Milli Qvardiyanın komandiri, polkovnik Əzizağa Süleymanov 90-cı illərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş verən çox maraqlı olaylarla bağlı xatirələrini hissə-hissə
Moderator.az-a təqdim edir. Bu yazı da Füzuli uğrunda gedən döyüşlər haqqındadır və oxucularımız üçün maraqlı olacağına şübhəmiz yoxdur...
(əvvəli öncəki günlərdəki xəbər lentlərində) 4 aprel 1993 cü il tarixində gecə saat 24 radələrində biz Füzuli şəhərinə çatmışdıq. Füzuli şəhərinə gedən yol boyu gecə olmasına baxmayaraq köç yüklənmiş maşın karvanına rast gəlmək olurdu. Bundan əvvəl də Milli Qvardiyanın şəxsi heyəti Füzuli rayonunda olmuşdu. Yol boyu bu ərazinin döyüş boyu sərhəd xətlərini nəzərimdən keçirirdim. Füzuli şəhərinə çatan kimi kapitan Eyubov Eyubu və əslən Füzuli şəhərinin olan qvardiyaçı Tahirov Tahir Qəmbər oğlunu özümlə götürüb, şəhərdə yerləşən Müdafiə Nazirliyinin tabeciliyində olan briqadanın qərargahına, briqada komandiri polkovnik-leytenant Murad Həmidovun yanına getmişdim. Qərargahda briqada komandirinə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Milli Qvardiya komandanının əmri ilə, başda özüm olmaqla döyüşdə iştirak etmək ücün 92 qvarqiyaçının onun sərəncamına göndərildiyini məruzə etdim. Briqada komandiri Murad Həmidov mənim məruzəmi qəbul edib mənimlə mehriban görüşdü. Biz köhnə tanış idik. 1992 il tarixində iyun-iyul aylarında Milli Qvardiyanın döyüşcülərinin bir hissəsi ilə onun rəhbərlik etdiyi briqadanın tərkibində ağır döyüşlərdə iştirak etmişdik. Briqada komandiri polkovnik-leytenant Murad Həmidov mənə qvardiyaçıları Füzuli rayonundan bir necə klometir aralıda yerləşən Qarğabazar kəndindəki orta məktəbin binasında yerləşdirməyi tapşırmışdı. Mən kapitan Vəlməmmədov Rüfət Həmzə oğluna və kapitan Eyubova göstəriş vermişdim ki, şəxsi heyəti Qarğabazar kəndində yerləşdirsinlər. Əslən Füzulidən olan qvardiyaçı Tahirov Tahir Qəmbər oğluna sürücüm qvardiyaçı Əliyev Ramin Fərrux oğlu ilə birlikdə mən iclasdan çıxana kimi Mlli Qvardiyada xidmət edən Hacıyev Azər Kamal oğlunun atası Füzuli şəhərində yaşayan Kamal kişini tapıb yanıma gətirmələrini tapşırmışdım. Ondan şəhər və şəhər ətrafı cəbhə xəttində yaranmış vəziyyət barədə dəqiq məlümat almaq istəyirdim. Özüm isə briqada komandirinin göstərişi ilə onun yanında kecirilən hərbi müşavirəyə dəvət olunmuşdum. Müşavirədə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri də iştirak edirdilər. Mən hərbi müşavirədə bilmişdim ki, Milli Məclisinin sədri İsa Qəmbər, dövlət müşaviri Arif Hacılı və digər yüksək rütbəli dövlət rəhbərləri artıq cəbhə bölgəsində, Füzuli şəhərindədirlər. Bizə məlumat verdilər ki, Mili Məclisin sədri İsa Qəmbərin bu günkü müşavirədə iştirakı gözlənilir. Briqada qərargahında gecənin bu vaxtı müşavirədə müzakirə olunan əsas məsələ Füzuli şəhərini yaranmış ağır mühasirə şəraitindən təcili çıxarmaq idi. Müşavirədə verilən məlumatlara görə Füzuli şəhərindən bir kilometr aralıda yerləşən “Üctəpə”və “Məngələnata” yüksəkliklərini erməni hərbi birlşmələri ələ keçirtmişdilər. Bu gecəki müşavirədə bir məsələ müzakirə olunurdu. Bu yüksəkliklər bu gün geri alınmalıdır, ya da Füzuli şəhərindən əhali köçürülməlidir. Müşavirədə bu məsələ müzakirə olunan vaxt məlumat catdırılmışdı kı, müşavirə iştirakcılarını Milli Məclisin sədri İsa Qəmbər qərargah saldığı Milli Təhlükəsizlik Nazirliyinin Füzuli şəhərinindəki bölməsinin inzibatı binasında gözləyir. Biz hamımız, başda briqada komandiri olmaqla