Zülfiyyə Qurbanova: “Qadının üstünə yüklənən kişilərə şans verən xanımlardan deyiləm” - MÜSAHİBƏ
2879
31 Oct 2023 | 16:16

Zülfiyyə Qurbanova: “Qadının üstünə yüklənən kişilərə şans verən xanımlardan deyiləm” - MÜSAHİBƏ

“Biz pula deyil, yaradıcılığa və adımıza görə işləyirik”.

Bunu Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova Bizim.Media-ya müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Zülfiyyə xanım, hazırda hansı yeni ekran işlərinə çəkilirsiniz? 

- Hazırda çalışdığım Bakı Bələdiyyə Teatrında yeni tamaşalar üzərində işləyirik. Eyni zamanda keçmiş tamaşaları yenidən bərpa edirik. Hazırda onların məşqləri gedir. Bundan savayı, yeni seriala da çəkilirəm. Həmkarım Sevinc Əliyevanın layihəsidir. Sevinc xanım həmin layihənin prodüseridir. Rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Asiman Ağa Rövşəndir. 

12-14 bölümdən ibarət bir ekran işidir. Serialın ssenarisi Cəfər Cabbarlının “Almaz” əsərinə xitabən yazılıb. “Vətəndaş A” adlı serialdır. Orada “Səadət” rolunu canlandırıram. Səadətin həyat hekayəsini oxuduğum gündən mənim üçün çox maraqlı idi. Qeyd edim ki, indiyə kimi oynamadığım qadın xarakteridir. Sözügedən serial “İctimai” televiziyada yayımlanacaq. Səadət obrazı oynadığım digər rollardan kəskin şəkildə fərqlənir. Vizual görüntüsündən tutmuş xarakterinə qədər hər şeyi ilə fərqlidir. Bir sözlə bütün günümüz qaçaqaçla keçir. Çalışıram ki, bütün işlərimi zamanında çatdırım. 

- Sizi ssenari, yoxsa pul daha çox düşündürür?

- Təbii ki, ssenari. Heç bir zaman pula işləyən insan olmamışam. Nə qədər şablon səslənsə də, deyəcəyəm, pula işləsəydim, yaradıcılıqda uğur qazana bilməzdim. Ona görə çalışmışam ki,  ssenarisi yaxşı olan layihələrə çəkilim. Lakin müəyyən dövrdən sonra istəyirsən ki, qazancın da yaxşı olsun, səni qane etsin. Çünki sənin öhdəliklərin, istəklərin, yaşam keyfiyyətin dəyişir. İstəsən də, istəməsən də, bu, belədir. 

- Həqiqətən də Azərbaycanda aktyorlar kasıb yaşayırlar? 

- Dürüst və səmimi insanam. Bunu mənim ətrafım da bilir. Düşündüyümü də hər zaman dilimə gətirirəm. Bir dəfə bu haqda televiziyada verilişlərin birində danışdım. Amma təəssüflər olsun ki, həmkarlarımın biri də mənə bu mövzuda dəstək olmadı. Çox qəribədir. Onsuz da fikir söyləyəndə kimdənsə dəstək gözləmirəm.

Lakin insan elementar olaraq istəyir ki, onun səsinə səs verən kimsə olsun. Həmkarlarım səsimə səs vermədilər. Aktyorlar arasında maliyyə mövzusunda artıq heç bir şey danışmamaq qərarını almışam. Öz alacağım qonorarla bağlı da özüm danışa bilirəm. Hər kəs özünü düşünsün. Onlar öz problemlərini çıxıb özləri dilə gətirsinlər. 

- Mədəniyyət və incəsənət aləmində sözünü demiş bir sıra sənətçilər var ki, onlar hələ də fəxri ad almayıblar. Fəxri ad isə stimul və ikinci qanaddır. Siz də illərdir ki, mədəniyyətimizə xidmət edən sənətçilər sırasındasınız. Fəxri adla bağlı özünüz Mədəniyyət Nazirliyinə müraciət etmisiniz? 

- Bəli, fəxri ad sənətçi üçün çalışmağa və yaratmağa böyük stimuldur. Biz pula deyil, yaradıcılığa və adımıza görə işləyirik. Mən də hamı kimi çox istərdim ki, fəxri adım olsun. Müsahibə verirəm deyə yalandan başqa fikir səsləndirə bilmərəm. Dürüst olmaq lazımdır. Çox istərdim fəxri adım olsun. Çünki mən 2003-cü ildən incəsənətdəyəm.

