2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək.
Moderator.az xəbər verir ki, bu, "Report"un sorğusuna cavab olaraq, bəzi media resurslarında gələn ildən NEZ-də "Ai-95" markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirərkən qurumdan bildirilib.
Məlumatda deyilir ki, NEZ-də hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına ("Avro-5") uyğun "Ai-92" və "Ai-95" markalı benzin istehsalı həyata keçirilir.
Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksəkkeyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.