ora getdik. Toplantı gecə saat 2 radələrində başlamışdı. İclası dövlət müşaviri Arif Hacılı aparırdi. Füzuli rayonunun İcra Hakimiyyətinin başcısı Nofəl Qasımov da toplantıda iştirak edirdi. Birinci olaraq briqada komandiri Murad Həmidov bu bölgədə döyüş mövqelərində yaranmış vəziyyət barəsində məlumat vermişdi. Cəbhə xəttinin xəritəsi briqadanın qərargah rəisi polkovnik-leytenant Nizami Məmmədov tərəfindən divardan asılmışdı. Qərargah rəisi briqada komandirinin cəbhə xətti boyu verdiyi məlumatları xəritə üzərində göstərirdi. Bundan sonra taborların cəbhə xətti boyu yerləşdiyi mövqeləri göstərmərə başlamışdı. Qərargah rəisi Nizami Məmmədov Füzuli bölgəsində yerləşən taborların adını çəkdikcə tabor komandirləri bir-bir yerindən durub özlərini təqdim edirdilər. Hərbi müşavirədə iştirak edənlərə məlum olurdu ki, Cəbrayıl- Füzuli istiqamətində cəbhə xətti boyu erməni hərbi birləşmələrinə qarşı yerləşdirilən tabora Abış Alışov, Üctəpə, Məngələnata, Qacar kəndi istiqamətində cəbhə xətti boyu yerləşən tabora Qəhrəman Əliyev, Qızıl qaya, Aşağı Veysəlli kəndi istiqamətində cəbhə xətti boyu yeləşən tabora isə Səfa Əliyev (Yapon ləqəbl şəxs) rəhbərlik edir. Briqada komandiri Murad Həmidov məruzəsini bitirdikdən sonra Məngələnata, Üçtəpə istiqamətində döyüşən tabora rəhbərlik edən tabor komandiri Qəhrəman Əliyev dövlət müşaviri Arif Hacılı tərəfindən sual-cavaba tutulmuşdu. Tabor komandiri Qəhrəman Əliyev bu istiqamətdə erməni hərbiləşmələrinin əlinə keçirilən mövqeləri nə ücün əldən verdiklərini izah edə bilmirdi. Gah şəxsi heyətin çatışmamazlığını, gah da ermənilərin qəflətən çox güclü hücuma keçmələrini bəhanə gətirirdi. Lakin briqada komandirinin tutarli faktları onun yalan danışdığını sübut edirdi. Dövlət müşaviri Arif Hacılı ona sual edəndə ki, həmin mövqeləri geri ala bilərsinizmı? Tabor komandiri Qəhrəman Əliyev bildirmişdı ki, bu mövqelərı geri almaq ücün iki briqada döyüşçü lazımdır. Dövlət müşaviri Arif Haçılı üzünü briqadanın qərargah rəisinə tərəf tutub sual edəndə ki, bu barədə siz nə deyə bilərsiniz? Briqadanın qərargah rəisi Nizami Məmmədov ayağa durub döyüş bölgəsində bu mövqein cox böyük strateji yüksəklik olduğunu xüsusi olaraq qeyd edib, çətin olsa da alınmasının mümkün olduğunu söyləmişdi, bu zaman döyüşdə itkilərimizin cox olacağını bildirməyi də yaddan cıxarmamışdı. Milli Məclisinin sədri İsa Qəmbər də toplantıya qatılmışdı. Toplantı iştirakçıları hamısı bir nəfər kimi ayağa qalxıb Mili Məclisinin sədri İsa Qəmbəri qarşılamışdılar. İsa Qəmbər toplantı iştirakçılarını salamlayıb,prezidenti Əbülfəz Elcibəyin salamını catdırmışdı. Dövlət müşaviri Arif Hacilı Milli Məclisin sədrinə toplantının gedişi haqqında qısa məlumat vermişdi. Milli Məclisin sədri İsa Qəmbərin iştirakı ilə Füzuli bölgəsində yaranmış acınacaqlı hərbi vəziyyətin müzakirəsi davam etdirildi. Toplantıda digər özünümüdafiə taborların komandirlərinin söylədikləri fikirlər də dinlənilmişdi. Günün əsas məsələsi olan Məngənəata və Üctəpə istiqamətində düşmən üzərinə Müdafiə Nazirliyinin əməliyyat idarəsinin hazırladığı hücum planının icrasını yerli tabor komandirlərindən hec biri öz üzərinə götürmək istəmirdi. Onlar təkidlə tələb edirdilər ki, bu istiqmətdə hücum yeni gətirilmiş hərbi hissələrə həvalə edilsin və həmin hərbi hissələrin hazırlıqlı hücuma kecməsi ücün üç-dörd gün vaxt verilsin. Briqada komandiri və Müdafiə Nazirliyindən gələn adını bilmədiyim polkovnik tabor komandirlərinin