Artıq 17-ci ilə keçir ki, mərhum sənətkarımız Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrındayam. Hazırda teatra qızı Aynur Muxtarova rəhbərlik edir. Teatrda, film və seriallarda da xidmətlərim göz önündədir. Mən heç bir zaman teatrda boş oturan aktyor olmamışam. Daim baş və əsas rolları canlandırıram, bütün tamaşalarda rol alıram və ən əsası tamaşasız ilim olmayıb. 

Mənimlə çalışan rejissorlar da bilirlər ki, işimə necə məsuliyyətlə və sevgi ilə yanaşan insanam. İllərdir ki, mədəniyyətimizə istər teatr, istər film sektoru, istərsə də beynəlxalq kino festivallarında iştirak edərək xidmət edirəm. Düzdür, fəxri adla bağlı Mədəniyyət Nazirliyinə müraciət etməmişəm. Düşünürəm ki, qurum özü də bizimlə maraqlanmalıdır, fəaliyyətimizə diqqət yetirməlidir. 

Azərbaycanda milyonlarla aktyor yoxdur. Kənardan gələnləri nəzərdə tutmuram. Burada söhbət peşəkar səviyyədə aktyorluqla məşğul olan, teatr köklü, sırf incəsənət fəaliyyəti ilə məşğul olan aktyorlardan gedir. Bir ovuc aktyor var. Bizi isə gözdən keçirtmək lazımdır. Biz aktyorlar bəlli yaşa gəlmişik, mədəniyyətə xidmətlərimiz göz önündədir.

Bu məsələlərlə, təbii ki, Mədəniyyət Nazirliyi məşğul olmalıdır. Bizim həyatımız çəkilişlərdə, teatrlarda məşqlərlə keçir. Biz fəxri ad kimi məsələləri düşünməməliyik. Mən mədəniyyət nazirimiz Adil Kərimlidən çox şeylər gözləyirəm. Tam səmimi deyirəm. İnşallah bizi də gözdən keçirərlər. Bizə də layiq olduğumuz titulları verərlər. 

- Serial və film sektorunda sizi narazı salan hansı amillərdir? 

- Əlbəttə olur... Siz bilsəniz, biz necə çətin və ağır şərtlərdə ekran işlərinə çəkilirik. Azərbaycan tamaşaçısı türk serialına baxır, orada filan şey var, filan şey yoxdur deyə müqayisələr edir. Biz bir Azərbaycan tamaşaçısını çəkiliş meydançasına gətirsək, türk və ya xarici aktyorlar Azərbaycan aktyoruna yaradılan şəraiti görsələr, anlayarlar ki, tam səmimi deyəcəyəm, biz qəhrəmanıq.

Türkiyəli aktyor məcazi mənada ayağını belə yerə qoymur. Özünün xüsusi otaq şəklində şəxsi miniveni olur. Çəkiliş bitir aktyor öz otağına dincəlməyə gedir. Orada yeməyindən tutmuş istirahətinə qədər hər şey əlinin içində olur.

Amma Azərbaycan aktyoru bunların heç birini görmür. Və bunu da Azərbaycan tamaşaçısı görmür. Onlar Azərbaycan aktyorunun çəkildiyi şəraiti (saatlarla soyuğun, istinin, işıqların altında, şəraitsiz yerlərdə - red.) görsələr... 

Onlar üçün ayrılan maliyyə o qədər yaxşı olur ki, türkiyəli aktyorun hər bir şəraiti olur. Hətta dağın başına belə getsələr, onlar üçün yüksək səviyyədə şərait yaradılır. Amma bizim üçün belə bir şərait yaradılmır. Hələ biz buna rəğmən kamera önündə dilimiz söz tutub danışa biliriksə, biz sözün həqiqi mənasında qəhrəmanıq.

Siz türkiyəli aktyoru Azərbaycana gətirib, bizim çəkildiyimiz şəraitdə işlədə bilərsiniz? Və ya işlətmisiniz? Şəxsən mən özüm Azərbaycana gətirilən türkiyəli aktyor üçün qurulan şəraiti eşitmişəm, içimdə qəribə hiss yaranıb ki, niyə azərbaycanlı aktyor üçün bunları etmirsiniz? Türkiyəli aktyor axı nə edir? Heç bir şey də etmir. Kamera önündə məndən artıq nə edir? Məndən artıq hansı istedadını sərgiləyir? Bizə o qədər qiymət və dəyər azdır ki,... 

