““Dədə Qorqud”un motivləri əsasında iki seriya çəkdik, sonra isə”¦”- Ramiz Həsənoğlu
6847
29 Dec 2017 | 18:06

““Dədə Qorqud”un motivləri əsasında iki seriya çəkdik, sonra isə”¦”- Ramiz Həsənoğlu


Bir neçə il bundan əvvəl “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi yenidən gündəmə gəldi. Bu  isə öz-özlüyündə uzun müddət bundan əvvəl yarımçıq qalan bir layihənin yenidən həyata keçməsini aktuallaşdırdı. Həmin ekran layihəsinə əsasən, “Dədə Qorqud” dastanının 12 boyunun hər birinin əsasında  ayrı-ayrılıqda televiziya filmi çəkiləcəkdi. Lakin ssenarisi Anara, rejissorluğu isə Ramiz Həsənoğluna aid olan çoxseriyalı bədii eran işinin yalnız iki seriyası çəkildi. 

Lakin bir neçə ildən sonra ölkə başçısının bu barədə verdiyi mühüm sərəncam “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi yenidən aktuallaşdırdı. 
Çox vacib mədəni layihə olacaq, çoxseriyalı filmin nə zaman çəkiləcəyi isə tamaşaçılar, kinosevərlər üçün də çox maraqlı olar.

 Xalq artisti Ramiz Həsənoğlu Moderator.az-a verdiyi açıqlamasında bu istiqamətdə bir rejissor, məsləhətçi kimi əlindən gələni məmnuniyyətlə icra etmək istədiyini bildirib:


““Dədə Qorqud”un çoxseriyalı televiziya məhsulu kimi  çəkilməsi fikri təxminən, 3 il bundan bir daha gündəmə gəldi. Bilirsiniz ki, ondan əvvəl elə Anarın özünün ssenarisi əsasında, rejissor Tofiq Tağızadə  ikihissəli “Dədə Qorqud” filmi çəkilmişdi. Həmçinin, Anar 2000-ci ilin əvvəllərində televiziya üçün serial ssenarisi yazmışdı. İki seriyasını mən çəkmişdim, “Dədə Qorqud oğuznamələri” adlanırdı. Birinci seriyasını - “Dirsə xan oğlu Buğac”ı və  ikinci seriyasını “Qazan xanın evinin yağmalanması boyu”nu çəkdik.  Fikir var idi ki, dastandakı 12 boyun hər biri televiziya üçün  lentə alınsın. Lakin biz ancaq ikisini çəkə bildik. Daha sonra maliyyə səbəbindən bu proyekt yarımçıq qaldı. 


Sonradan Dədə Qorqudun heykəlinin açılışında Anar çıxışında yenidən bu mövzuya toxundu. Təklif etdi ki, ortaq proyekt kimi bütün Orta Asiyadakı türk dövlətlərinin birgə səyi nəticəsində bu layihəni yenidən bərpa edək. O zaman prezident demişdi ki, başqa türk dövlətlərini cəlb etməyə ehtiyac yoxdu, gəlin, bunu elə özümüz edək. Bu layihə o zaman yenidən gündəmə gətirildi. 
Məhz bundan sonra Anar  müsahibələrinin birində demişdi ki, əgər bu proyekt gerçəkləşsə, istərdim onu Ramiz Həsənoğlu lentə alsın. Mənim də adım o zaman hallandı. Ondan sonra mənə suallar ünvanlandı ki, nə zaman çəkirsiniz. Amma mənə bu barədə heç bir rəsmi təklif olunmayıb. Düşünürəm ki, bu seriala çox böyük ehtiyac var. Mən isə o serialda yaradıcı qrupunun formalaşmasında iştirak etmək istərdim. Çəkilişi isə böyük zəhmət, səy tələb edir. Hesab edirəm ki, bu işə mənə nisbətdə gənc olan  istedadlı şəxsləri cəlb etmək lazımdı. Azərbaycan kinosuna yeni qüvvələr gəlib. Yaşları 40-50 arasında olan xeyli istedadlı rejissor və operatorlar var ki, bu işin öhdəsindən ustalıqla gələ bilərlər. Mən də öz növbəmdə üzərimə düşən işi məmnuniyyətlə yerinə yetirə bilərəm”.

Elmin Nuri

Link kopyalandı!
Son xəbərlər