Ordudakı yeyinti ilə bağlı işdə qərar: Mahir Şirvanovun cəzası artırıldı
Kriminal
1881
05 Dec 2024 | 18:17

Ordudakı yeyinti ilə bağlı işdə qərar: Mahir Şirvanovun cəzası artırıldı

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə məsuliyyətə cəlb olunan Müdafiə Nazirliyi Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun barəsində verilən hökmdən apellyasiya protesti və şikayətləri üzrə məhkəmə iclası keçirilib.
 
Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara görə, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib. Mahir Şirvanovun cəzası 6 ilə qədər artırılıb.
Mahir Şirvanovun vəkili tərəfindən verilən apellyasiya şikayəti təmin olunmayıb.
 
Qeyd edək ki, bu ilin sentyabrın 9-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3 il müddətinə azadlıqdan mərhum edilmişdi.
 
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
 
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
 
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
 
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
 
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər