NATO-nun keçmiş baş katibi Yens Stoltenberq nüfuzlu qlobal siyasətçiləri və iş adamlarını bir araya gətirən illik qapalı forum olan “Bilderberq” klubunun həmsədri təyin edilib.
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, klubun yeni həmsədrinin seçilməsi zərurəti “Goldman Sachs” bankının keçmiş müşaviri, əvvəllər həmin vəzifəni tutmuş holland iqtisadçı Viktor Halberstadtın vəfatı ilə əlaqədar yaranıb.
“The Guardian” yazır ki, forumun ikinci həmsədri dünyanın ən böyük reklam agentliklərindən biri olan “Publicis”in direktorlar şurasının üzvü, kanadalı sahibkar Mari-Xose Kravisdir.
2025-ci ilin iyununda Stokholmda keçiriləcək forumun təşkilat komitəsinə 30-dan çox adam daxildir.
2000-2001 və 2005-2013-cü illərdə Norveçin baş naziri olmuş Stoltenberq 2002-ci ildən klubun iclaslarında iştirak edir. “Guardian” hesab edir ki, Stoltenberqin liderliyə yüksəlməsi “Bilderberq”in ictimai birliyə çevrilmək istəyini göstərə bilər, NATO-nun keçmiş baş katibi isə yeni rolunda Donald Trampın hakimiyyətə gəlməsi fonunda ABŞ-la transatlantik əlaqələri gücləndirmək niyyətindədir.
“Bilderberq” planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal forumudur. Klubun mənzil-qərargahı Nyu-Yorkda yerləşir.
Klubun ilk toplantısı ABŞ xüsusi xidmət orqanlarının himayəsi altında 1954-cü il mayın 29-da Niderlandın Osterbek şəhərindəki “Bilderberq” otelində olub. Qrup öz adını da buradan götürüb. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib.
İlk toplantıdan bəri hər dəfə başqa yerdə toplanırlar. Tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir. İştirakçılar bu konfransın nəticələrindən istifadə edə bilərlər. Amma onların toplantıdakı çıxışların, razılaşmaların detallarını açıqlamağa ixtiyarları yoxdur.
Klubun 70 illik tarixində mediaya klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda heç bir məlumat daxil olmayıb.
Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas məqsəd öz mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa superdövlətinin yaradılması və Avroatlantizm prinsiplərinin möhkəmləndirilməsidir. Son hədəf isə vahid qlobal hökumətin yaradılması olaraq müəyyənləşdirilib.