Kriminal
1041
28 Dec 2024 | 14:00

"Abzas Media” işi üzrə məhkəmə - Özlərini təqsirli bilmədilər

"Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaşı Nərgiz Absalamova, jurnalistlər Hafiz Babalı, Fərid Mehralızadə və Elnarə Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibinə etiraz verilib. Etiraz təmin olunmayıb.
 
Daha sonra jurnalistlərin zala buraxılması ilə bağlı vəsatət verilib. Bu vəsatət isə təmin olunub.
 
Dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.
 
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini qismən bilməyiblər.
 
Proses yanvarın 21-də davam edəcək.
 
Qeyd edək ki, "Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
 
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs edilib.
 
Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1-, 193-1.3.2, 206.4, 320.1 və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilib. /Teleqraf.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər