Xalq artisti Ağadadaş Ağayevlə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəmə prosesi başlayıb.
Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarının dəqiqləşdirildiyi zaman məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunub və məhkumluğu ödənilməyib.
Zərərçəkən şəxsin vəkili Asim Abbasov məhkəməyə vəsatət təqdim edib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxsin əvvəllər ödənilməyən məhkumluğu olub.
O, şahidlərə və digər proses iştirakçılarına təzyiq göstərə bilər. Bunun qarşısının alınması üçün onun barəsində olan polis nəzarəti altında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin.
Dövlət ittihamçısı çıxış zamanı təzyiqlə bağlı indiyədək sübutun olmadığını əsas gətirib və vəsatətin təmin olunmamasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili Rəna Məmmədova vəsatəti qanunsuz və əsassız adlandıraraq rədd edilməsini istəyib.
Məhkəmə müşavirə elan edib.
Məhkəmənin baxış iclası təyin olunub.
İş üzrə məhkəmə baxışı dekabrın 25-nə təyin olunub.
Qeyd edək ki, bundan əvvəl də eyni ittihamla Ağadadaş Ağayevin də cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılır.
İttihama görə, bu il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. /Teleqraf.com/