Hərdən bu məsələlərə görə, ruhsuzluğa qapılıram. Amma bu da keçib gedir. Çalışıram belə şeylərə çox da yüklənməyim. Biz ekrana çıxarırıq işləri. Tamaşaçılar, təəssüflər olsun ki, kamera arxasında bizim çəkdiyimiz əziyyətləri görmürlər. O qədər olub ki, kütləvi səhnələri çəkilmək üçün insanlar çəkilişlərə qatılıblar.

Amma 2-3 saatdan sonra bizə sual veriblər ki, siz bu şəraitdə işləməyə necə dözürsünüz? Azərbaycana gələn türkiyəli aktyora elə bir şərait yaradılır ki, sanki o, Hollivud ulduzudur. Çünki həmin türkiyəli aktyor öz ölkəsində də eqosunu açıq şəkildə nümayiş etdirir. Bura gələndə həmin eqosunu göstərir.

Ona görə də burada da ona yüksək, komfortlu, əsl ulduza layiq şərait yaradılır. Biz eqomuzu göstərmirik, hətta göstərsək belə, bizim üçün həmin şəraiti yaratmazlar. İnanın, bizim sahəmizdə o qədər çətinliklər var ki, danışsam, bitməz. 

- Siz yeganə aktrisasınız ki, Kann festivalına qədər gedib çıxıb və oradan yüksək mükafatla qayıtmısınız. Lakin bu, mətbuatda ajiotajla qarşılanmadı. Bunun səbəbi nədir? 

- Əgər aktrisa Kann festivalına gedib artıq-əskik hərəkət etsəydi və ya əyninə geyindiyi libasının dekoltesi açılıb obyektivlərə düşsəydi, artıq bu hadisə bütün manşetlərdə idi. Bizi buna görə ağ yuyub, qara sərib, yerdən yerə vurmuşdular.

Mənim oradakı iştirakım işıqlandırılsa da, amma o dərəcə də diqqət ayrılmadı. Mətbuatın başı yalnız məişət mövzularını yazmağa qarışıb. O dövrdə də belə idi, indi də belədir. Düzdür, elə mətbu orqanlar var ki, onlar mədəniyyətə kökləniblər, qədərincə bizim gördüyümüz işləri işıqlandırırlar və yazırlar. Səmimi deyəcəyəm, gördüyümüz işdən, nə siz, nə də biz dəyər və qiymət görürük.

Bunu isə cəmiyyət tələb edir. Mənim festivala gedib mükafat almağımı “xala xətrin qalmasın” biraz oxuyub kənara qoyur, amma hansısa dırnaqarası və sənətdən uzaq bir insanın məişət mövzusunu nəinki bəh-bəhlə oxuyur, hələ üstəlik qabardaraq gündəmə gətirir və günlərlə, həftələrlə müzakirə edirlər. 

Mən rejissor Elmar İmanovun “Mövsümün sonu” filmi ilə tərəf müqabillərimlə bir yerdə  Rotterdam Beynəlxalq Kino Festivalına getdim. Orada “Fipresci” mükafatını qazandıq. Bu, ən gözəl mükafatdır, dünya üzrə festivala dəvət olunmuş film tənqidçilərinin yekdilliklə qərar verib bir filmi seçməsi deməkdir. Bu da bizim filmimiz oldu.

Bir “YouTube” kanalı oradan canlı yayım edib, sosial media səhifələrində paylaşmışdı. Azərbaycanlılar girib təbrik etmişdilər. Təbrikin altında bir söz var idi, görən bu mükafatı almaq üçün nə qədər pul veriblər? Bu, sadəcə onların düşüncələrinin bəsitliyidir. 

Dünyada pul verib mükafat almaq kimi bir şey yoxdur, varsa da, biz onu eləmirik və bizim aktyor olaraq ona gücümüz belə çatmaz. Bunu edə bilmərik. Anladım ki, nə etsən də, ölkəmizdə bəzi insanları razı salmaq olmur. Bunu hamıya şamil etmirəm.

Aldığımız mükafat bu ölkənin adına bir uğurdur. Amma buna görə, biz aktyorları təbrik etməkdən, gözəl sözlər yazmaqdansa, yazırlar ki, nə qədər pul verib bu mükafatı almışıq. Və ya yazırlar ki, aktyor tapmadınız bu festivala göndərməyə?

Sözügedən bu film Azərbaycanın və Almaniyanın ortaq istehsalıdır. Bu filmə də bizi seçmişdilər. Və mən Əməkdar artist Rasim Cəfərlə rejissor Elman İmanovun 3 filmi ilə – “Torn”, “Tabutçunun yelləncəyi” və “Mövsümün sonu” dünyanın nüfuzlu festivallarına getmişik.