fikiri ilə qismən də olsa razı idilər. Arqumentləri də bu idi ki, yerli taborlarin döyüşçüləri ağır döyüş şəraitindən yorulub, taborlarda döyüşçülərin sayı azdır, fərarilik var. Dövlət müşaviri Arif Hacılı Milli Məclisin sədri İsa Qəmbərdən içazə alıb, yerli taborların komandir heyətinin bəhanələr əsasında söylədikləri fikirirlərinə müdaxilə etmişdi. O qəti olaraq bildirirdi ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əldə edilmiş məxfi məlumatlara əsasən erməni hərbi birləşmələrinin komandanlığı öz tabeçiliyində olan komandirlərə bu gündən etibarən Füzuli rayonu istiqamətində əlavə canlı qüvələr yerləşdirilməsi barəsində göstəriş verib. Bu faktı nəzərə alıb biz ya bu gün Üçtəpə və Məngələnata yüksəkliyin götürməliyik, ya da sabahdan etibarən Füzuli şəhərinin əhalisini köçürməliyik. Odur ki, siz bu günkü hücumu yerli taborların döyüşçüləri hesabına yerinə yetirməlisiniz. Prezidentin Milli Qvardiyasinın döyüşçüləri də sizə bu istiqamətdəki döyüşlərdə köməklik göstərəçək. Milli Qvardiya döyüşçülərinin komandiri bu gün bu toplantıda iştirak edir. Mən ayağa durub onlara özümü təqdim etmişdim. Dövlət müşaviri məndən neçə nəfər döyüşçü ilə gəldiyimi soruşanda, hələlik 100 nəfərlə gəldiyimizi ona bildirmişdim və əlavə qvardiya döyüşçülərinin bu gün gələcəyini məruzə etmişdim. Milli Məclisinin sədri İsa Qəmbər müşavirədə çıxış edərək bildirmişdi ki, 2 aprel 1993-cü il tarixində erməni hərbi birləşmələri öz havadarlarının köməkliyi ilə Kəlbəcər rayonunu işğal ediblər. Bu, Azərbaycan xalqı ücün çox böyük zərbədir. Əgər bu gün Füzuli rayonu ermənilər tərəfindən işğal edilərsə, Qubadlı, Zəngilan, Cəbrayıl rayonları mühasirəyə düşə bilər. Azərbaycan xalqı çox ağır vəziyyətlə üzbəüz qalar. Siz bugünkü döyüşün mahiyyətini başa düşməlisiniz. Bu döyüş olum və ölüm döyüşüdür. Kim bu döyüşdə həmin yüksəklikləri götürərsə, Azərbaycan Respublikasının Milli Qəhramanıdır. Bu, mənim qəti göstərişimdir. Bu gün mən də sizinlə birlikdə ya məhv olacaq, ya da ki, bu yüksəklikləri erməni hərbi birləşmələrindən azad edəcəyik. İsa Qəmbər bu göstərişi verib çölə çıxmışdı. Dövlət müşaviri Arif Haçılı bir də təkrarən demişdi ki, hansı taborun komandiri Üçtəpə və Məngələnata yüksəkliklərini götürərsə, o komandir Azərbaycanın Respublikasının Milli Qəhramanıdır. O bu sözləri deyib briqada komandirinə döyüş əmri vermək üçün sərbəstlik verib, Füzuli rayonunun içra hakimiyyətinin başçısı Nofəl Qasımovla birlikdə Milli Məclisin sədiri İsa Qəmbərin arxasınca çölə çıxmışdılar. Briqada komandiri Həmidov qərargah rəisi Nizami Məmmədova döyüş əmri yazmağı tapşırıb, xəritənin önünə keçmişdi. Məni ayağa qaldıraraq, xəritə üzərində Üçtəpə istiqamətini göstərib Üçtəpəni götürməyi əmr edib, tabor komandiri Abış Abışovu ayağa qaldırıb mənə canlı qüvvə ilə köməklik etməyi tapşırmışdı. Tabor komandirləri Qəhrəman Əliyevi “Yapon” ləqəbli Səfa Əliyevi ayağa qaldırıb, Gövşad kəndi istiqamətində şəxsi heyəti hazırlayıb bu gün günorta saat 12 radələrində bu istiqamətdə erməni hərbi birləşmələrinə qarşı hücuma keçəcəklərini söyləmişdi. Döyüş əmri verdiyi zaman müşavirədə iştirak edən tabor komandirlərinin heç birinə ona əlavə sual verməsinə imkan verməyərək, dövlət rəhbərliyi tərəfindən çağırılmış hərbi müşavirəni yekunlaşdırmışdı. Tabor komandirləri briqada komandirindən icazə alıb, tabeçiliklərində olan şəxsi heyəti bu günkü döyüşə hazırlamaq üçün hərə öz tabeçiliyində olan hərbi hissəyə getmişdi...
Ardı var...