Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycanda nəqliyyat sektoru ölkənin sosial-iqtisadi inkişafının əsas sütunlarından biri hesab olunur. Bu sahədə həyata keçirilən islahatlar və yeniliklər son illərdə diqqət mərkəzindədir. Xüsusilə elektromobillər və hibrid avtomobillərin populyarlığının artması bu istiqamətdə yeni perspektivlər açır”.
Bunu Moderator.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, dünya üzrə məşhur olan elektromobil və hibrid avtomobil markaları artıq Azərbaycan bazarında da öz yerini tutmağa başlayır:
“Qlobal istiləşmə, enerji səmərəliliyi və ekologiya məsələlərinin aktuallığı bu avtomobillərin inkişafını zəruri edir. Ölkəmizdə də bu istiqamətdə güzəştli vergi paketləri, rüsum azalmaları kimi stimullaşdırıcı addımlar atılmaqdadır. Bu tədbirlər yalnız ekologiya üçün deyil, həm də müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan yollarında istifadə edilən avtomobillərin təxminən 70 faizdən çoxunun yaşı 10 ildən artıqdır. Bu, həm ekoloji, həm də təhlükəsizlik baxımından ciddi bir problemdir. Köhnə avtomobillərin tullantıları ətraf mühitə böyük zərər vurur və şəhər nəqliyyatında tıxacların əsas səbəblərindən biri hesab olunur. Bu vəziyyətə qarşı dövlət müxtəlif proqramlar həyata keçirir, müasir və daha təhlükəsiz nəqliyyat vasitələrinin əldə olunmasını stimullaşdırır”.
Nəqliyyat ekspert bildirib ki, Azərbaycanda nəqliyyat sektorunun modernləşdirilməsi ölkənin qlobal iqtisadi sistemdə daha yüksək mövqeyə sahib olmasına şərait yaradır:
“Elektriklə işləyən nəqliyyat vasitələrinin artımı, köhnə avtomobillərin müasir modellərlə əvəzlənməsi, həmçinin ekoloji problemlərin azaldılması istiqamətində tədbirlər ölkənin uzunmüddətli inkişaf strategiyasına müsbət təsir göstərir. Hər bir yenilik gələcəyə yönəlmiş uğurlu addımlardır. Ölkənin nəqliyyat sektoru qarşıdakı illərdə də müxtəlif stimullaşdırıcı proqramlarla daha da inkişaf edəcək”.
Mehin Mehmanqızı