Biz bu filmlərlə İspaniyanın, Almaniyanın, Belçikanın və bir sıra digər ölkələrin nüfuzlu festivallarında iştirak etmişik. Amma bunlara rəğmən, cəmiyyətimizin bəzi üzvlərinə yarınmaq olmur. Ona görə də çalışıram ki, sırf öz zövqümə xitab edən işlərə çəkilim. Tamaşaçının arxasıyca yox, tamaşaçını öz arxamca aparım. Amma tamaşaçını nə qədər arxamızca apara bilirik, o sual altındadır. 

- Sizin fikrinizcə, hansı amillər milli kinomuzun inkişafına mane olur? 

- Ən başlıca problem maliyyə məsələləridir. Hər şeyin başında pul dayanır. Kinoya maliyyə ayrılmalıdır. Maliyyə ayrılanda da ora-bura boş-boşuna pullar xərclənilməməlidir. Maliyyə ayrılıb peşəkar aktyorların üzərinə yatırılmalıdır.

Şəxsi münasibətləri üstün tutub, kimlərəsə qazandırmaq üçün bu sahədən uzaq olanları kamera önünə çıxartmaq lazım deyil. Peşəkar aktyorları gətirmək lazımdır. Peşəkar aktyordan sən tələb edirsən. Kənar adamları çəkəndə isə pul tökürsən, sonra da qapı-qapı gəzib “film alınmadı” deyirsən.

Bunun isə başlıca səbəbi düzgün aktyor heyətinin seçilməməsidir. O zəif, qeyri-peşəkarla sən hansı uğurlu iş çıxara biləcəksən göz önünə? Rejissor deyir ki, aktyordan istədiyimi filmdə ala bilmədim. Təbii ki, belə də olacaq. Bir aktyorun əgər ağzı söz tutmursa, ondan hansı effekti ala bilərsən ki? 

- Son illərdə çəkilən ekran işlərindən razı, yoxsa narazısınız? 

- Yaxşı, keyfiyyətli ekran işləri, əlbəttə ki, var. Bunu efirdə yayımlanan bir çox işlər də sübut edir. Aralarında özümün də çəkildiyim yaxşı və keyfiyyətli işlər var. Bu da yaradılan şəraitə görə keyfiyyətlidir. Əlbəttə ki, daha da keyfiyyətli ola bilər. O da ki, əgər maliyyə daha çox olarsa.

Maliyyənin çox olması məkanın, aktyorun geyiminin yaxşı olması, aktyora məvacibin çox verilməsi deməkdir. Bir sözlə, maliyyə komfort və üstünlük deməkdir. Mən qayğılarımı ekran önünə çıxaran aktrisalardan deyiləm. O düşüncə ilə də kamera qarşısına çıxmıram. Amma nə qədər olmasa, yaxşı yaşayan aktyorun gördüyü iş də yaxşı olur. Hər zaman bunu deyirəm, aktyorun cavan və baxımlı qalması üçün yaxşı qazancı olmalıdır. 

- Sənət aləmində sizi hansı məqamlar qıcıqlandırır?

- Rejissorların peşəkar aktyora dəyər verdiklərini deyib, bəzi qeyri-peşəkarları ekran əsərlərinə çəkmələridir. Ortalığa da belə sual çıxır: əgər peşəkara dəyər verirsənsə, niyə peşəkarı çəkmirsən? Pisi çəkib gəlib yanımda şikayətlənən rejissorlar var. Gəlir deyir ki, filankəs gəldi, filmimi uğursuz etdi, verilən rolun üzərindən gələ bilmədi, bacarmadı.

Adama deyərlər ki, yanımda niyə şikayət edirsən? Məni çəkib, məni mənə şikayət etmirsən ki? Mənim çəkildiyim işlər göz önündədir. Mən çəkildiyim adamların işlərini keyfiyyətsizlikdən arxa plana atmamışam. Bu sözü deyən rejissorların çəkdiyi filmlərdə heç 20 faiz peşəkar aktyora belə rast gəlmirsən. Hardansa hansısa münasibətə görə tutub ekran önünə gətirib, onları çəkirlər. Bunlar insanda yalnız ikrah hissi yaradır. Narazı salan məqamlar əslində çoxdur. 

- Hansı rolları canlandırmağı özünüzə qadağa qoymusunuz? 

