III Vlad elə mübahisəli tarixi fiqurdur ki, hər ölkədə ona fərqli ad qoyulub. Türklər “Kazıklı Voyvoda”, öz xalqı - valaxlar isə "Cəllad" adını veriblər. Macarlara görə isə o, Drakula, yəni Şeytanın özüdür.
III Vlad, II Vladın oğludur. Eflak Osmanlıya tabe olanda, atası tərəfindən Vlad qardaşı Radu ilə birlikdə Osmanlıya göndərilir ki, təhsil alsın. Sultan II Murad Vladı çox sevirdi, hətta o qədər önəm verirdi ki, öz oğlu II Mehmetlə birlikdə təhsil almalarını istəyirdi. Buna görə iki qardaşı Edirnəyə göndərir. Edirnədə Şahzadə Mehmetlə birlikdə təhsil alırlar. Bəzi tarixçilərin fikrincə, o dövrdə II Mehmetlə (yəni, Fateh Sultan Mehmetlə) o qədər yaxın idi ki, qan qardaşı olmuşdular. Hətta Fateh Sultan Mehmet taxta çıxdıqdan qısa müddət sonra onu Eflakın şahzadəsi təyin etmişdi. Zəkalı və cəsur bir şəxs olan Vlad Osmanlıdan öyrəndiyi komandanlıq və idarəçilik bacarıqları ilə qısa müddətdə özünü qəbul etdirməyi bacarır.
Eflak şahzadəsi olduqdan bir müddət sonra boqdanlıları və macarları dəfələrlə məğlub edir. III Vlad həmin illər Osmanlıya çox bağlı idi. Hər il ödəməli olduğu vergini şəxsən öz əlləri ilə gətirib Sultana təqdim edirdi. Padşah isə ona qarşı müxtəlif hədiyyələr göndərirdi. Bu ikili, bir-birini çox sevən iki yaxşı dost idi. Amma hər şey Fateh Sultan Mehmetin Mora və Qaradənizə etdiyi yürüşlər zamanı dəyişdi. III Vlad artıq əvvəlki kimi bağlılıq göstərmirdi. Vergisini gecikdirmək bir yana, artıq heç ödəməməyə başlamışdı. Eflakda öz xalqına və ətraf ölkələrdəki insanlara zülm etdiyi xəbərləri hər yerə yayılırdı. Hətta bəzi qərb mənbələri onun işgəncələrindən uzun-uzadı bəhs edir, III Vladın o dövrlərdə tam bir vəhşiyə çevrildiyini qeyd edirlər.
"Tepeş" ləqəbi rumın dilindən tərcümədə "payaya keçirən" anlamına gəlir. III Vladın ən sevdiyi şey insanları payaya oturdub günlərlə işgəncə vermək idi. Bəzi mənbələr qeyd edir ki, o, günlərlə insanların ölümünü izləyirdi. Hətta bəzən bunu o qədər şişirdirdi ki, 200-300 insanı payaya keçirdib ortalarına süfrə açıb ziyafət verirdi. Bu qədər acı çəkən insanın içində Kazıklı Voyvoda bir müddət sonra bunu türk düşmənçiliyinə çevirdi. Əlinə keçən türkləri əsir alır və hər birini payalara keçirərək günlərlə işgəncə altında ölmələrini izləyirdi. Bu artıq Vlad Drakula üçün bir növ əyləncəyə çevrilmişdi. Bəzi mənbələrdə əsir aldığı türklərin ayaqlarını üzdürüb, qanlarını içib, açılan yaraları duzlayaraq itlərə yalatdırdığı qeyd olunur.
Qərb mənbələrinə görə, Drakulanın qadınların sinələrini kəsdirdiyi və həmin sinələrin yerinə qadınların uşaqlarının başlarını tikdirdiyi bildirilir. Həmçinin, bəzi qadınları canlı-canlı qazanda bişirib ətlərini onların uşaqlarına yedizdirirdi. Vlad bütün olanları bayram şəkilində keçirirdi.
Hadisələr bu qədər çirkinləşdikdən sonra Fateh Sultan Mehmet bu hadisələrdən xəbərdar oldu. Vladla olan dostluğuna görə Mehmet "zülmləri dərhal dayandır, əvvəlki kimi ol", - deyə ona xəbərdarlıq etdi. Amma Vlad heç dinləmədi. Əksinə olaraq işgəncələrə, zülmlərə davam etdi və vergisini də heç bir şəkildə ödəmədi.
Sultan Mehmet onun cəzasını şəxsən özü verməyi qərara aldı. Vladı İstanbula sarayına çağırdı. Vlad isə Mehmetə məktub göndərdi: "İstanbula gələcəyəm, amma mənə Eflakı qoruyacaq əsgərlər göndərin".
Mehmet bu məktubu oxuduqdan sonra bir qrup təşkil etdi. Qrupun başına Hamza bəy təyin edərək onlara Vladı nə olursa olsun gətirməyi əmr etdi. Hamza bəy və onun əsgərləri Tuna çayına gəldiklərində çayın donduğunu gördülər və orada düşərgə qurdular. Vlad gecə əsgərləri ilə birlikdə Tuna çayını keçdi və müdafiəsiz halda olan Hamza bəyin üzərinə hücum etdi. Hücum zamanı Hamza bəy əsir alındı və onun başını kəsərək Macar kralına yardım üçün göndərdi. Vladın bu etdiklərindən sonra Mehmetin onu öldürəcəyini bilirdi. Buna baxmayaraq, Macarıstana sığındı və Osmanlı ilə yeni bir sülh müqaviləsi imzalanmış olduğundan, Macar kralı onu həbs etdi.
Mehmet bu hadisələr zamanı Vladın qardaşı Radunu Eflakın yeni şahzadəsi təyin etdi. Radu ömrünün sonuna qədər Osmanlıya bağlı qaldı.
Vlad qısa müddət sonra orada baş verən bir üsyan sayəsində qaçmağı bacardı və Eflaka geri döndü. Amma bu dəfə xilas ola bilməyəcəkdi. Çünki Vladın Eflakda olduğu xəbəri Sultan Mehmetə çatmışdı. 1476-cı ildə Mihaloğlu tərəfindən Buxarest yaxınlarında Vladı yaxaladılar. Drakulanın başı kəsilib İstanbula göndərildi. Mehmet onun başını şəhərdə qızıl bir dirəkdə nümayiş etdirdi. /Teleqraf.com/