ARDNF-in gələn il üçün investisiya siyasətinin əsas istiqamətləri açıqlanıb
İqtisadiyyat
181
16:37, Bu gün

ARDNF-in gələn il üçün investisiya siyasətinin əsas istiqamətləri açıqlanıb

2026-cı ildə Dövlət Neft Fondu (ARDNF) əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcək.

Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fondun 2026-cı il büdcəsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Fondun investisiya portfeli proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 64,8 milyard ABŞ dollarına bərabər götürülür.

Portfelin baza valyutası ABŞ dolları müəyyən edilir, məcmu dəyərinin minimum 85 %-i, nəzərdə tutulmuş illik

bölgüsü Fondun Müşahidə Şurasına təqdim edilməklə ABŞ dolları, avro və ingilis funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.

Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:

- borc öhdəlikləri altportfeli – aşağı uzaqlaşma intervalı maksimum 10 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 30 %-i;

- səhm (pay) altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 %-ə qədəri;

- daşınmaz əmlak altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 %-ə qədəri;

- qızıl altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 4 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 35 %-ə qədəri;

Fondun borc öhdəlikləri altportfeli pul bazarları alətlərindən, mərkəzi (milli) banklardakı əmanətlərdən və borc öhdəliklərindən ibarətdir;

Səhm (pay) altportfeli yalnız beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlərdən, habelə maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 7 %-dən artıq olmamaqla səhmlərə və kredit reytinqinə malik

olmayan borc öhdəliklərinə investisiya edən pay fondlarında, o cümlədən müştərək investisiyalarda iştirak paylarından ibarətdir;

Daşınmaz əmlak altportfeli yalnız daşınmaz əmlaka, infrastruktura, daşınmaz əmlak və infrastruktur üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondlarında, müştərək investisiyalarda iştirak paylarından, o cümlədən daşınmaz əmlaka birbaşa investisiyalardan ibarətdir;

Qızıl altportfeli yalnız London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının tətbiq etdiyi tələblərə uyğun olan qızıl külçələrdən ibarətdir;

Fondun borc öhdəlikləri altportfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə "ICE BofA Fixed Income Indices" əsas götürülür;

Səhm (pay) altportfelinin hədəf gəlirliliyi (bençmark) kimi "MSCI Stock Market Indexes" əsas götürülür;

Ölkə Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın (bundan sonra – Qaydalar) 4.2-ci bəndinə əsasən, qızıl altportfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir.

İnvestisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələblər aşağıdakı kimidir:

- Fondun borc öhdəlikləri altportfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət müvafiq bençmarkın ortaçəkili investisiya müddətindən maksimum altı ay olmaqla kənarlaşa bilər;

- Depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 10 %-i

həddində müəyyən edilir;

Qaydalarda nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya pul bazarları alətləri üzrə 5 %-lik xüsusi çəkinin yuxarı həddinə dair tələblər ölkə Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir;

Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul köçürmələrinin və digər köçürmələrin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir;

Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır;

Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 %-dən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 %-dən artıq

olmamalıdır;

Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla həmin menecerlər arasında bağlanılan sazişdə göstərilməlidir.

Link kopyalandı!
Son xəbərlər