Azərbaycanın D-8  təşkilatına üzvlüyü: Müsbət və mənfi təsirləri
İqtisadiyyat
1067
09:20, Bu gün

Azərbaycanın D-8  təşkilatına üzvlüyü: Müsbət və mənfi təsirləri

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan D-8 ölkələrinin ümumi əhalisi təqribən 1,2 milyard, ümumi xarici ticarət həcmi isə 2,3 trilyon dollar təşkil edir ki, bu da dünya ticarətinin təxminən 5 faizinə bərabərdir. Türkiyə,  Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan bu təşkilatın üzvüdür.
 
 
Bu barədə Moderator.az-a danışan iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, D-8 təşkilatı 15 iyun 1997-ci ildə Türkiyədə yaradılıb:
 
“Bu təşkilatın yaranmasında başlıca məqsəd üzv ölkələrin iqtisadi, ticarət, investisiya, texnologiya sahələrində əməkdaşlığın artırılması, eyni zamanda qeyri- iqtisadi istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Lakin 1997-ci ildən bəri olan dinamika əslində bu təşkilatın qarşıya qoyduğu məqsədlərə o qədər də nail ola bilmədiyini deməyə əsas verir.
Təbii olaraq  bu təşkilatın səmərəli inkişafı üçün müxtəlif perspektivlər var. D-8 təşkilatının  kənd təsərrüfatı, enerji, eləcə də  digər qeyri- iqtisadi istiqamətlər üzrə əməkdaşlıq potensialları var. Sadəcə olaraq, bu prosesin koordinasiya məsələsi, ümumiyyətlə hüquqi bazası və digər tərəflərdən olan boşluqlar gözləntilərin tam reallaşmasına imkan vermir”.
 
İqtisadçı bildirib ki, Azərbaycanın beynəlxalq iqtisadi təşkilata üzvlüyü ölkənin qlobal iqtisadiyyatda iştirakını artıracaq və investisiya mühitini genişləndirəcək:
 
“Azərbaycan bu təşkilat vasitəsilə yeni bazarlara çıxış əldə edə bilər. Ölkənin ticarət dövriyyəsinə bu iqtisadi əməkdaşlıqdan qaynaqlanaraq müsbət təsirləri olacaqdır.  Lakin üzv ölkələrin iqtisadi potensialları və mövcud vəziyyətləri bir-birindən kəskin şəkildə fərqlənir. Bu səbəbdən, Azərbaycan belə bir təşkilat çərçivəsində ticarət öhdəlikləri götürdükdə, bu öhdəliklər ölkənin iqtisadi strategiyasına uyğun şəkildə tənzimlənməlidir. Əks halda, dünya ticarəti baxımından bəzi məhdudiyyətlərlə və ya mövcud qaydalara uyğunlaşmada çətinliklərlə üzləşmək mümkündür. Bununla yanaşı, diqqətin yalnız D-8 bazarlarına yönəlməsi, digər beynəlxalq bazarlarla əlaqələrin zəifləməsi və itirilməsi riskini yarada bilər ki, bu da ölkə iqtisadiyyatı üçün mənfi dinamika ilə nəticələnə bilər. Ümumiyyətlə, bir ölkənin bir neçə beynəlxalq təşkilatda üzv olması, riskləri düzgün idarə etdiyi təqdirdə, ölkə üçün müsbət nəticələr doğura bilər. Hər bir təşkilat özünə müxtəlif sahələrdə faydalı tərəflər gətirə bilər, bu da ölkənin iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafına imkan yaradır. Azərbaycanın D-8  təşkilatına üzv olması bu prosesin ölkə üçün həm müsbət, həm də mənfi tərəfləri olsa da, ümumilikdə müsbət təsirlərin daha üstün olacağı gözlənilir”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər