-Mənim üçün sevgi, sayğı, hörmət, insan münasibətləri daha önəmlidir. Alın təri xərcləyən insan onsuz da pul qazanır. Amma insan qazanmaq çox çətindir. Onu itirmək isə çox asandır. 
 
-“Kaşki bu rolu zamanında oynayardım” dediyiniz anlar olub?
-Xeyr, öz həyatımdan çox məmnunam. Zaman hər şeyi xeyrimə həll edib.
 
 
 
-Sizin nəsil aktyorlar bu günlərə qədər bir çox yollardan keçib gəlib. Əlbəttə ki, ulduz olmaq asan deyil. Bir nəsil gənc aktyor isə zəhmət çəkmədən ulduz olmaq istəyir. Onlara tövsiyyəniz nədir?
-Tələsməsinlər. Çox çalışsınlar, praktikalarda çox olsunlar. Ustad sənətkarların oyunlarını yaxından izləsinlər. Müəllimlərinin sözlərini dinləsinlər. Çox oxusunlar.  Bütün bunlardan sonra səbr etsinlər. Bu sənətdə səbr önəmlidir. 
 
-Azərbaycanlı izləyicilərdən rolunuzla bağlı mesajlar alırsınız?
-Əlbəttə! Azərbaycanlı qardaşlarım rolumu o qədər bəyənib, dəstək olurlar ki. Bu məni çox xoşbəxt edir. Can Azərbaycana sevgilərimi çatdırıram. Bilmək olmaz, bəlkə bir gün yenə də gəldim. Azərbaycan deyəndə göz önümdə qardaş canlanır. Bir neçə il bundan əvvəl gözəl aktrisa Məlahət Abbasovanın dəvət ilə “Məlahətli söhbətlər” verilişi üçün Azərbaycana gəlmişdim. Tək deyildim, həyat yoldaşımla birlikdə idim. Teatrları gəzdik, məzarlıqlara getdik. Azərbaycanda mədəniyyətə böyük dəyər verirlər.
 
Link kopyalandı!
Son xəbərlər