- Bütün rejissorlar bilirlər ki, mən təmas səhnələrinə çəkilmirəm. “Açıq-saçıq səhnələr var” sözü məni əsəbiləşdirir. Söhbət yaxın təmasdan gedir. Çəkilmirəm, çəkilmərəm də... Mən müxtəlif həyat hekayəsi, ağır həyatları olan qadınları canlandırmışam. Amma həmin rolu oynasam belə, orada yaxın təmas səhnəsi olmayıb. Məncə, təmas səhnəsi olmadan belə, çox şeyi sözlə ifadə etmək olar.

- Zülfiyyə xanım, tamaşaçı üçün yalnız sizin peşəkar aktrisa fəaliyyətiniz deyil, eyni zamanda şəxsi həyatınız maraqlıdır. Niyə indiyə kimi ailə həyatı qurmamısınız? 

- Bu sualın cavabını heç özüm də bilmirəm. Bəlkə də heç mən bilmədən bu baş verib. İşlərimlə ön plana çıxmışam, amma şəxsi həyatımı hiss etmədən çox da arxa plana atmamışam. Zaman keçdikcə bunu da özüm-özümə analiz edirəm. Bəlkə də bilmədən şəxsi həyatım arxa plana keçib. İncəsənət adamının ailə qurması biraz qəliz məsələdir. Özüm o xasiyyətli insan deyiləm ki, bir məsələ var “Xar-xur olsun, xaraba dolsun”. Yəni, “təki ailə qurum, ailəm olsun” kimi düşünən insan deyiləm. 

- Bəs birdən ailə qurduğunuz şəxs sizdən səhnə ilə birdəfəlik vidalaşmağınızı istəsə, hansı addımı atacaqsınız?

- Mən incəsənətlə elə bir şəkildə məşğul deyiləm ki, o mənə bunu icazə verməsin. Çünki mən incəsənətdə olub, incəsənəti çox düzgün şəkildə aparan aktrisalardan biriyəm. Mən işimi digər məqsədlər üçün istifadə etmirəm, düzgün yaşamağa çalışıram, qollarımı çırmalayıb sırf incəsənətlə məşğul oluram. İşlərimin də keyfiyyəti göz önündədir.

Sırf işimə köklənmişəm. İncəsənət elə bir sahədir ki, burada pis bir iş olanda hamı bilir. Mənim haqda ən çox danışa bilərlər ki, dilli -dilçəklidir, birini deyəndə beşini qaytarır (gülür). Yalnız bunu söyləyə bilərlər. Başqa şeylər deyə bilməzlər. Ona görə arxayınlığım var. Ailə qurmaq məsələsi çox çətindir. Zaman göstərəcək.

- Bu illər ərzində yəqin ki, qarşınıza keçib, “mənimlə ailə qur” deyən bəylər olub. Bəs, niyə bu təklifi dəyərləndirməmisiniz? 

- Çox olub. Yenə də bu məsələlər qismətə bağlıdır.  

- Bəlkə həmin bəylərin maddi imkanı aşağı olub? 

- Mən gözü pulda olan insan deyiləm. Mən həyatı pula bağlayan insan deyiləm. Beş manatını gətirsin, amma bilim ki, ağlı ilə, əziyyət çəkərək gətirir. Bizdə o pulu ailəmizə xərcləyəcəyik. Çünki mən özüm də bu şəkildə edən insanam.

Qazandığımı ailəyə xərcləyən insanam. Sadəcə mən çalışmaq, əziyyət çəkmək istəməyən, işsiz, perspektivsiz, qadın üstünə yüklənən qarşı cinsin nümayəndələrinə şans verən qadınlardan deyiləm.

Elə insanlar heç vaxt həyatımda ola bilməzlər. Çünki mən özüm xanım olsam da, hər zaman çalışmışam ki, daşdan belə çörəyimi çıxarmağı bacarım. Mənim heç zaman istirahət günüm olmayıb. Bayramlarda belə işləyirəm.

Əlavə tədbirlər belə götürürəm ki, təki pulum olsun. Çalışmışam ki, bu həyatda heç kimdən asılı və gözükölgəli olmayım. Öz pulumu kişi kimi qazanan və xərcləyən qadınam. Beş manatım olsun, amma onu rahat xərcləyim. Mənim yanımda yalnız düzgün, zəhmətkeş, tərbiyəli, fırıldaqlardan uzaq, pulunu halallıqla qazanan insan ola bilər. Amma ailə qurmağı beynimin bir kənarında düşünürəm. Yenə də qismət...

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər