Bizi sosial şəbəkələrdən izləyin:
Naxçıvanda dayısının qatilini öldürməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Ordubadın Unus kəndində qeydə alınıb. İttihama görə, 1974-cü il təvəllüdlü İbrahim Əsədulla oğlu Tağıyev bıçaqla qətlə yetirilib. Onun qətlində həmkəndlisi, 1976-cı il təvəllüdlü Bəxtiyar Sərdar oğlu Rəsulov təqsirli bilinib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, İbrahim Tağıyev 1995-ci ildə Bəxtiyar Rəsulovun dayısını münaqişə zəminində qətlə yetirib. İbrahim Tağıyev azadlığa çıxdıqdan sonra Türkiyəyə köçüb, uzun müddət orada yaşayıb. O, bu il kəndə qayıdanda təsadüfən Bəxtiyar Rəsulovla qarşılaşıb. İbrahim Tağıyevi kənddə görən təqsirləndirilən şəxs illər əvvəl öldürülən dayısının qisasını almaq fikrinə düşüb.
Bəxtiyar Rəsulov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib. /Report/