Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Binə qəsəbəsində 48 yaşlı həyat yoldaşı Lamiyə Məmmədovanı beysbol çubuğu ilə döyərək qətlə yetirən 1979-cu il təvəllüdlü Ramil Məmmədovun məhkəməsində dəhşətli faktlar açıqlanıb.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 12 il müddətinə azadlıqdan məhrum edilən Ramil Məmmədov məhkəmədə ifadə verib.
Təqsirləndirilən şəxs ifadəsində arvadını döydükdən sonra onu ölümcül vəziyyətdə qoyub Gürcüstana getdiyini bildirib:
“Gürcüstandan özümə maşın alıb gətirmək istəyirdim. Öz avtomobilimi satmışdım, Gürcüstana getmək üçün bilet aldım. Dostumun maşını ilə hava limanına getdik, lakin yolda yadıma düşdü ki, pasportum evdə qalıb. Geri qayıdanda ayaqqabı ilə evə girdim, arvadım qayıtdı ki, “sənin burada eşşəyin var?” Mən də onu təhqir etdim.
Əvvəllər onu vuranda əlim ağrıdığı üçün bu dəfə beysbol çubuğundan istifadə etdim. 5-6 dəfə vurandan sonra diz üstə çöküb ağzı üstə yerə yıxıldı. Bunu görəndən sonra hava limanına gəlib Gürcüstana getdim. Yolda qonşum Nofələ zəng edib Lamiyəni döydüyümü, onu xəstəxanaya aparmasını istədim. Tiflisdə olarkən Nofellə yenidən əlaqə saxladım, amma o, Lamiyənin öldüyünü dedi. Batumidə də 2 gün qaldım”.
Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirib ki, Tiflisdə olarkən arvadının öldüyünü eşitsə də, ölkəyə qayıtmayıb. Onu “İnterpol”un əməkdaşları saxlayıb.
Məhkəmədə Lamiyənin hüquqi varisi kimi qardaşı ifadə verib. Onun sözlərinə görə, Ramil xəvariclər deyilən dini qrupun üzvü olub:
“Xəvariclər qrupunun üzvləri uzaq yola gedəndə həyat yoldaşını tək qoyub getmir. Həyat yoldaşını öldürüb getmək onlar üçün müstəhəbdir. Xəvariclər tərəfindən Ramilə pul verilmişdi. Axşam saatlarında Nofələ zəng edərək Lamiyəni öldürdüyünü deyib”.
Qeyd edək ki, Ramil Məmmədov daha öncə də Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.